Müəllimlər diaqnostik qiymətləndirmədə nəticələrini yüksəltməkdə maraqlıdırlar


Azərbaycan Texniki Universitetinin idman sarayının qarşısında yenə qələbəlikdir. May ayının 26-dan binanın qarşısı dolub-boşalır. Çünki iyunun 2-dək ölkədə müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçirilir. Bu məqsədlə qeydiyyatdan keçən 19 minə yaxın müəllim imtahan verir.

 

Artıq məlum olduğu kimi, 2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140 000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də, ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. Lakin builki imtahanlarda qeydiyyatdan keçən 19 min nəfərə qədər müəllim arasında indiyədək müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədən keçməyənlər də var. Ümumiyyətlə, indiyədək diaqnostik qiymətləndirmədən keçən və aşağı bal toplayan müəllimlər, direktorlar, direktor müavinləri, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, eyni zamanda, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu vəzifəsində çalışanlar, metodistlər, ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər də qiymətləndirmədə iştirak edir.

 

Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki...

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, əvvəllər az bal toplayan və yaxud topladığı balla qane olmayanlar bu il yenidən müraciət ediblər. Bu səbəbdən təkrar imtahan verənlər ilk dəfə iştirak edənlərdən daha çoxdur: “Əvvəllər iştirak edənlərin təkrar imtahan vermək istəməsi diaqnostik qiymətləndirmənin fəlsəfəsinə də uyğundur. Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki, müəllimlər daim öz nəticələrini yüksəltməkdə maraqlı olsunlar, daim öz üzərində çalışsınlar”.

 

Qeyd edək ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı nəzərə alınır. Müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi dərs yükünün rasional bölüşdürülməsinə xidmət edir. Yüksək nəticə göstərənlərin dərs yükü norması və əməkhaqqı, bununla da maddi rifahı yaxşılaşdırılır.

 

Müəllimlər imtahan verir

 

Binanın çölündə də, içərisində də gözləyirlər. Həyəcan da öz yerində. Hamının çöhrəsindən gərginliyi oxunur. Qapıdan içəri girən oturmaq, öncə nəfəsini dərmək istəyir. Həyəcanları boşuna deyil. İmtahan verəcəklər. Uşaq deyillər ki?! Niyə həyəcanlansınlar ki? Bəlkə də məhz ona görə həyəcanlanırlar.

 

İmtahan hər yaşda həyəcanvericidir. Hələ imtahan verənlərin müəllimlər olduğunu nəzərə alsaq, hər kəsdə müşahidə edilən imtahan gərginliyi ikiyə vurulmalıdır.

 

İmtahan nəzarətçiləri

 

Diaqnostik qiymətləndirmənin təşkilində Təhsil Nazirliyinin İnsan resursları şöbəsi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin əməkdaşlarından ibarət 13 nəfərlik komanda işləyir. İmtahana güclü nəzarət olduğu ilk andan müşahidə edilir. Necə deyərlər, həm havadan - kameralar vasitəsilə, həm də yerdə - “Bir” Tələbə-könüllü proqramının könüllüləri tərəfindən.

 

Hər zalda kameralar quraşdırılıb. Böyük zalda 12, kiçik zalda 5 kamera işləyir. 3 kamera isə qeydiyyat bölməsində baş verənləri yaddaşına yazır. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor müavini Fəxri Qurbanovun sözlərinə görə, kameraların qeydə aldıqları həm mərkəzi panelə ötürülür, həm də yaddaşda saxlanılır. Panelə ötürülən görüntülər sayəsində baş verənləri anındaca görmək mümkün olur.

 

“Bir” könüllüdən 100 könüllü

 

İmtahan prosesinə “Bir” Tələbə-Könüllü Proqramının 100 könüllüsü cəlb edilib. Budur, könüllülər toplaşıblar. Məşvərət keçirirlər. Düzgün nəzarət etmək üçün kimin nə edəcəyi planlaşdırılır. Hər sırada 4 könüllü hərəkət edir. Onlar sadəcə köçürülmə hallarına, imtahan verənlərin öz aralarında danışmağına mane olmaq üçün sıralarda gəzişmirlər. Lazım gələrsə, müəllimlərə kömək edirlər. Deyəsən, daha çox texniki dəstək üçün müəllimlər onlara üz tutur. İstənilən sorğuya həvəslə cavab verirlər. Çöhrəsində təbəssüm olan könüllülər həyəcan dolu heç bir sualı cavabsız buraxmırlar.

 

Direktor könüllülər

 

Ancaq nəzarətçi könüllülər arasında 2 nəfər də var. Onlar bir ailədir. Ruslan və Zərif cütlüyü öz istəyi ilə nəzarətçilər arasında yer alıb. Tələbə-könüllülərdən daha sərt görünən cütlüyün davranışındakı fərqliliyin səbəbi məlum olur. Onların hər ikisi direktordur. Ər-Ruslan Abbasov Ağdam rayon 65 nömrəli  tam orta məktəbin direktorudur: “2013-cü ildən məktəb direktoru işləyirəm. Ötən ildən təsdiq olunmuşam. Ailəliklə təhsil işçisi olduğumuz üçün Təhsil Nazirliyinin İnsan resursları şöbəsinə müraciət edərək, könüllü nəzarətçi olaraq prosesə qatıldıq. Direktor kimi imtahan verib 23 bal imtahandan, 15 bal isə essedən toplamışam. Şəffaf prosesin nəticəsindən yararlanmışam. Öz bacarığım sayəsində direktor təyin edilmişəm. Mənim üçün yaradılan bu şəraitə görə dövlətimin qarşısında özümə borc bilirəm ki, bir işin qulpundan yapışaq. Bu şəffaf layihəyə nəzarətçi kimi qatılmaqla köməyimiz dəyəcəyini düşündük”.

 

R.Abbasovun sözlərinə  görə, imtahanlarda elə bir şəffaf sistem qurulub ki, burada hər hansı neqativ amilin baş verməsi mümkün deyil: “Sistemin mükəmməlliyinin özüm imtahan verəndə də müşahidə etmişdim. İndi nəzarətçi olaraq proseslə daha yaxından tanış oldum”.

 

 

 

 

 

Ruslan müəllimin həyat yoldaşı Zərif Mehdiyeva Ağdam rayon 14 nömrəli Texniki fənlər təmayüllü məktəb-liseyin direktorudur: “İmtahan verib müsabiqədə 31 bal toplamışdım. 1 il əvvəl imtahan verdiyim bu zalda nəzarətçi olmaq da həyəcanlıdır. Birincidə, idarəetmədə öz bacarıqlarımı nümayiş etdirməyə çalışmağın həyəcanı idi. İndi isə obyektiv, şəffaf bir prosesin tətbiqində mənim də əməyim, iştirakım olacaq deyə həyəcanlanıram”.

 

 

 

 

 

 

İlk seans, ikinci cəhd, nəticəsi ilə barışmayanlar..

 

Müəllimlər diaqnostik qiymətləndirmədə 90 dəqiqə ərzində 60 test tapşırığına cavab verirlər. 40 test tapşırığı ixtisasa, 20 test tapşırığı isə metodika, təhsil strategiyaları və kurikuluma aiddir. İlk günün ilk seansı başa çatır. Müəllimlər zalı tərk edirlər. Nəticəsi ümidlərini doğruldan da var, doğrultmayan da.

 

Aydın Tağıyev Gədəbəy rayonu Qızılqaya kənd tam orta məktəbinin müəllimidir. Qarabağ müharibəsi döyüşçüsü, ikinci qrup əlildir.17 ildir ibtidai sinif müəllimi işləyir. İkinci dəfə diaqnostik qiymətləndirmədən keçir. Bu dəfə 45 bal toplayıb: “Birinci dəfə az toplamışdım. Kompüterim yox idi. Kompüter aldım, öz üzərimdə işlədim. Bacarmadıqlarımı öyrəndim, informasiya texnologiyalarını mənimsədim. Bu gün də gəlib bacardıqlarımı nümayiş etdirdim”. 

 

“Taleyüklü imtahan deyil”, - deyib keçməyin. Bu imtahanda həyəcan keçirən, gözləri dolan, hətta göz yaşlarını saxlaya bilməyənlər də var.

 

Budur, bütün könüllülər onun başına yığılıb. Hamısı onu sakitləşdirməyə çalışır. Cavablarının hamısının qeydə alınmadığından narahatdır. Vaxtı bitib və 49 bal toplayıb. Bu bal onu qane etmir: “Hamı məndən 60 bal gözləyir. Necə ola bilər axı?”.

 

 

Rüxsarə Mirzəyeva Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə müəllim işləyir. Özünü yoxlamağa, daha doğrusu, təsdiq etməyə gəlib. Diaqnostik qiymətləndirmədə 60 bal toplayacağına şübhə etmirmiş: “Bu nəticə ilə heç barışmıram. Vaxtım bitdi”.

 

Bəli, vaxt bitdi.

 

 

 

 

Müəllimlərə ayrılan 90 dəqiqə tamam oldu. Bəziləri “bitdi” düyməsini özü basdı, Rüxsarə xanım kimi bəzilərinə də vaxtın bitdiyini sistem xəbər verdi. Hamı hazırlaşıb çıxsa da, Rüxsarə müəllim narahatdır. Könüllüyə yaxınlaşıb, “Ən yüksək bal toplayan neçə oldu?”, - deyə soruşur. Diaqnostik qiymətləndirmədə bu seansda ən yüksək 53 bal qeydə alındı. Bunu eşidən Rüxsarə xanımın əhvalı yenidən pozuldu.

 

 

 

 

 

Könüllü Nurbala Əliyev müəllimə görə narahat olub: “Zorla sakitləşdirmişdik. Məndən də soruşmuşdu. Demişdim ki, 49-dan yuxarı toplayan olmayıb. 53 bal toplayanın olduğunu eşidib yenidən ağlayacaq”.

 

 

 

 

 

 

Rüxsarə xanım tək deyil. Onun kimi gözləri dolub çıxan çoxdur. Bəlkə istədiyi yerdəyişməyə nail ola bilməyəcək, bəlkə də çox ehtiyacı olsa da, dərs saatlarını artıra bilməyəcək. Bu səbəblərin heç biri olmaya, Rüxsarə xanım kimi, sadəcə, özünü təsdiq edə bilmədiyinə təəssüflənə də bilərlər. Bir sözlə, hər göz yaşlının ayrı səbəbi var. Ancaq burada həlledici olan ballardır.

 

Ballar isə fərqlidir. Bu seansda olmasa da, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsində 60 bal toplayan oldu. Riyaziyyat müəllimi Vəfa Babayeva, ingilis dili müəllimləri Leyla Paşayeva və Mədinə Qasımova, kimya müəllimi Ziyafət Məmmədov hamıdan fərqləndilər.

 

 

Budur ikinci seans başlayır. Müəllimlər içəri daxil olur, qeydiyyatdan keçir, sonra zallara yönləndirilir. Zamin Əlirzayev axına qarışıb imtahan zalına keçir. Onun da burada olma səbəbi ilə maraqlanırıq. Yerdəyişmə istəyir. Lerik rayon Çayrut kəndində 15 ildir müəllim işləyir. İkinci dəfədir ki, diaqnostik qiymətləndirmədə iştirak edir. İlk dəfə 30 bal toplayıb. Bu dəfə hədəfi 45 baldır: “Kəndimizdəki digər məktəbə yerimi dəyişmək istəyirəm. Hazırda çalışdığım məktəbdə şagirdlərin sayı azdır. Bu da maaşımın az olmasına səbəb olur. Həm də digər məktəb yaşadığım yerə yaxındır. Hər gün Yuxarı Çayrutdan Aşağı Çayruta gedirəm”.

 

 

 

Müəllimlərə tibbi yardım

 

Tibbi briqada da burdadır. İmtahan həyəcanı səhhətinə təsir edən müəllimlərə ilk yardım göstərmək üçün dəvət ediliblər. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovun sözlərinə görə, müəllimlərin işə qəbulu imtahanlarında olduğu kimi, diaqnostik qiymətləndirilməsi məqsədilə həyata keçirilən imtahanlarda da tibbi briqada dəvət edilib. Bunun üçün Səhiyyə Nazirliyinə müraciət edilib. İmtahan prosesində və ya gözləmə zamanı hər hansı ehtiyac yaranarsa, müəllimlərə tibbi yardım göstərilir. Tibbi personalın verdiyi məlumata görə, hələlik ciddi problem yaranmayıb: “Arterial təzyiqin ölçülməsi üçün müraciət çox olur. Başqa hər hansı ciddi narahatlıq qeydə alınmayıb”. 

 

Ruhiyyə DAŞSALAHLI