Sentyabrın 28-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.

 

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçməlidirlər. Elektron sənəd qəbulu 2 oktyabr saat 23:59-da başa çatacaq.

 

Namizədlər qeydiyyat zamanı şəxsi səhifə yaradaraq elektron ərizələrinə müvafiq məlumatları daxil edib, tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər. Namizədlər təhsil haqqında sənəd (diplom və ona əlavə) və əmək kitabçasını elektron ərizədə müvafiq xanalara yükləyərkən əmək kitabçası və təhsil haqqında sənədin yazılı qeydlər olan bütün səhifələrinin skan edilərək ayrı-ayrılıqda vahid fayl formatında olmasını nəzərə almalıdırlar.

 

İmtahan mərhələsində iştirak zamanı yaşadıqları şəhər və ya rayona ən yaxın imtahan mərkəzinə yönəldiləcəkləri üçün namizədlər elektron qeydiyyatdan keçərkən “faktiki yaşadığı rayon/şəhər” xanasında hazırkı yaşayış yerini qeyd etməlidirlər.

 

Müsabiqənin test imtahanı mərhələsi ənənəvi olaraq Bakı şəhərində deyil, ölkənin müxtəlif şəhər və rayonlarında yaradılan imtahan mərkəzlərində karantin rejiminin müvafiq tələblərinə əməl edilməklə təşkil ediləcək. Hər bir imtahan mərkəzində imtahanların təşkilinə cəlb olunan bütün əməkdaşlar COVID 19 testindən keçiriləcək. İmtahan mərkəzlərinin hazırda qüvvədə olan sanitar-epidemioloji tələblərə uyğun olaraq dezinfeksiya edilməsi təmin olunacaq.

 

Qeyd edək ki, müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

 

Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə dair videotəlimat