Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qrossun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Ali məktəbdən bildirilib ki, görüşdə BDU-nın rektoru Elçin Babayev, beynəlxalq əlaqələr üzrə prorektor Şahin Pənahov, rektorun strateji inkişaf və əlaqələr üzrə müşaviri Əli Nağıyev, hüquq fakültəsinin dekanı Əmir Əliyev, Fransanın Azərbaycandakı səfiri Zakari Qross, Fransız İnstitutunun (İFA) direktoru Jerom Kel, universitetlərarası əməkdaşlıq üzrə attaşe Klemans Felipo iştirak ediblər.
E.Babayev hər iki ölkə arasında əməkdaşlığın vacibliyindən danışıb və universitetin tarixi, maddi-texniki bazası, professor-müəllim heyəti, tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib. BDU-nun yenilənən beynəlxalq əlaqələrindən bəhs edən rektor universitetdəki mərkəzlərin fəaliyyətinə diqqət çəkib, ali məktəbin elmi-tədqiqat mərkəzinə çevrilməsi istiqamətində görülən işlərdən bəhs edib.
Tədbirdə BDU ilə Fransız İnstitutu arasında tarix, arxeologiya sahəsində əməkdaşlığın genişləndirilməsi və ikili diplom proqramının həyata keçirilməsi barədə danışıqlar aparılıb. 2020/2021-ci tədris ilində BDU ilə Fransanın Lyon 2 Universitetinin hüquq fakültələrinin Əqli mülkiyyət hüququ ixtisası üçün ikili magistr diplomu proqramı üzrə müqavilə imzalanacağı haqqında qərar qəbul edilib.
Fransız İnstitutunun direktoru Jerom Kel rəhbərlik etdiyi təhsil ocağı ilə BDU arasında əlaqələrin qurulmasının vacibliyini qeyd edib, fransız dilinin tədrisinə dəstək verəcəklərini bildirib. Bu istiqamətdə yeni tədris ilindən başlayaraq Fransız İnstitutu BDU-nun hüquq fakültəsi ilə birlikdə ikili magistr diplomu proqramına qoşulacaq. Hüquq fakültəsinin on nəfər tələbəsi üçün fransız dili dərslərinin təşkili planlaşdırılıb.
Görüş birgə tədqiqatların aparılması və Fransa universitetləri ilə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, digər fakültələrdə, ixtisaslarda birgə mübadilə və ikili diplom proqramlarının həyata keçirilməsi məsələləri, Azərbaycanda Frankofoniya fransız dili və mədəniyyəti mərkəzi ilə birlikdə görülə biləcək işlər barəsində müzakirələr aparılıb.