Prioritet səriştə əsaslı, rəqabətqabiliyyətli kadrlar hazırlanmasıdır


“Bu gün ölkəmiz elə sürətlə inkişaf edir ki, kadr hazırlığı ölkənin sənaye, iqtisadi inkişafına uyğun inkişaf edə bilmir... Odur ki, peşə məktəblərinin gələcək inkişafı daim diqqət mərkəzində olmalıdır”. Möhtərəm Prezidentimiz İlham Əliyevin iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söylədiyi bu fikirlər ölkənin peşə təhsili ictimaiyyəti üçün proqram sənədi olmuşdur. Peşə təhsili müəssisələri yeni tədris ilinə bu konseptual məqsəddən doğan böyük ruh yüksəkliyi ilə başlamışlar.

 

Yarım əsrə yaxın zəngin təhsil ənənələri olan, regionun əmək bazarında xüsusi yerə malik Qəbələ peşə təhsili müəssisəsi respublikada son 3 ildə yaradılmış 10 Dövlət Peşə Təhsil Mərkəzindən biri olmaq statusuna yüksəlmişdir.

 

Əlbəttə, hər bir  təhsil subyektinin gücü onun maddi-texniki bazasının zənginliyi, kadr potensialının yüksək  peşəkar tərkibdə olması ilə şərtlənir. Bu cəhətdən biz dövlət qayğısı ilə əhatə olunmuşuq.

 

İndi Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi az qala qabaqcıl xarici ölkələrin təhsil müəssisələri ilə müqayisə olunacaq kampusu - Təhsil Şəhərciyini xatırladır. Yüksək keyfiyyətli təhsil verilməsi üçün müxtəlif peşə istiqamətləri üzrə dövlət təhsil standartlarının bütün tələblərinə cavab verən zəngin infrastrukturumuzu bu ali dövlət qayğısının təzahürü hesab edirik. İkimərtəbəli və üçmərtəbəli tədris korpusları, tədris-istehsalat sahəsi, zəngin təlim-texniki vasitələrlə təmin olunmuş ümumi sayı 150-yə çatan auditoriyalar, fənn kabinetləri, laboratoriya və tədris emalatxanaları, konfrans zalı, kitabxana, iki böyük qazanxana, 80 yerlik yataqxana, tələbə və müəllim yeməkxanası, kompüter-informasiya mərkəzi, habelə, təlim məqsədləri üçün alınmış ağır  və kiçik qabaritli kənd təsərrüfatı texnikaları, dəzgahlar, aparatlar, qaynaq qurğuları, iaşə avadanlıqları tələbə və mühəndis-pedaqoji heyətimizin ixtiyarındadır.

 

Tədris ilinə müvəffəqiyyətlə başlamışıq. Cari tədris ilində Mərkəzə tələbə qəbulu, demək olar ki, iki dəfə artırılmışdır. 21 ixtisas üzrə planlaşdırılan 740 nəfər tələbə qəbulu proqnozu 80 faizədək yerinə yetirilmiş, 500 nəfər tələbə sıralarına qəbul edilmiş və dərslərə başlamışlar. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkənin tədris müəssisələrində tədrisin təşkili ilə bağlı qarşıya  qoyduğu vəzifələrə müntəzəm əməl edirik. Belə ki, hazırda kütləvi dezinfeksiya tədbirləri başa çatdırılmış, qruplarda tələbə sıxlığı göstəriciləri tənzimlənmiş, təhsilalanlara və təhsilverənlərə tibbi-profilaktik qaydalar izah olunmuş, auditoriyalarda ara məsafələri nizamlanmışdır. Dərs cədvəlləri vəziyyətə uyğun olaraq gündəlik və növbəli əsaslarla tərtib edilmiş, digər zəruri tədbirlər görülmüşdür.

 

Ötən dərs  ilimiz bir sıra diqqətəlayiq nəticələrlə əlamətdar olmuşdur. Biz Almaniya və Koreya təcrübəsini fəaliyyətimizə gətirmək istəyirik. Bu, dual (ikili) təhsil proqramı deməkdir. İndi Avropa ölkələrində peşə təhsilinin 40 faizi nəzəri təlimlərə, 60 faizi qazanılmış biliklərin istehsalatda mənimsənilməsinə həsr olunur. Sınaqlar bu tənasübün əmək bazarı üçün olduqca müvəffəqiyyətli olduğunu sübut edir. Artıq Mərkəzimizdə belə bir texniki əməkdaşlığa başlanılmışdır. Almaniya ilə tərəfdaşlıq çərçivəsində ölkəmizdə seçilmiş 3 pilot rayondan biri bizik. Qarşıdakı illərdə bütün yaradıcılıq gücümüzü və texniki imkanlarımızı dual (ikili) peşə təhsili və təlimi üzrə regionda avanqard rola sahib olmağa fokuslamışıq.

 

Bizim üçün prioritet səriştə əsaslı, rəqabətqabiliyyətli kadrlar hazırlanması, onların əmək bazarında real yerinin müəyyən olunmasıdır. Bu məqsədlə ötən ilin axırlarında “Karyera Mərkəzi”  yaratmışıq. Məzunlarımız, onların məşğulluq imkanları, işəgötürənlərlə sıx əməkdaşlıq qurulmuşdur. İxtisaslı fəhlə kadrlarından tutmuş hər bir məzunumuzun bacarıqlı istehsalat komandirləri səviyyəsinədək uzanan məzmunlu həyat yolunu izləmək, karyera inkişafında vəsilə olmaq bu Mərkəzin əsas devizidir.

 

Fəaliyyətimizin digər ana xəttini dövlət - özəl partnyorluğu təşkil edir. Yerli istehsal nümunəli brend məhsulları ilə tanınan Qəbələ “ASPİ Aqro“ Üzümçülük Məhdud  Məsuliyyətli Cəmiyyəti, “Gilan Holdinq Dairy“ İstehsal Müəssisəsi, “Oafqaz“ Otellər Şəbəkəsi tələbələrimizin uğurlu təcrübəsinin və gələcək daimi məşğulluğunun ünvanına çevrilmişdir. Məzunlarımız burada böyük həvəslə çalışmaqdadırlar.

 

Bu məqsədlə həm də Qəbələdə fəaliyyət göstərən sahibkarların və işəgötürənlərin geniş dairəsini əhatə edən “Koordinasiya Şurası“da yaratmışıq. Onların tələb və təklifləri, təhsil və kadr hazırlığı prosesində iştirakı, istehsalat təcrübələrinə, habelə məzunların attestasiyasına bilavasitə cəlb olunmaları vəhdət halında Təhsil Mərkəzimizin uğurlarını artırmaqdadır.

 

Biz tələbələri təkcə kamil peşə sahibləri kimi görmürük, onların həm də şəxsiyyətyönlü, biznes təfəkkürlü, yaradıcı, novator yetişdirilməsini başlıca prioritet sayırıq. Mərkəzdə yaradılmış “Biznes inkubatoru” məhz bu niyyətimizi əks etdirir. Bu, “qara qızılı insan kapitalına çevirək” - deyən dövlət başçımızın qeyri-neft sektorunun inkişafına bu yolla dəstək vermək məramımızdan irəli gəlmişdir.

 

Biz gələcəyə böyük inamla baxırıq. Bu əzmi bizdə ölkə rəhbərliyi, Təhsil Nazirliyinin yeni proqram sənədləri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni islahatlara start verməsi ikiqat artırmışdır. Həmin dəstək və qayğıdan ruhlanaraq Mərkəzimizin inkişafı üçün Layihə - konsepsiya hazırlayırıq. Məqsəd belədir: Mərkəzin simasında ölkədə və regionda öz seqmentində lider mövqeyinə sahib, modern peşə məktəbinin (MPM) nümunəsini yaratmaq. Demək olar ki, bütövlükdə dövlət - biznes əməkdaşlığına əsaslanan bu layihə öz proqram müddəalarını  “Azərbaycan Respublikasında Peşə Təhsili və Təliminin İnkişafı üzrə Strateji Yol Xəritəsi”ndən götürmüşdür.

 

Layihə üzrə proqnozlaşdırılan gözləntilərimiz yerli turizmin inkişafına  töhfələr, iş yerlərində istehsalat təcrübələrinin təşkili, məzunların gələcək real məşğulluq imkanlarının təmin olunmasıdır.  Layihənin ölçülə bilən meyarları qismində regionda peşə cəlbediciliyinin hazırkı 600-700 nəfərdən 1000 nəfərədək yüksələcəyini, peşə təhsilinin yerli əmək bazarı üçün spesifik olan turizm və aqrar sektorlar üzrə ixtisaslaşacağını, habelə Mərkəzin stabil gəlirlər indeksinin formalaşacağı təqdirdə kollektivin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılacağını düşünürük. Nəticə indikatorlarının isə işəgötürənlərin peşə təhsilinə və təliminə tam inteqrasiya olunmasında, bir sözlə, peşə təhsilində bütün parametrlər üzrə keyfiyyət dəyişikliyində MPM-in  lokomotiv rola sahib olmasında əks olunacağında görürük.

 

Konsepsiya - layihənin reallaşacağı təqdirdə Təhsil Mərkəzinin dövlətdən asılılığı minimuma endirilməklə günün çağırışlarına cavab verə bilən modern bir məktəbin nümunə modeli yaradılmış olacaqdır. 

 

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi 2020-2021-ci tədris ilinə belə bir zəngin proqramla gəlmişdir. Ümidvarıq ki, qarşıdakı illərdə ölkənin sənaye və iqtisadi inkişafına layiqli töhfələr verə biləcəyik.

 

Namik MURADOV,

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru