226 ümumtəhsil müəssisəsində fəaliyyət göstərən layihə 400 minə yaxın şagirdi əhatə edir
Məktəblinin dostu pandemiya dövründə də onların yanındadır. Hətta mövcud epidemioloji şəraitdə məktəbdə onlara ehtiyac daha böyükdür desək, yanılmarıq. Layihənin PR meneceri Nərgiz Kərimovanın sözlərinə görə, “Məktəblinin dostu” layihəsi çərçivəsində məktəblərdə xüsusi iş aparılır: “Bildiyiniz kimi, layihə ilkin olaraq şagird sayı çox olan məktəblərə şamil edilib. Belə ki, Bakı, Abşeron və Sumqayıt üzrə sıxlığı yüksək olan məktəblərdə COVID-19 ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün “Məktəblinin dostu” və “Bir” Tələbə-Könüllü layihələri üzrə dəstək komandaları yaradılıb. Bu məqsədlə ümumilikdə 300 məktəblinin dostu və 700 könüllü işə cəlb olunub. 226 ümumtəhsil müəssisəsində - Bakı şəhəri üzrə 186, Sumqayıt şəhərindəki 20, Abşeron rayonundakı 20 məktəbdə fəaliyyət göstərən komandalar sıxlığın tənzimlənməsi məqsədi ilə məktəbə giriş və çıxışa, məsələn-alternativ giriş qapılarından düzgün istifadə edilməsinə xüsusi nəzarət edir”.
Beləliklə, yenə məktəb qapısından girən hər kəsin ilk gördüyü məhz məktəblinin dostları olacaq. Məktəblinin dostları şagirdlərin, məktəb kollektivinin, ümumiyyətlə, məktəbə daxil olan hər kəsin temperaturunun ölçülməsində, dezinfeksiyaedici vasitələrdən istifadədə məktəb heyətinə dəstək olur: “Temperaturu 37.1° C dərəcədən yüksək olan şəxslər məktəb binası xaricində gözlədilir. 5 dəqiqədən sonra yenidən hərarəti yoxlanılır. Hərarəti yuxarı olanların xüsusi jurnalda qeydiyyatı aparılır. Hərarəti enməyən təhsilalanlar haqqında məktəb rəhbərliyinə məlumat verilir, valideyni gələnə qədər xüsusi izolyasiya otağında saxlanılmasına nəzarət edilir”.
Məktəblinin dostunun işi bununla da bitmir. Onlar COVID-19 simptomları olan şəxslərin, onlarla təmasda olanların müəyyənləşdirilməsinə kömək edir. Sözügedən infeksiyadan qorunmaq üsulları ilə bağlı olaraq maarifləndirmə işinin aparılmasına dəstək olurlar.
Xatırladaq ki, təhsil sistemində özünü təsdiq edən və icrasına başlanıldıqdan dərhal sonra böyük əks-səda yaradan layihələrdən olan “Məktəblinin dostu” layihəsi ümumilikdə 400 minə yaxın şagirdi əhatə edir. 2016-cı ilin dekabrından fəaliyyət göstərən layihənin məqsədi müəllim və şagirdlər üçün daha təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır. Bununla yanaşı, “Məktəblinin dostu” seçilmiş şəxslər hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.
Ruhiyyə DAŞSALAHLI