Laureatların şərəfinə ziyafət verilməyəcək


Nobel Mükafatları Fondu  koronavirus pandemiyası səbəbindən bu il tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının şərəfinə ziyafətin ləğv edilməsi barədə qərarını açıqlayıb.  

 

İsveç Nobel İnstitutunun rəhbəri Olav Nelstad Norveç Teleradio Şirkətinin yayımında bildirib ki,  2020-ci ilin laureatlarının mükafatlandırılma mərasimi Oslo Meriyasının minlərlə qonağın qəbuluna hesablanmış əsas zalında deyil, yüz nəfərin yerləşə biləcəyi Oslo Universitetinin əsas auditoriyasında keçiriləcək.

 

O. Nelstadın sözlərinə görə, laureatın (və ya laureatların) şəxsən mükafat almaq üçün Osloya gələ biləcəyi də hələ aydın deyil. Mərasimlər İsveç və Norveç televiziyalarında, eləcə də Nobel mükafatının YouTube-da rəsmi kanalında yayımlanacaq.

 

Oktyabrın 5-12 tarixlərində laureatların adları elan ediləcək, onlara medallar və diplomlar isə ölkələrinin səfirlikləri  və ya işlədikləri universitetlər, elmi mərkəzlər vasitəsilə çatdırılacaq.  Təqdimat mərasiminin əvəzinə laureatlar ilə telekörpü keçiriləcək, onlar öz doğma ölkələrində,  Nobel Fondunun qeyd etdiyi  kimi, "bütün təhlükəsizlik tədbirlərinə əməl olunmaqla" mükafat alacaqlar.     

 

Bundan başqa,  Nobel Sülh Mükafatının təqdim olunması da Osloda azsayda iştirakçının iştirakı ilə keçiriləcək.  Məhdud sayda qonaq Oslo Universitetinin auditoriyasındakı mərasimə qatıla biləcək.   
İsveç mətbuatı Nobel Fondunun direktoru Lars Haykenstenin builki təqdimat barədə fikirlərini yayıb:

 

"Nobel həftəsi elm, ədəbiyyat və sülh səylərinin bayramıdır. Bu il laureatların bizi ruhlandıran və gələcəyə ümid verən nailiyyətlərini qeyd etmək xüsusilə vacibdir. Nobel həftəsi davam edən pandemiyaya görə hər zamanki kimi keçməyəcək. Bu, çox xüsusi bir ildir, hər kəs yeni vəziyyətə tamamilə uyğunlaşmalıdır,  ancaq biz laureatlara, onların kəşflərinə və töhfələrinə hörmətlə yanaşacağıq".

 

Qeyd edək ki, laureatlara mükafatın şəxsən təqdim olunması ilk dəfə 1944-cü ildə İkinci Dünya müharibəsi zamanı ləğv edilib.  
Mükafatların təqdimetmə mərasimi hər il dekabrın 10-da Stokholmda - onun təsisçisi Alfred Nobelin doğum günündə keçirilir. Adətən laureatlar İsveç kralının əlindən mükafat alırlar. Həmçinin onlara pul mükafatı verilir. 

 

Ötən il mükafat fondu hər nominasiya üzrə 9 milyon İsveç kronu (913 min dollar) təşkil edib.
 

Oruc MUSTAFAYEV