Peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan komissiya apellyasiya müraciətlərinə baxılması üçün 23-25 sentyabr tarixlərində fəaliyyət göstərəcək. 

 

Apellyasiyada ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə daha əvvəl müraciət etməyən şəxslər iştirak edə bilərlər. Daha əvvəl hər hansı peşə təhsili müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə iştirak edə bilməzlər. 

 

Apellyasiyada iştirak üçün vətəndaş şəxsi kabinetinə daxil olmalı, “Apellyasiyaya müraciət et" bölməsində görüş üçün vaxt götürməlidir. Görüş üçün vaxt yalnız 23-25 sentyabr tarixlərində seçilə bilər. Nəzərə alınmalıdır ki, görüş vaxtı yarımsaatlıq intervalla bölünüb və hər bir intervalda say limiti qoyulub. Limit dolduqdan sonra həmin yeri seçmək mümkün deyil. Vətəndaş vaxt seçdikdən sonra onun apellyasiya müraciəti təsdiqlənmiş hesab edilir və qeyd etdiyi vaxtda onunla onlayn görüş təşkil olunur. Müraciət edən şəxs mütləq şəkildə onunla təyin edilən görüş vaxtı şəxsi kabinetinə daxil olmalı, orada göstərilən görüş linkinə keçid etməlidir. Qeyd edilən intervalda görüş linkinə daxil olmayan şəxslərin müraciəti “apellyasiyada iştirak etmədi” kimi nəzərə alınacaq və onlara yenidən müraciət etmələri üçün əlavə şərait yaradılmayacaq.

 

Müraciətçilərin mütləq şəkildə əməl etməli olduqları qaydalar var. Belə ki, ilkin olaraq şəxsi kabinetdən görüş tarixi seçilməlidir, seçilən görüş intervalında vətəndaş kompüter qarşısında olmalı və şəxsi kabinetindəki görüş linkinə daxil olmalıdır, görüşdə müraciətçi şəxsən iştirak etməlidir, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd və attestatın əsli yanında olmalıdır. Görüşdə vətəndaşın müraciəti dinləniləcək və müvafiq dəstək göstəriləcək, müraciət üçün Agentliyə yaxınlaşmağa ehtiyac yoxdur.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili  müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust, boş qalmış yerlər üzrə II mərhələsi isə 4-14 sentyabr tarixlərində elektron qaydada həyata  keçirilib. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014, ümumilikdə isə 14 950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.