2020-2021-ci tədris ilindən bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. 

 

Təhsil İnstitutu tərəfindən hazırlanmış yeni dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif  “Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. 

 

Digər dərsliklərdən fərqli olaraq, bu dərsliklərin dəstinə dərslik, müəllim üçün vəsait və iş dəftərindən əlavə olaraq valideynlər üçün tövsiyələr də daxil edilib.  Bu dərsliklərin daha bir fərqli cəhəti onların 2 hissəli, yəni hər hissəsi tədris ilinin bir yarımilini əhatə etməklə tərtib edilməsidir. Bu formatda tərtibat həm də şagird çantasının ağırlığının xeyli yüngülləşməsinə səbəb olur. 

 

Cari tədris ilində kütləvi istifadəyə  verilən yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də yer alır. Dərslik təhsilalanların dinləyib-anlama vərdişlərinin inkişaf etdirilməsi məqsədilə dil daşıyıcıları tərəfindən səsləndirilən müvafiq audio-fayllarla müşayiət edilir. “Happy Campers” dərsliyi ölkəmizin “Xarici dil” fənni üzrə təhsil proqramına (kurikulumuna) uyğunlaşdırılıb və digər dərsliklər kimi ölkə üzrə seçilmiş pilot məktəblərdə sınaqdan keçirilib.

 

Qeyd edək ki, sözügedən yeni dərsliklərin hazırlanmasında dünya ölkələrinin kurikulumları araşdırılıb, beynəlxalq qiymətləndirmə tədqiqatları öyrənilib.