Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində görülən işlərlə bağlı tədbir keçirilib.
Tədbirdə “Cisco” şirkətinin ərazi biznes meneceri Fərid Zeynalov, Mərkəzin direktoru Rəşad Xanlarov və Mərkəzin mühəndis-pedaqoji heyəti iştirak edib.
Tədbir zamanı “Cisco” şirkəti tərəfindən təşkil olunan distant təlimlərdə iştirak etmiş metodist-təlimçi heyətinə sertifikatlar təqdim olunub. Bildirilib ki, “Cisco” şirkətinin beynəlxalq sertifikatlı mütəxəssisləri tərəfindən həyata keçirilmiş təlimlərdə Mərkəzin metodist-təlimçiləri öz bacarıqlarını təkmilləşdirib, müxtəlif virtual və real alətləri tətbiq etmək imkanı qazanıblar.
Tədbirdə həmçinin “Cisco” şirkəti və Mərkəz arasında qurulan əməkdaşlığın uğurlu nəticələri haqqında danışılıb.
Daha sonra informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda bu sahəyə marağı olan şəxslər üçün Mərkəzdə yaradılan imkanlar haqqında məlumat verilib.
Hər iki tərəf arasında əməkdaşlıq çərçivəsinin daha da genişləndirilməsi ilə bağlı gələcək hədəflər müzakirə edilib. “Cisco Şəbəkə Akademiyası”nın yeni məhsullarının təlimi, kurrikulum inteqrasiyası, şirkətin dəstəyi ilə yaradılmış “Cisco” akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları, proqramlaşdırma, şəbəkə texnologiyaları, inkişaf proqramı (DevNet), əşyaların interneti (IoT) və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının keçirilməsinin qarşıda duran hədəflərdən olduğu qeyd edilib.