“Virtual məktəb”də şagirdlərin və müəllimlərin qeydiyyatı yeni tədris ilində aktivləşir.
Platformada daha əvvəl qeydiyyatdan keçməmiş şagird və müəllimlər virtual.edu.az saytına daxil olub, FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat prosesi ilə bağlı ətraflı təlimatla buradan tanış olmaq mümkündür (rb.gy/j6raxf).
Qeydiyyatı ötən tədris ilində tamamlamış şəxslər istifadəçi adı və sistem tərəfindən verilmiş şifrələrlə “Virtual məktəb”ə daxil ola bilərlər. İstifadəçi adı qeydiyyat zamanı verilən 7 rəqəm və @student.edu.az birləşməsindən ibarətdir. Şifrə və istifadəçi adını unutmuş şəxslər "Qeydiyyat" bölməsindən şifrə bərpası edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür (rb.gy/mq4jyb).
Cari tədris ilindən etibarən məktəb rəhbərləri tərəfindən “Virtual məktəb”dəki siniflərin formalaşması funksionalı əlavə olunub. Belə ki, hazırda məktəb direktorları və direktor müavinləri sistemə daxil olaraq, profillərində rəhbərlik etdikləri məktəblərin siniflərini və müəllimlərini əlaqələndirərək, idarə edə bilərlər. Müəllimlər təyin olunduqları sinifləri aktivləşdirərək, şagirdlərinə “Virtual məktəb”in yeni tədris ilindəki siniflərinə çıxışı təmin edəcəklər.
Qeyd olunan proses tamamlanana qədər, şagirdlər və müəllimlər Ümumi (General) qruplarda və arxivləşdirilmiş 2019-2020 tədris ilinin qruplarında tədris prosesini təşkil edə bilərlər.
Məktəblərdə siniflərin komplekləşməsi prosesinin 30 sentyabr tarixində bitəcəyini nəzərə alaraq, yeni tədris ili üzrə siniflərin formalaşması oktyabr ayında tamamilə yekunlaşacaq.
Cari tədris ilində məktəbəhazırlıq qrupları və 1-ci sinif üzrə qeydiyyat həmin siniflər üzrə qəbul prosesinin tamamlanması ilə əlaqədar olaraq, oktyabr ayında mümkün olacaq.
Məktəb rəhbərləri və müəllimlər ətraflı təlimatla buradan tanış ola bilərlər (rb.gy/0kjnak).
Təhsilalanlar Ümumi (General) qruplar vasitəsilə, teledərslər, elektron dərsliklər, müvafiq tapşırıqlar və əlavə tədris resursları ilə tanış ola biləcəklər. Bununla yanaşı, “Virtual məktəb”in müəllimləri üçün Təhsil Nazirliyi tərəfindən platformadan istifadə ilə bağlı ödənişsiz onlayn təlimlər davam etməkdədir. Təlimlərə qoşulmaq üçün buradakı sorğunun tamamlanması kifayətdir (rb.gy/de2fy7).
Cari tədris ilində “Virtual məktəb”in texniki dəstək xidmətindən bəhrələnmək üçün vətəndaşlar müraciətlərini elektron poçt vasitəsilə teams@tsii.edu.az ünvanına göndərə, virtual.edu.az vasitəsi ilə “Virtual Bələdçi”nin tez-tez verilən suallar xidmətindən istifadə edə, sosial media vasitəsilə “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə yaza, yaxud da "Qaynar xətt” vasitəsilə 146-4 nömrəsinə zəng edərək, suallarını ünvanlaya bilərlər. Qaynar xətt xidməti I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərəcək.