Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreyanın İnha Universiteti arasında 2020/2021-ci tədris ilindən bakalavr pilləsi üzrə başlanan ikili diplom proqramında boş qalan yerlərə əlavə qəbul üçün müsabiqə elan olunub.
BMU-dan bildirilib ki, iki universitet arasında imzalanan müqaviləyə uyğun olaraq İnşaat mühəndisliyi, İnformasiya texnologiyaları, Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə ikili diplom proqramı həyata keçirilir. Artıq İnformasiya texnologiyaları ixtisası üzrə qəbul planı dolduğundan müsabiqə 3 ixtisasda - Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi və İnşaat mühəndisliyi ixtisasları üzrə bir sıra yeniliklərlə davam etdiriləcək. Belə ki, müsabiqəyə qatılmaq istəyən şəxslərin sənədləri aşağıdakı tələblərdən birinə uyğun gələrsə cari proqrama müraciət edə bilərlər:
- 2018/2019 və 2019/2020-ci illərdə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarında iştirak etmiş, minimum 400 bal toplamış namizədlər;
- DİM imtahanında iştirak etməmiş, lakin SAT nəticələri 65%-dən (1,040 xaldan) yuxarı olan namizədlər;
- Təhsilinin ilk ilini xaricdə nüfuzlu universitetlərdə almış, lakin pandemiya səbəbindən təhsilini 2020/2021-ci tədris ilindən etibarən Azərbaycanda davam etdirmək istəyən namizədlər.
İkili diplom proqramına əlavə qəbul üçün müraciətlər 13 sentyabr 2020-ci tarixində başlayıb və 20 sentyabr 2020-ci il tarixinədək davam edəcək.
Ərizələr və sənədlər onlayn formada https://forms.gle/THJNoVXrQD9KmLoc6 linki vasitəsilə qəbul edilir.
İkili diplom proqramı ilə əlaqədar yaranan sualları ddp@beu.edu.az e-mail ünvanına, həmçinin “International Relations and Projects Management Department of BEU” (https://www.facebook.com/iro.beu.edu.az) feysbuk səhifəsinə yazaraq və ya (+994 12) 349-99-66/67 (daxili: 2423) zəng vuraraq əldə etmək olar.
Qeyd edək ki, yaxın günlərdə sənəd qəbulu və onlayn daxili imtahan müsabiqəsinin keçirilmə tarixləri və saatları barədə məlumat veriləcək.