Ölkəmizdə il ərzində 871 elmi publikasiya nəşr edilib


Təhsil Nazirliyi ilə dünyanın ən böyük elektron elmi-analitik informasiya bazası olan “Clarivate Analytics” şirkəti arasında əməkdaşlığın nəticələrinə əsasən son illərdə Azərbaycan Respublikasında elm və təhsil müəssisələrinin dünyanın aparıcı elmimetrik bazası olan Web of Science-ə çıxışı, yerli alim və tədqiqatçıların əzmi və zəhməti nəticəsində elmi məhsuldarlıq nəzərəçarpacaq dərəcədə artıb və elmi tədqiqat işlərinin effektivliyi xeyli yüksəlib. 

 

“Clarivate Analytics”  şirkətinin Azərbaycan, Ukrayna, Gürcüstan üzrə rəsmi nümayəndəsi Sevinc Cəfərovadan aldığımız məlumata əsasən,  Azərbaycan 2019-cu ildə Web of Science™ bazasına daxil olan nəşrlərin sayına görə Cənubi Qafqaz ölkələri arasında liderdir. Belə ki, 2019-cu ildə Web of Science indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında birinciliyini qoruyub. Bu günə olan məlumata əsasən, Web of Science elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1724 elmi tədqiqat işi qeydə alınıb.  Qeyd edək ki, analoji rəqəm Ermənistan üçün 1396, Gürcüstan üçün isə 1302 təşkil edir.

 

 

Son on ildə Cənubi Qafqaz ölkələrinin nəşr aktivliyinin müqayisəsini aşağıdakı qrafikdən görmək olar (şəkil 1).  

 

 

 

 

Cari ilin publikasiya aktivliyindən bəhs edərkən 2020-ci il üzrə də  ilkin olaraq bazaya yerləşdirilən nəşrlərə əsaslanaraq Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında lider olduğunu bir daha söyləmək olar. Belə ki, Azərbaycanda son aylar ərzində 871, Gürcüstanda 577, Ermənistanda isə 531 elmi publikasiya nəşr edilib. Qeyd edək ki, bu rəqəmlər dinamikdir və hər gün dəyişir (şəkil 2)

 

 

 

 

 

 

Ölkə kontekstində ali təhsil müəssisələrinin və AMEA-nın son 6 ildə publikasiya aktivliyinin müqayisəli təhlilini aşağıdakı qrafikdən görmək olar (şəkil 3).

 

 

 

 

 

2020-ci ilin iyun ayına olan statististikaya əsasən, 2019-cu ildə respublika üzrə ümumi publikasiya çəkisinin təxminən 53%-i ali təhsil müəssisələrinin payına düşüb (şəkil 4).

 

 

 

 

 

“Clarivate Analytics” -  əməkdaşlığın 5 ili

 

Azərbaycanda rəqabətə davamlı insan kapitalının yetişdirilməsi ölkəmizin təhsil sistemi qarşısında mühüm vəzifələr qoyur.  Bu vəzifə ölkənin inkişaf konsepsiyasında  xüsusi istiqamət kimi də öz əksini tapıb.  Bu zərurəti nəzərə alan Təhsil Nazirliyi  Azərbaycanda elmi fəaliyyətin inkişafına, onun keyfiyyət səviyyəsinin yüksəlməsinə və ölkəmizin elmi nüfuzunun dünyada  gücləndirilməsinə nail olmaq üçün 2015-ci il dekabrın 22-də  dünyada məşhur elmi platforma olan Thomson Reuters (indiki Clarivate Analytics) şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət şöbəsi ilə  əməkdaşlıq  müqaviləsi imzalayıb.  Artıq Azərbaycan elminin dünyada nüfuzunun yüksəldilməsində mühüm rol oynamış müqavilənin imzalanmasından 5 il keçir.

 

Bu illər ərzində Clarivate Analytics elmi bazasına çıxış və bu qurumla əməkdaşlıq  Azərbaycanda elmin inkişafına güclü təkan verib,  beynəlxalq əməkdaşlığın inkişafına, yerli tədqiqatçıların nəşrlərinin sayının artmasına imkan yaradıb. 

 

Hazırda Təhsil Nazirliyinin “İnCites™” bazasına çıxışı vardır.  Azərbaycanın 40 ali təhsil müəssisəsi Təhsil Nazirliyinin sifarişi əsasında dünyada məşhur elmi istinad indeksi olan “Clarivate Analytics Web of Science®”platformasına (“Science Citation İndex Expanded®” (Təbiət elmləri üzrə məlumat bazası), “Social Sciences Citation İndex®” (İctimai elmlər üzrə məlumat bazası), “Arts and Humanities Citation İndex®” (İncəsənət və humanitar elmlər üzrə məlumat bazası), “Conference Proceedings Citation İndex®” (Konfrans, konvensiya, simpozium, kollokvium və “dəyirmi masa”ların materialları üzrə məlumat bazası)  tam çıxış əldə edib. 

 

“Clarivate Analytics İnCites™” dünya ali təhsil müəssisələri və elmi dairələrinin fəaliyyətinin məhsuldarlığını təhlil etmək imkanı verən elmi tədqiqatların qiymətləndirmə alətidir. Hazırda “İnCites™” platforması dünyanın 7000-dən artıq tanınmış universiteti, tədqiqat institutu, dövlət qurumu və şirkəti tərəfindən istifadə olunur.

 

Clarivate Analytics-in əməkdaşları tərəfindən Təhsil Nazirliyi  nəzdində olan bütün ali məktəblərdə 100-dən çox təlim  təşkil olunub. Seminarlarda yerli koordinatorların və ekspertlərin yetişdirilməsinə diqqət ayrılıb. Elmi bazadan istifadə aktivliyi, bazadan istifadə, alimlərin elmi-tədqiqat trendində qalması vacibliyi nəzərə alınaraq publikasiyaların davamlı  artımını  təmin etmək məqsədilə  universitetlərimizdə sertifikatlaşma proqramları keçirilib. 

 

“Web of Science®” platforması məlumatlarının təhlili ali təhsil müəssisələrinə tədqiqatların daha səmərəli istiqamətlərini müəyyən etməyə və uğurlu inkişaf strategiyalarının qurulmasına xidmət edir.

 

Oruc MUSTAFAYEV