Hazırda ölkə üzrə 8 mindən çox ümumtəhsil müəssisəsində vakant müəllim yeri var. Bu barədə muallim.edu.az - a məlumat verən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki,  ümumtəhsil müəssisələri ilə yanaşı, peşə təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə vakant yerlər də yaxın günlərdə  elan ediləcək.

 

Onun sözlərinə görə,  müəllimlərin işə qəbulu müsabiqəsində apelyasiya müraciətləri başa çatan fənlər üzrə keçid balları artıq müəyyən edilərək açıqlanıb. Digər fənlər üzrə də apelyasiya müraciətlərinə baxılma prosesi başa çatdıqca keçid balları elan ediləcək və vakant yerlərin seçiminə start veriləcək: “Namizədlər imtahan məkanından ayrılmadan nəticələrlə tanış ola bilərlər. Nəticələr elan olunduqdan sonra iki gün ərzində elektron qaydada apelyasiya müraciəti etmək olar. Əsaslı şikayətlər olduqda nəticələrlə bağlı dəyişiklik edilir. Namizədlər yenilənmiş nəticələrlə vakant yerlərin seçiminə qatıla bilirlər. Suallarla bağlı çox az sayda şikayətlər öz təsdiqini tapıb. Əsaslı şikayətlər ümumi sualların sayının heç 1 faizini də təşkil etmir”.

 

E.Bağırov əlavə edib ki, bu il tədris ili başlandıqdan sonra da vakant yeri tutan namizədlərlə müsahibələr təşkil olunacaq. Müsahibə nəticəsində namizədin daimi əsaslarla işə qəbulu müəyyən ediləcək.

 

Ruhiyyə