17 regionda imtahan həyəcanı davam edir


2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti mərhələsi - test imtahanları davam edir. Avqust ayından start götürən prosesdə 31181 namizəd iştirak edib. Azərbaycan dili və ədəbiyyat fənni üzrə 5028, biologiya fənni üzrə 1151, fizika fənni üzrə 1339, fiziki tərbiyə fənni üzrə 2739, fransız dili fənni üzrə 259, musiqi fənni üzrə 1537, rus dili fənni üzrə 561, rus dili və ədəbiyyatı fənni üzrə 228, təsviri incəsənət fənni üzrə 826,  ibtidai sinif müəllimliyi üzrə 9263, Azərbaycan dili fənni üzrə 38, ingilis dili fənni üzrə 4447, alman dili fənni üzrə 158, kimya fənni üzrə 819, riyaziyyat fənni üzrə isə 2788 namizəd imtahan verib. Növbəti günlərdə keçiriləcək test imtahanlarında texnologiya, tarix, coğrafiya və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edəcək. İmtahanlar Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlər 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla 60 sualı cavablandırır.

 

60 ballı riyaziyyatçı

 

Bu həftə mümkün olan ən yüksək nəticə - 60 bal riyaziyyat üzrə imtahanlarda qeydə alınıb. Sentyabrın 2-də Bakı şəhərində imtahan verən Günel Kərimova 2020-2021-ci tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin riyaziyyat üzrə maksimum nəticə göstərən ilk namizədi olub.

 

 “Azərbaycan müəllimi” qəzetinə bu uğurundan danışan G.Kərimova imtahanın təşkilindən razı qalıb: “İstər pandemiya təhlükəsinə qarşı, istərsə də şəffaflığın qorunması məqsədilə görülən tədbirlər yüksək səviyyədə idi. Suallar da orta çətinlikdə sayılırdı. Hər hansı sualın cavablandırılmasında əziyyət  çəkmədim”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu riyaziyyat müəllimliyi üzrə bakalavr səviyyəsini 2012-ci ildə bitirib. Sonra Bakı Dövlət Universitetində “Kompüter elmləri” ixtisası üzrə magistratura təhsili alıb: “Bu il yaxşı hazırlaşdım. Yüksək nəticə əldə edəcəyimə inanırdım. 60 bal mənim üçün gözlənilən olsa da, balımı ekranda görəndə çox sevindim. Nizami rayonunda yaşayıram. Yaşadığım yerə yaxın məktəblərdən birində işləmək istəyirəm”.

 

 

SABAH-ın tələbəsi də fərqləndi

 

Fidan Qasımova 58 balla kimya müəllimliyi üzrə müsabiqəyə qatılanlar arasında seçilib. O, sadəcə bu imtahanda yox, tələbəliyindən fərqlənməyə başlayıb. Əvvəlcə, 2016-cı ildə  Bakı Dövlət Universitetinə daxil olub. Həmin il 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını seçən abituriyentlərdəndir. 2017-ci ildə imtahan verib və SABAH qruplarına seçilənlərdən olub. Universiteti fərqlənmə diplomu ilə bitirərək təhsilini davam etdirmək üçün növbəti səviyyə - magistraturaya qəbul imtahanlarına qatılıb. Bu dəfə də seçilib və 70 balla artıq Gəncə Dövlət Universitetinin “Ekoloji biologiya” ixtisası üzrə magistrantıdır. Gəncədə yaşayan gənc namizəd növbəti tədris ilindən həm təhsilini davam etdirəcək, həm müəllim kimi sinfə girəcək: “Hədəfim ixtisasım üzrə yaxsı nəticə göstərmək idi. Hədəfimə nail oldum”.

 

Fidan Qasımova tərəddüd etdiyi suallarda səhvə yol verdiyini deyir: “Cavabları yazarkən tərəddüd etdiklərim oldu. Ancaq vaxtım qalarsa, üzərində düşünərəm deyib keçmişdim. Ancaq vaxtım qalmadığı üçün yenidən həmin suallara qayıda bilmədim. İmtahandan sonra səhv etdiyimə bir daha əmin oldum”.

 

 

Buna baxmayaraq, F.Qasımova təəssüflənmir. Maksimum bal olmasa da, yaxşı nəticə sayılır və bunu əldə edən tək-tük namizədlərdəndir. Yaşadığı ərazidə istənilən məktəbdə işləməyə hazırdır. O məktəbin rayon mərkəzindən nə qədər uzaq olacağının onun üçün heç bir fərqi yoxdur.  

 

İngilis dili müəllimliyi üçün ən çox balı 6 ildir işləməyən namizəd topladı

 

2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 58 bal toplayaraq ən yüksək nəticə göstərən Şəhla Rəhimova Azərbaycan Dillər Universitetinin məzunudur.

 

“İngilis dili və ədəbiyyatı” ixtisası üzrə Xəzər Universitetində magistratura səviyyəsində təhsil alıb. Sonra Bakı Britaniya Məktəbinə imtahanla işə qəbul olunub. 3 il burada təcrübə qazansa da, işini yarımçıq qoyub. Ailə qurduqdan sonra müəllimliyə fasilə vermək məcburiyyətində qalıb: “Artıq 6 ildir ki, işləmirəm. Ancaq müəllimlik fəaliyyətimi davam etdirmək niyyətindəyəm. Mərdəkanda yaşadığım üçün buradakı məktəblərin birində işləmək istəyirəm. Ona görə də bu il ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldım”.

 

Şəhla Rəhimovanın sözlərinə görə, ilk dəfə imtahan verdiyi və heç bir xüsusi hazırlıq keçmədiyi üçün özündən o qədər də böyük nəticə gözləməyib: “Son 6 ildə dildən istifadə etməmək məni çox geri saldı. İşləməyə qərar verdikdən sonra isə evdə, uşaqların qayğılarından imkan tapdıqca hazırlaşdım. Bazam olsa da, ixtisasım üzrə 6 ildə unutduqlarım çox idi. Ona görə də yüksək nəticə göstərməyi yox, işə girməyi hədəfləmişdim. İmtahan suallarının hamısına cavab yazıb qurtaranda hələ vaxta 45 dəqiqə vardı. Bir az da ləngiyib suallara yenidən baxdım. Daha gözləyə bilməyib imtahanı bitirdim və 58 balı görəndə hədsiz sevindim. O qədər sevinmişdim ki, imtahan verdiyimiz binada qarşılaşdığım tələbə yoldaşımı belə gözləyə bilmədim. Ona görə də bu gün nədə səhv etdiyimi bilmirəm. Cavablarında tərəddüd etdiyim suallar olsa da, konkret hansı sualda - ixtisasda, yoxsa metodikada səhv etdiyimi bilmirəm”.

 

Ş.Rəhimova test imtahanından məntiqə aid sualların çıxarılmasına da münasibət bildirib: “Magistraturaya imtahan verəndə 100 sualdan 50-si məntiq idi. Mən 31 suala düzgün cavab yazmışdım. Riyazi və məntiqi biliyim hər zaman yaxşı olub. Ona görə də testdən çıxarılan məntiq və sayı artan kurikulum suallarından qorxmurdum”.

 

Qarşıda isə müsahibə mərhələsi var: “Deyirlər, müsahibə çətin olacaq.  Odur ki,  ona ayrıca hazırlaşmalıyam”.

 

Koronavirus müəllim olmaq sevgimi öldürə bilmədi

 

Aygün Göyüşova alman dili müəllimliyi üzrə 2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 53 bal toplayıb. Onun nəticəsi alman dili imtahanlarında builki ən yüksək baldır. Bu, onun üçün 53 bal toplaması qədər sevindirici olub: “Qazaxda yaşayıram. 12 ildir ki, Azərbaycan Dillər Universitetini “Alman dili müəllimliyi” ixtisası üzrə bitirmişəm. Ancaq həvəslə seçdiyim və sevərək yiyələndiyim müəllimliklə bir gün belə məşğul ola bilməmişəm. Neçə ildir rayonumuzdan vakansiya çıxarılmır. Mən də bu səbəbdən müsabiqəyə qatılmağa həvəs göstərmirdim”.

 

Builki hazırlıqlar da A.Göyüşova üçün rahat başa gəlməyib. Hazırlaşdığı son aylarda COVID-19-a yoluxan müəllimliyə namizəd müəllimlik üçün onu da yenib: “Bir az da koronavirus məni zəiflətdi. Ancaq müəllim olmaq sevgimi o da öldürə bilmədi. Xəstəliyə rəğmən bu imtahanlarda uğur qazanmaqda qərarlıydım. Ancaq bu nəticəni gözləmirdim. 2018-ci ildə bir dəfə müsabiqəyə qatıldım. Tamamilə hazırlıqsız, sadəcə tanışlıq məqsədilə girdiyim həmin imtahandan az bal toplamışdım. Bu il 53 balı görəndə çox sevindim”.

 

A.Göyüşova 1 ay internetdən yüklədiyi materiallar əsasında gecə-gündüz demədən hazırlaşıb. Hazırlığı nəticə verib: “Kurikulumdan 19 suala düzgün cavab yazdım. Əslində, bu imtahanda 57 bal toplaya bilərdim. İmtahanda bütün suallara cavab yazdım. İmtahan vaxtına hələ qalırdı. Ona görə cavablarımı yoxlamaq üçün yenidən nəzər saldım. O sırada bir neçə sualın cavabını dəyişdim. Etdiyim bu dəyişiklik səhv idi. Doğru cavabı yanlışa çevirdim. Nəticədə 57 deyil, 53 bal topladım”.

 

Ancaq bu, müəllimliyə namizəd üçün son deyil. Onun həyəcanlı gözləyişi hələ davam edir: “Deyəsən, bu il də vakansiya olmayacaq. Qazax, ya Ağstafa, sərhəd, ya da mərkəz demədən işləməyə hazıram. Dərsin çoxluğu da maraqlandırmır məni. Bircə sinif mənə müəllim desə, ona da razıyam. Təki illərdir arzusunda olduğum peşə nisgilim sona çatsın!”.

 

Apellyasiya müraciətləri davam edir

 

Avqustun 24-dən etibarən işə qəbul imtahanları ilə bağlı apellyasiya prosesinə başlanılıb. İndiyədək 1666 namizəd apellyasiya müraciəti edib, 1087 müraciət emal olunub, 579 müraciət hazırda  araşdırılır. Yeni tədris ili başlamamışdan öncə namizədlərin apellyasiya müraciətlərinə baxılacağı bildirilir.

 

Xatırladaq ki, namizədlər şəxsi səhifələrində imtahandan bir gün sonra saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq imtahandan sonrakı 2 gün ərzində apellyasiya  müraciəti edə bilirlər.

 

Müsahibələr mərhələli şəkildə həyata keçiriləcək

 

Müəllimlərin həyəcanla gözlədiyi müsahibə mərhələsinə gəlincə, müsabiqənin test imtahanları başa çatdıqdan sonra müvafiq keçid balını toplayan namizədlər vakansiya seçimi mərhələsində iştirak edəcək.

 

Təhsil Nazirliyinin İnsan resurları şöbəsinin müdiri Eşqi Bağırov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, tədris ilinin başlamasına qısa müddət qalması ilə əlaqədar ümumi təhsil müəssisələrində kadr təminatının daha çevik həyata keçirilməsi məqsədilə cari il vakansiya seçimi mərhələsi nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlər ilkin olaraq müddətli əmək müqaviləsi ilə işə qəbul ediləcəklər.

 

Sözügedən kontingent üçün müsahibələr mərhələli şəkildə mövcud vəziyyət nəzərə alınaraq onlayn və ya ənənəvi qaydada təşkil olunacaq. Müsahibədən uğurla keçən namizədlər ilə müddətsiz əmək müqaviləsi bağlanılacaq. “Müsahibələr vaxtaşırı keçiriləcək. Kimin üçünsə ola bilər oktyabr ayında, bir başqasının müsahibəsi noyabr, hətta dekabr ayında baş tuta bilər. Proses davamlı olacaq”.

 

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin mərhələsi başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu nazirlik  tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada tədris ili boyu mütəmadi olaraq həyata keçiriləcək. Mövcud qaydalara əsasən müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.

 

Ruhiyyə DAŞSALAHLI