Birgə və inteqrasiya olunmuş şəkildə tədris


XXI əsr müasir texnologiyaların, yeni elmi yanaşmaların, ixtiraların sürətlə inkişaf etdiyi dövrdür. Bu ixtiraları yaradanlar isə müasir təhsil modellərinin yetişdirdiyi insanlardır. Bu baxımdan da günün məzunu müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. Bütün bunları prioritet hesab edən Təhsil Nazirliyi yeni təhsil modelləri üzərində araşdırmalar aparır, bu modellərin tətbiqini vacib hesab edir. Elə bu məqsədlə də Təhsil Nazirliyi 2019-2020-ci tədris ilindən başlayaraq Heydər Əliyev Fondunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsinə start verdi.

 

Layihənin keçirilməsində əsas məqsəd respublikanın ümumtəhsil məktəblərində təhsil alan şagirdlərdə XXI əsr bacarıqlarını-kreativlik,  əməkdaşlığın inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltməkdir. STEAM metodologiyalarının əsasında duran layihə əsaslı öyrənmə (PBL), təhsilalanların müasir cəmiyyətin problemlərini araşdıraraq müxtəlif  həll yollarını müəyyənləşdirmək xüsusiyyətini artırır.

 

STEAM təhsili nədir? Bu təhsil modelinin üstünlükləri nədən ibarətdir?

 

STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində  yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə  kömək edə biləcək  təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin  müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmlənməsi, əməkdaşlıqetmə və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır. STEAM fənləri ayrılıqda öyrətmək əvəzinə, onları real dünyadakı tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirir.

 

İnkişaf etmiş ölkələrdə STEAM təhsili

 

STEAM təhsili  dünya  təhsil sistemində  keyfiyyətin  yüksəldilməsi  ilə  bağlı bir çox  ölkələrin  diqqətını  cəlb edir. Məsələn, ABŞ təhsil sistemində məktəbəqədər yaş qrupundan  başlayaraq  XII sinfə qədər bütün səviyyələrdə inteqrasiya olunmuş STEAM proqramı tətbiq olunur. Bundan əlavə, bəzi ölkələrdə (ABŞ, Sinqapur, İsrail, Türkiyə və s.) xüsusi STEAM məktəbləri, STEAM mərkəzləri yaradılıb.

 

STEAM şagirdləri həyata hazırlayır

 

STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

 

Komanda şəklində iş

 

Şagirdlərdə düşüncə və təfəkkürü daha da dərindən formalaşdırmaq layihənin əsas məqsədlərindən biridir. Hədəflərdən biri də şagirdlərdə istehsal təfəkkürünün formalaşmasıdır. Yəni, şagird qarşısındakı alətin necə hazırlandığını, hansı materiallardan istifadə olunduğunu düşünərək, sual verərək öyrənmək bacarığına malik olmalıdır. Şagirdlər birgə işlədiyi vaxt verilən alətlərlə prototiplər yarada bilir. Sonra şagirdlər bunu konveyr üsulu ilə bazarda necə hazırlamaq lazım olduğunu düşünürlər.

 

Şagirdlərin komanda şəklində işləməsi də əsas prinsiplərdəndir. Çünki bu layihə əsaslı öyrənmədir. Məsələn, riyaziyyatı daha yaxşı bilən şagird istehsalın riyazi tərəflərini analiz edirsə, rəsm bacarığı olan digər şagird isə onun dizayn işini görür. Beləliklə, komanda şəklində görülən iş sayəsində mükəmməl nəticə ortaya çıxır. Bu, həm də fənlərarası inteqrasiyanı ön plana çıxarır.

 

“STEAM” çərçivəsində əməkdaşlıq

 

Layihə çərçivəsində uzun müddət STEAM təhsili tətbiq olunan xarici ölkələrin təhsil ocaqları ilə əməkdaşlıqlar qurulub. Belə ki, ötən il 1-31 mart və 17 noyabr -10 dekabr tarixlərində hər birində 50 nəfərlik müəllim heyəti olmaqla iki qrup İsrailə ezam olunmuşdur. Əməkdaşlıq çərçıvəsində beynəlxalq təlimlərə cəlb olunan müəllimlər İsrailin müxtəlif şəhərlərindəki ORT məktəblərinin STEAM təhsil təcrübəsi, bu təhsilin təhsilalanlara qazandırdığı bilik və bacaqrıqlar ilə yaxından tanış olmuşlar. Təlimlərlə yanaşı, müəllimlərin Elm müzeyi və İnnovasiyalar Mərkəzinə ekskursiyası da təşkil olunmuşdur.

 

Bu istiqamətdə beynəlxalq əməkdaşlıq qurulan ölkələrdən biri də STEAM təhsilini uğurla tətbiq edən Türkiyə Cümhuriyyətidir. Təlim məqsədilə 08.12.2019 -22.12.2019 tarixlərində 25 nəfərlik müəllim heyəti Türkiyəyə ezam olunmuşdur. Əsasən Coğrafiya, Biologiya, Kimya, Riyaziyyat, İnformatika, Fizika ixtisasları olmaqla ölkənin müxtəlif bölgələrindən müəllimlər təlimə cəlb edilmişdir. Təlimlər Baxçaşəhər Kolleci və Universitetlərində STEAM proqramına uyğun modullar üzrə mütəxəssislər tərəfindən aparılmış, müəllimlər microbit, arduino, insansız uçan hava aparatları və onların idarə edilməsi, LEGO EV3, autodesk modulları üzrə bilik və bacarıqlara yiyələnmişlər. 3D printer və CNC lazer kəsici cihazları ilə tanış olmuş və 3D ölşülü müxtəlif əşyalar cap etmişlər. Təlim zamanı müəllimlər müxtəlif istehsal sahələrində olmuş, sənayedə istifadə olunan robotların iş prinsipləri ilə yaxından tanış olmuşlar.

 

Ümumilikdə,  Beynəlxalq təlimlərdə Mərkəzlə yanaşı, respublikanın 21 şəhər və rayonundan təlimlərə qatılan müəllimlər Proqramlaşdırma və Robotics modulları üzrə - microbit, arduino, autodesk, LEGO EV3, insansız uçan hava aparatları və onların idarə olunması,  biomimikriya, nanotexnologiya, neuroscience modulları istiqamətində bilik və bacarıqlara yiyələnmişlər. Təhsildə, həmçinin müxtəlif istehsal sahələrinə getməklə  sənayedə istifadə olunan 3D printerlərin və CNC lazer kəsici cihazların quruluşu, iş prinsipi ilə əyani tanış olmuşlar. Təlim əsnasında müəllimlər müxtəlif məktəb, kollec və universitetlərdə olmuş, dərslərdə iştirak etmiş, STEAM -ın tədris metodikası haqqında ətraflı məlumat almışlar.

 

Ölkəmizdə STEAM təhsilinin tətbiqində yaxından iştirak edəcək, STEAM dərslərinin tətdris etməsi üçün müəllim-mütəxəssislərin hazırlanması məqsədilə mütəmadı olaraq ixtisasartırma təlimləri keçirilir.

 

İstifadə olunan metodologiya və pedaqoji konsepsiyalar

 

Layəhənin tətbiqi zamanı müxtəlif metodlardan istifadə olunur. Bununla yanaşı pedaqoji meyarlar da əsas götürülür. Məsələn, layihə əsaslı öyrənmə - PBL, fənnlərarası inteqrasiya və fənlərararası öyrənmə, araşdırma əsaslı öyrənmə, dizayn əsaslı öyrənmə, oyun əsaslı öyrənmə, analogiyaya əsaslanan öyrənmə , mobil əsaslı öyrənmə və kiçik dəyişikliklər etməklə, düzəltməyə əsaslanan öyrənmə metodlarından daha çox istifadə olunur.

3D dizayn modelləşdirmə (Tinkercad), 3D printerlə çap etmə, mikrobit platfotmasında blok proqramlaşdırma, sensorlarla layihələrin icrası (Coding) isə layihə zamanı vacib olan əsas alətlərdir.

 

Məktəblərdə STEAM dərsləri

 

Layihənin tətbiq olunduğu bütün təhsil ocaqları maddi-texniki baza ilə təmin olunub, kadr hazırlıqları  həyata keçirilib.  Hazırda Bakının 42 məktəbində (biri özəl məktəb olmaqla) STEAM dərsləri tədris olunur. 2020-2021-ci tədris ilində layihə ölkə üzrə 141 ümumtəhsil məktəbində 6 və 7-ci sinif şagirdləri olmaqla 933 sinif və 24542  şagirdi əhatə edəcək. Yeni tədris ilində həftədə 2 saat olmaqla təhsilalanlarda qurma, yaratma, müxtəlif layihələrin reallaşdırılması, 3D printerlərdə çap, micro:bitlə proqramlaşdırma və tətbiqi prosesləri, CNC lazer kəsiciləri, pilotsuz uçan hava aparatları (tədris dronları) üçün hazırlanmış kurikulum üzrə STEAM dərslərinin tədrisinə başlanılacaqdır.

 

STEAM-ın əhatə dairəsi genişləndirilir

 

Qarşıdan gələn 2020/2021-ci tədris ilində  7-ci siniflərin təlim məzmununa Nanotexnologiya və Biotexnologiya modullarının gətirilməsi, kodlaşdırma istiqamətində yeni platformanın (Arduino) tətbiqi (Robototexnika), Uçan aparatlar (dronlar), CNC maşınlarında işləmə bacarıqları və s.  nəzərdə tutulur.

 

Yeni tədris ilindən etibarən  respublika üzrə müəllimlərin STEAM yönümlü təhsil istiqamətində maarifləndirilməsi, kadr hazırlığı məqsədi ilə təlim keçilməsinin davam etdirilməsi nəzərdə tutulur. Layihənin 3-cü ilində STEAM-ın əhatə edəcəyi şagird sayı 50000-100000 nəzərdə tutulur.

 

“STEAM Azərbaycan” layihəsi çərçivəsində Gəncə və Şirvan şəhərlərində STEAM mərkəzlərinin inşasına başlanılmış və hazırda Şirvan STEAM mərkəzinin açılışı üçün son tamamlama işləri aparılmaqdadır. STEAM mərkəzlərinin fəaliyyətinə uyğun olaraq  maddi-texniki baza ilə təmin olunması üçün lazımi işlər görülmüşdür.

 

Layihə çərçivəsində 2020-ci ilin noyabr ayında ölkə üzrə STEAM Festivalının keçirilməsi də nəzərdə tutulub.

 

Layihə bəhrəsini verir

 

2020-ci ilin mart ayında ölkə ərazisində COVID-19 virusunun yayılması ilə əlaqədər təhsil müəssisələrinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Bütün bunları nəzərə alan layihə heyəti mövcud tibbi ehtiyacların qarşılanması məqsədilə bir sıra təşəbbüslərin icrasına başlamışdır. Tibbi ləvazimatların, ayrı-ayrı cihaz və avadanlıqların müxtəlif detallarının 3D printerlər vasitəsilə sınaq istehsalına start verilmişdir. Sınaq mərhələdə tibbi personal üçün üz qoruyucularının istehsalı uğurla tamamlanmış, gündəlik istehsal sürəti 150 vahiddən 550 vahidə çatdırılmışdır. Pandemiya dövrü ərzində ümumilikdə 5000 ədəd üz sipərləri istehsal edilərək müxtəlif tibb (klinikalar, xəstəxanalar, poliklinikalar) və təhsil ocaqlarına paylanılmışdır.

 

Niyazi RƏHİMOV