2020-2021-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında 58 bal toplayaraq ən yüksək nəticə göstərən Şəhla Rəhimova Azərbaycan Dillər Universitetinin məzunudur.

 

İngilis dili və ədəbiyyatı ixtisası üzrə Xəzər Universitetində magistratura səviyyəsində təhsil alıb. Sonra Bakı Britaniya Məktəbinə imtahanla işə qəbul olunub. 3 il burada təcrübə qazansa da, işini yarımçıq qoyub. Ailə qurduqdan sonra müəllimliyə fasilə vermək məcburiyyətində qalıb: “Artıq 6 ildir ki, işləmirəm. Ancaq müəllimlik fəaliyyətimi davam etdirmək istəyirəm. Mərdəkanda yaşadığım üçün buradakı məktəblərin birində işləmək istəyirəm. Ona görə də bu il ilk dəfə olaraq müəllimlərin işə qəbulu müsabiqəsinə qatıldım”.

 

Şəhla Rəhimovanın sözlərinə görə, ilk dəfə imtahan verdiyi və heç bir xüsusi hazırlıq keçmədiyi üçün özündən o qədər də böyük nəticə gözləməyib: “Son 6 ildə dildən istifadə etməmək məni çox geri saldı. İşləməyə qərar verdikdən sonra isə evdə, uşaqların qayğılarından imkan tapdıqca hazırlaşdım. Bazam olsa da, ixtisasım üzrə 6 ildə unutduqlarım çox idi. Ona görə də yüksək nəticə göstərməyi yox, işə girməyi hədəfləmişdim. İmtahan suallarının hamısına cavab yazıb qurtaranda hələ vaxta 45 dəqiqə vardı. Bir az da ləngiyib suallara yenidən baxdım. Daha gözləyə bilməyib imtahanı bitirdim və 58 balı görəndə hədsiz sevindim. O qədər sevinmişdim ki, imtahan verdiyimiz binada qarşılaşdığım tələbə yoldaşımı belə gözləyə bilmədim. Ona görə də bu gün nədə səhv etdiyimi bilmirəm. Cavablarında tərəddüd etdiyim suallar olsa da, konkret hansı sualda – ixtisasda, yoxsa metodikada səhv etdiyimi bilmirəm”.

 

Ş.Rəhimova test imtahanından məntiqə aid sualların çıxarılmasına da sevinməyib: “Magistraturaya imtahan verəndə 100 sualdan 50-si məntiq idi. Mən 31 suala düzgün cavab yazmışdım. Riyazi və məntiqi biliyim hər zaman yaxşı olub. Ona görə də testdən çıxarılan məntiq və sayı artan kurikulum suallarından qorxmurdum”.

 

Qarşıda isə müsahibə mərhələsi var: “Deyirlər, müsahibə çətin olacaq.  Odur ki,  ona ayrıca hazırlaşmalıyam. Müsahibənin aprel ayında olacağı gözlənilir. O vaxta qədər təyin olunduğumuz iş yerində müqavilə əsasında işləyəcəyik. Aprelə qədər işləməyimizə baxmayaraq, müsahibədən keçməmək ehtimalımız da var”.

 

Ruhiyyə