Bakı Dövlət Universitetində (BDU) ikili diplom proqramı üzrə hüquq fakültəsinin Avropa hüququ ixtisaslaşmasının məzunu Gülnaz Qurbanovaya həm BDU-nun, həm də Almaniyanın Vürzburq Universitetinin diplomları təqdim edilib. Diplomları BDU-nun rektoru Elçin Babayev təqdim edib.
Universitetdən bildirilib ki, iki universitet arasında Avropa hüququ ixtisaslaşması üzrə ikili diplom proqramının 2019-cu ildə bitməsinə baxmayaraq, Almaniyanın Vürzburq Universiteti BDU ilə qarşılıqlı etimadı və sıx əməkdaşlıq əlaqələrini əsas götürərək G.Qurbanovaya bu il öz diplomunu təqdim edib.
BDU-nun rektoru E. Babayev proqramın əhəmiyyətini xüsusi qeyd edib, göstərdiyi diqqətə görə Almaniyanın Vürzburq Universitetinə öz minnətdarlığını bildirib. Əldə etdiyi uğur münasibətilə G.Qurbanovanı təbrik edən rektor ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
G. Qurbanova məzunu olduğu Bakı Dövlət Universitetinin və Vürzburq Universitetinin rektorlarına, təhsil aldığı fakültələrin rəhbərliyinə və professor-müəllim heyətinə, ikili diplom proqramı üzrə məsul şəxs, Vürzburq Universitetinin professoru Exard Paxeyə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, Vürzburq Universiteti əsası XIII əsrin əvvəllərində qoyulmaqla, Almaniyanın ən güclü təhsil mərkəzlərindən biri hesab edilir. Ali məktəbin 14 Nobel mükafatçısı olub.