Azərbaycan ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Həmin nəticələrə əsasən, müsabiqədə iştirak etmək üçün qatılan 2186 bakalavrdan 757 nəfər (o cümlədən 42 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar 2020-ci il sentyabrın 4-dən 9-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar magistratura səviyyəsinə qəbul olunanların siyahısından xaric ediləcəklər.

 

Xatırladaq ki, qeydiyyat ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir. Bunun üçün ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış olmaq mümkündür.

 


Bakalavrların qəbul olunduqlarını necə öyrənəcəklərinə gəlincə, uğur qazananların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları “Magistr” jurnalının 7-ci sayında veriləcək. Jurnalın elektron versiyası (pdf formatında) bu gün DİM-in saytında da yerləşdiriləcək. Arzulayanlar saytın "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə də əldə edə bilər (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/ ). Bakalavrlar müsabiqədəki nəticələri barədə mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.