Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında yuxarı yaş qrupunda iştirak edən Azərbaycan məktəblisi Mustafa Bayramlı bürünc medala layiq görülüb.

 

“Azərbaycan müəllimi” qəzetinə açıqlamasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi uğurlarından və planlarından danışıb. Dediyinə görə, coğrafiyanı çox sevir: “Coğrafiyaya marağımı müəllimlərim yaratdı. Müəllimlərim ailəmlə birgə çalışdılar və məhz onların dəstəyi nəticəsində uğur qazandım. Coğrafiya üzrə respublika fənn olimpiadalarında 2 dəfə gümüş, 1dəfə qızıl medal əldə etdim. Bu göstəricilərim sayəsində coğrafiya müəllimi Yaşar Seyidəliyevin də diqqətini cəlb etdim. Aylarca onunla hazırlaşdıq. Bu son uğurum, ən əsası, çəkdiyimiz əziyyətlərin hədər getməməsi məni çox qürurlandırdı. Coğrafiyanı sevdiyimi hamı bilir. Ona görə nəinki müəllimlərim, ətrafımdakı hər kəs məndən bu uğuru gözləyirdi. Bu gözləntilər elm yarışında üzərimə əlavə məsuliyyət də qoyurdu. Həm də ona görə xoşbəxtəm ki, mənə olan gözləntiləri, etimadı doğrultdum”.

 

Mustafa coğrafiya üzrə hazırlıqlarından da həvəslə danışıb: “Hazırlığımız keçən ilin payızında başladı. Biz Beynəlxalq coğrafiya olimpiadasına hazırlaşırdıq. Təbii ki, o vaxt hələ pandemiya yox idi. Real hazırlıqlarımızı pandemiyadan sonra virtual davam etdirdik. COVİD-19 hazırlıqlarımıza mane olmasa da, olimpiadanın keçirilməsinə mane oldu. Beynəlxalq coğrafiya olimpiadası təxirə düşdü. Biz də Avropa Coğrafiya Olimpiadasına qatıldıq”.

 

M.Bayramlının məktəblilərə tövsiyəsi də var: “Təhsil Nazirliyi müxtəlif fənnlər üzrə beynəlxalq olimpiadalara hazırlığı təşkil edir. Bu hazırlıq üçün məktəblilərdən, sadəcə elmə həvəs tələb olunur. Bütün xərcləri dövlətimiz ödəyir. Ona görə də, həvəsi və yüksək göstəriciləri olan şagirdlər akademik maraqlarını erkən yaşlarından müəyyənləşdirsinlər və bu yolda bütün resurslardan istifadə etsinlər”.

 

Mustafa deyir ki, o, məhz belə edib. Coğrafiyanı sevib. Sevməklə kifayətlənməyib,   çox oxuyub. Əldə etdikləri bilik onu uğurdan-uğura aparıb: “Universitet qəbulları başlamazdan əvvəl SAT və TOEFL imtahanlarını verdim və yüksək nəticələr əldə etdim. Maraqlarım və nailiyyətlərim əsasında dünyanın ən qabaqcıl 7 universitetində - Nyu York Universiteti (New York University), Pensilvaniya Universiteti (University of Pennsylvania), Kornel Universiteti (Cornell University), Şimal-Qərb Universiteti (Northwestern Universiteti), “Yale-NUS kolleci, Sent-Luis Vaşinqton Universiteti (ing. Washington University in St. Louis), Amherst kolleci - tam ödənişsiz əsaslarla təhsil almaq hüququ qazandım”.

 

Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu Mustafa Bayramlı artıq Pensilvaniya Universitetinin tələbəsidir: “Xaricdə iqtisadiyyat üzrə bakalavr təhsil almağı planlaşdırırdım. Qeyd edim ki, iqtisadiyyat üzrə təhsilimi davam etdirmək istəyimin formalaşma səbəblərindən biri də Asiya İnkişaf Bankında keçdiyim təcrübə oldu. Orada tanıdığım və öz işinin peşəkarı olan şəxslərin söhbəti mənə yeni istiqamət verdi. Ona görə də Pensilvaniya Universitetini seçdim. Orada Beynəlxalq Münasibətlər və İqtisadiyyat üzrə ikidərəcəli proqramda oxuyacağam. Beynəlxalq münasibətlərə marağım isə “Topchubashov center”də apardığım tədqiqatlar və mediya manitorinqlərdən sonra yaranıb”.

 

Mustafa, məktəb illərində çox fəal şagird olub. O, fəal məktəbli həyatı keçirdiyini, iştirakçısı olduğu hər layihədən mütləq nəsə öyrəndiyini, qazandığı uğurlarda məhz bu təcrübəsinin rolu olduğunu vurğulayıb: “Məktəb illərim ərzində debatlarda fəallıq göstərmişəm. ADA, UNEC və BDU-da keçirilən debat turnirlərində iştirak edərək, nəinki nitqimi inkişaf etdirdim, eyni zamanda yeni dostlar qazandım. Azərbaycanın yerli qida mədəniyyətini tanıtmaq üçün Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Slow food" layihəsinə qatıldım. Uşaqlıqdan bəri idmanla məşğulam, cüdo və boks üzrə yerli turnirlərdə uğurlu çıxışlarım olub. Basketbola baxmağı sevirəm. Səyahət etməyi xoşlayıram”.

 

Ruhiyə