Virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasında iştirak edən şagirdlərimiz uğur qazanıblar. Belə ki, aşağı və yuxarı yaş qrupu üzrə 14 ölkədən 73 şagirdin qatıldığı müsabiqədə Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görülüblər.
Qeyd edək ki, sözügedən elm yarışı 29-30 avqust 2020-ci il tarixlərində təşkil edilib. Olimpiada 2015-ci ildən etibarən keçirilir. Şagirdlərimiz bu olimpiadaya ilk dəfə qatılıblar. Onların hazırlıq prosesi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına hazırlıq” layihəsi əsasında, həmçinin Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib.
Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib. Respublika fənn olimpiadasının ikincisi, Avropa Coğrafiya Olimpiadasının bürünc medalçısı Hüseyn Hüseynli “Azərbaycan müəllimi” qəzetinə bu uğurundan danışıb: “Bu olimpiadada iştirak yer tutmağımdan asılı olmayaraq, məndə çox yaxşı təəsüratlar yaratdı. Yeni insanlar tanıdım. Komandamızın üzvləri və müəllimimiz Yaşar Seyidəliyevlə tanış oldum. Belə şanslar insanın qarşısına az-az çıxır və mən də bu şansı dəyərləndirə bildiyimə görə sevinirəm. Ən çox da Avropada Azərbaycanın ilk medalçılarından olmağın sevincini və qürurunu yaşayıram”.
H.Hüseynlinin sözlərinə görə, bir Azərbaycan məktəblisi üçün belə bir yarışda medal qazanmaq heç də asan deyil: “Bu yarışa onlayn şəkildə bir ay hazırlaşdıq. Beynəlxalq olimpiadaya hazırlıq təcrübəsi olan Yaşar Seyidəliyev komandamızla işlədi. Olimpiadanın çətinliyi burada mövzuların bizim cografiya sistemindən fərqli olması ilə bağlıdır. Az müddətdə tamam fərqli bir sistemə uygunlaşmağa çalışdıq. Bizim sistemdə praktika və analizetmə çox az yer tutur. Bizdə xəritəni əzbərliyirlər, ancaq dünya sistemində araşdırma tələb edilir. Bizdə ərazi coğrafiyası əsasdır, onlarda insan coğrafiyası. Termin fərqliliyi, mövzu fərqi istər-istəməz öz təsirini göstərir”.
Bu çətinliyə baxmayaraq, Bakı məktəblisi adını qaliblər sırasına yazdıra bilib. Uğurunun arxasında isə özünün marağının və müəlliminin doğru yönləndirməsi olduğunu deyir: “Coğrafiya mənim üçün maraqlıdır. Dünyaya aid hər şeylə maraqlanıram. Maraqlandığım üçün də suallarıma cavab axtarıram. Cavabı harda tapacağıma dair müəllimimdən tövsiyələr alıram. Məktəbdə müəllimim Vüsalə Qarayeva ilə respublika fənn olimpiadasına hazırlaşdım və ikinci oldum. Coğrafiya üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzində hazırlaşmağı çox istəyirəm. Məni də cəlb etsəydilər, çox yaxşı olardı”.
Coğrafiya üzrə respublika ikincisi olan Bakı məktəblisinin coğrafiyadan öncə başqa maraqları da olub: “Əvvəllər heyvanlara, daha sonra kimyaya marağım olub. 7-ci sinifdə kimya üzrə Bakı müsabiqəsində 1-ci yer tutdum. Hazırda iqtisadiyyata maraq göstərirəm. Ancaq kimyaya, heyvanlara olan marağım da qalır. Hər halda bundan sonra da maraq dairəm genişlənəcək”.
IX sinif şagirdi gələcəkdə biznes idarəçisi, ya da marketinq meneceri olmağı planlaşdırıb.
Ruhiyyə