Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.

 

Konfransda əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübənin yekunlarına dair hesabat verib. O, ADU tələbələrinin Bakı şəhəri və bölgələrin məktəblərində pedaqoji təcrübə keçdiklərini bildirib. M.İsmayılov tələbələrin, həmçinin Bakıdakı 40 təşkilat, şirkət, dövlət qurumları və İsmayıllı Rayon İcra Hakimiyyətində istehsalat təcrübəsində olduqlarını deyib. O, təcrübəçilərin göstərdikləri fəaliyyət, təşkil etdikləri tədbirlər haqqında danışıb. Fakultə dekanı gələcəkdə təcrübə prosesinin  təkmilləşdirilməsi üçün qiymətləndirmə sorğusunun keçirildiyini söyləyərək bəzi təklifləri diqqətə çatdırıb.

 

Təcrübə müddətində məcburi köçkün bölgə məktəblərində gedən prosesi özündə əks etdirən videoçarx nümayiş olunub.

 

ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, akademik Kamal Abdulla ekranda nümayiş olunan görüntülərə baxarkən qəhərləndiyini bildirib, bu layihənin yalnız pedaqoji təcrübə deyil, həmçinin hamı üçün həyat təcrübəsi olduğunu söyləyib. Rektor ADU-nun tələblərinin bu məktəblərə getməsinin son dərəcə vacib və gələcək perspektivlərə istiqamətlənmiş amil olduğunu deyib, həmin məktəblərlə əlaqələr qurulmasının vacibliyindən danışıb. ADU tələbələrinin böyük məktəbdən keçdiyini söyləyən rektor təcrübə prosesində iştirak edən müəllimlərə təşəkkür edib.

 

Sonra təcrübədə iştirak etmiş müəllimlər və təcrübəçi tələbələr təşkil etdikləri tədbirlər, dərslər haqqında məlumat veriblər, konfransda iştirak edən məktəb şagirdləri təəssüratlarını bölüşüb, həmçinin çıxışçılar layihənin həyata keçirilməsində yaratdığı şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.