Bakı Mühəndislik Universiteti (BMU) ilə Cənubi Koreyanın İnha Universiteti arasında beynəlxalq ikili diplom proqramı üzrə müqavilənin onlayn imzalanma mərasimi keçirilib.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun moderatorluğu ilə keçirilən imzalanma mərasimində Təhsil nazirinin müavini İdris İsayev, Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini icra edən, sektor müdiri Müjdat Həsənov, BMU-nun rektoru, professor Havar Məmmədov, İnha Universitetinin rektoru, professor Myung Vu Ço və universitet heyəti, həmçinin Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim iştirak edib.
Təhsil nazirinin müavini İdris İsayev ikili diplom proqramı üzrə müqavilənin imzalanmasının əhəmiyyətini vurğulayıb. O, cari ilin əvvəlində İnha Universitetinin nümayəndə heyəti ilə görüşlərin keçirildiyini, eyni zamanda həmin vaxt iki universitet arasında anlaşma memorandumunun imzalandığını diqqətə çatdırıb və indi imzalanan müqavilənin uzunmüddətli əlaqələrin qurulmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. İ.İsayev göstərdikləri əməyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi, İnha Universiteti və BMU-nun əməkdaşlarına təşəkkür edib. Nazir müavini bu proqramın Azərbaycanda mühəndislik sahəsində təhsilin məzmununun inkişafına kömək edəcəyinə əminliyini söyləyib.
İ.İsayev “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın universitetlər üçün yaratdığı əlavə imkanları qeyd edib. O, mühəndislik sahəsi üzrə həyata keçirilən ikili diplom proqramının yerli proqramların keyfiyyətini artıracağını və yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasına kömək edəcəyini bildirib.
İnha Universitetinin rektoru, professor Myung Vu Ço rəhbərlik etdiyi universitetin tarixi haqqında məlumat verib. 1954-cü ildə Mühəndislik Kolleci kimi fəaliyyətə başlayan İnha Universitetinin bu gün Koreyanın ən üstün keyfiyyətə malik və innovativ universitetlərdən biri olduğunu diqqətə çatdırıb. O, İnha Universitetinin BMU ilə qarşılıqlı faydalı əməkdaşlığı çərçivəsində görəcəyi işlərdən danışıb, beynəlxalq əməkdaşlıq platformalarının əhəmiyyətini vurğulayıb. Azərbaycanla Koreya arasında əlaqələrin inkişafından bəhs edən rektor professorların və gənc tədqiqatçıların ikili proqram səviyyəsində birgə müştərək əməkdaşlıq imkanlarını dəyərləndirib.
BMU-nun rektoru, professor Havar Məmmədov iki ölkənin nüfuzlu ali təhsil müəssisələri arasında ikili diplom proqramının Azərbaycanın gənc mühəndis kadrlarla təmin olunması üçün böyük imkanlar açacağını bildirib. O, gənc universitet olan BMU-nun əldə etdiyi nailiyyətlərə toxunub və müqavilə çərçivəsində İnşaat mühəndisliyi, Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi və İnformasiya texnologiyaları (Bakalavr pilləsi üzrə) ixtisasları üzrə mütəxəsislərin təcrübəli professor – müəllim heyəti tərəfindən hazırlanacağını qeyd edib. Rektor məzun olacaq tələbələrin Azərbaycanın müxtəlif sənaye müəssisələrində çalışaraq ölkəmizin iqtisadi inkişafına öz töhfələrini verəcəklərinə əminliyini ifadə edib.
H.Məmmədov müqavilənin Cənubi Koreya ilə Azərbaycanın təhsil və mədəniyyət sahəsində olan əlaqələrin də inkişaf etməsinə öz müsbət təsirini göstərəcəyini diqqətə çatdırıb. 2020-ci ildə Koreya Respublikasının Seconq İnstitutu və İnha Universiteti ilə birgə BMU-nun nəzdində Xırdalan Seconq İnstitutunun təsis edildiyini sözlərinə əlavə edən rektor cari ilin sentyabr ayından tələbələrə, müəllimlərə, Koreya dilini öyrənmək istəyənlərə bu dilin peşəkar koreyalı, həmçinin azərbaycanlı müəllimlər tərəfindən tədris ediləcəyini deyib. Proqram 3+1 modeli əsasında qurulub. Belə ki, ikili diplom proqramına əsasən tələbələr 3 akademik ili BMU-da, 1 akademik ili isə Cənubi Koreyanın İnha Universitetində təhsil alacaqlar. Diplom işini ingilis dilində hazırlayıb müdafiə etdikdən sonra tələbələr iki diplom əldə edəcəklər. Cari proqram tam olaraq dövlət vəsaiti hesabına təmin olunur.
Rektor bildirib ki, COVİD-19 pandemiyası dövründə bəzi məhdudiyyətlərin yaranmasına baxmayaraq, BMU bütün imkanlardan səmərəli istifadə edərək tədrisi keyfiyyətli təşkil etməyə çalışacaq, universitetin müasir maddi – texniki bazası, kitabxanası, Texnoparkı, müxtəlif laboratoriyaları tələbə və müəllimlərin ixtiyarında olacaq.
Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tong Op Kim beynəlxalq ikili diplom proqramı üzrə müqavilənin imzalanması münasibətilə təbriklərini çatdırıb və bu tədbirin iştirakçısı olmaqdan məmnunluğunu bildirib. O, pandemiya səbəbindən mərasimin yüksək səviyyədə onlayn təşkil edilməsini Təhsil Nazirliyi, BMU və İnha Universitetinin məsul əməkdaşlarının işə bəslədikləri xüsusi diqqət və səyin nəticəsi kimi dəyərləndirib.
Səfir Koreya və Azərbaycan arasında diplomatik əlaqələrin 1992-ci ildə qurulduğunu , həmin dövrdən indiyə qədər 2 dövlət arasında dövlət başçıları başda olmaqla müxtəlif dövlət rəsmiləri səviyyəsində qarşılıqlı səfərlərin təşkil edildiyini xatırladıb. Bildirib ki, ölkələrimiz arasında müxtəlif sahələrdə aparılan mübadilə və əməkdaşlığın davamlı olaraq genişləndirilməsi mövcud münasibətlərin gələcəyinin parlaq olacağına əsas yaradır. Əlaqələrin inkişaf etdirilməsi baxımından İnha və BMU arasında ikili diplom proqramı üzrə müqavilənin imzalanması xüsusi əhəmiyyət kəsb edir.
Sonra iki universitet arasında beynəlxalq ikili diplom proqramı üzrə müqavilə imzalanıb.
İmzalanma mərasimi başa çatdıqdan sonra proqrama dair mətbuat konfransı keçirilib. Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorun müdiri Müjdat Həsənov, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Manafəddin Namazov ikili diplom proqramı haqqında ətraflı məlumat verib, eyni zamanda ünvanlanan sualları cavablandırıblar.