Nüfuzlu universitetlərin yeni tədris ilinə hazırlıq planları
Cari ilin mart ayından dünyanın ayrı-ayrı ölkələrini hədəfə alan COVID-19 infeksiyası milyonlarla tələbə və müəllimi təhsil prosesindən kənarda qoydu. Yalnız təhsil sahəsində mövcud olan texnologiyalar və ali məktəblərin yaranmış situasiyaya çevik uyğunlaşması sayəsində universitelər öz fəaliyyətlərini onlayn rejimdə davam etdirə bildilər. Qısa müddət ərzində ali təhsilin fasiləsizliyinin qorunması sahəsində əldə olunmuş müsbət təcrübə növbəti tədris ilinə hazırlıq planlarında da öz korrektələrini buraxmaqdadır. Yeni koronavirus pandemiyası nüfuzlu universitetlərin tədris sisteminə necə təsir etdi? Universitetlər yeni tədris ilinə necə hazırlaşır? Ali təhsilin səviyyələri üzrə tədris proqramları necə tətbiq olunacaq? Bu suallara cavab almaq üçün hazırda dünyanın fərqli coğrafiyalarında yerləşən nüfuzlu universitetlərdə çalışan alimlərimizə, təhsil alan tələbələrə müraciət etdik.
“Payız semestrinin dərsləri əsasən onlayn davam edəcək”
İlham Axundov, Kanadanın Vaterloo Universitetinin professoru:
- Kanadada hazırda COVID-19 ilə mübarizə 3-cü fazaya keçmək üzrədir və bu mərhələdə bir çox müəssisələr və ictimai yerlər sağlamlıq və təhlükəsizliyin qorunması üçün tədricən bəzi məhdudiyyətləri tətbiq etməklə açılmağa hazırlaşır. Bəzi yüksək riskli yerlər isə fəaliyyətlərini etibarlı şəkildə bərpa edə bilənə qədər bağlı qalacaqlar.
Vaterloo Universiteti ictimai səhiyyə tövsiyələrinə və ən yaxşı təcrübələrə əsaslanaraq, kampus fəaliyyətlərini yenidən başlatmaq üçün hazırda plan və protokolları həyata keçirməkdə davam edir. Kampusdakı binalarda əsas xidmətlər, elmi tədqiqatlar və təsdiq olunmuş digər sahələr açıq formada davam edəcək. Sentyabr ayında I kurs tələbələri üçün nəzərdə tutulan dərslərin bir hissəsi kampusda veriləcək, bəzi laboratoriyalar və klinikalar fəaliyyətlərini bərpa edəcəklər. Amma payız semestrinin dərsləri əsasən onlayn davam edəcək və kampusda qalan tələbələr verilən məhdud sayda dərsləri həm də onlayn ala biləcəklər. Yeni tədris ilinə hazırlıq mərhələsində - iyun ayında Vaterloo Universiteti tələbələr arasında qış/yaz onlayn semestrləri ilə bağlı sorğu keçirdi. Sorğuda, demək olar ki, 8500 tələbə iştirak etdi. Tələbələrin 18 faizi onlayn semestrin öhdəsindən olduqca yaxşı gəldiklərini bildirdi. Tələbələrin 60 faizi bu semestr vaxtı fəaliyyətlərinin “yüksəliş və enişli” olduğunu, 22 faizi isə onlayn təhsildə yaxşı iştirak edə bilmədiklərini qeyd etdilər. Onlayn təhsil formatında çətinlik çəkən tələbələr üçün əsas səbəblər dərs yükünün artması, motivasiyanın olmaması, təhsilin keyfiyyətinin azalması, evdən təhsil almaq problemləri, sinif yoldaşlarından ayrı qalma hissi və professorlarla ünsiyyətdə çətinliklər oldu. Onlayn təhsilin rahatlığı barədə sorğu aparıldıqda, iştirakçıların 46 faizi onlayn tədrisin daha rahat olduğunu bildirdi. Respondentlər onlayn tədrisin yaxşı cəhətləri arasında çevik dərs cədvəlləri, müntəzəm qiymətləndirmələri, videoya yazılmış mühazirələri və onlayn kitabxananın olmasını qeyd etdilər. Bu sorğunun nəticələri universitetin payız semestri üçün daha yaxşı onlayn təhsil verə bilməyinə kömək etdi. Tələbələrə daha yüksək keyfiyyətli onlayn təhsil vermək üçün müəllimlərə dəstək proqramları həyata keçirildi.
“Dərslər onlayn, hibrid, oflayn keçiləcək”
Gülminə Məlikzadə, Koreya Respublikasının Sonqyunqvan Universitetinin magistrantı:
- Pandemiyanın vüsət aldığı dövrdə bütün dünya dövlətlərinin əsas diqqəti virusa qarşı mübarizə və atılan strateji addımlardır. Koreya Respublikası da yüksək inkişaf etmiş dövlətlərdən biri kimi bu virusa qarşı mübarizədə ən uğurlu və operativ strategiya və tədbirlər görən ölkə olaraq dünyanın diqqətini qazandı.
Təhsil sisteminin yüksək inkişaf etmiş ölkəsi olaraq məktəb və universitet sisteminin də tam təhlükəsiz formada davam etdirilməsi ilə bağlı bir sıra tədbirlər görüldü. Xüsusilə qeyd etməliyəm ki, virusun yayıldığı vaxtlarda bütün ölkə çərçivəsində virusa yoluxan və ya təhlükəsi olan şəxslərin canlı olaraq izlənməsini (GPS izlənmə sistemi) təmin etmək məqsədilə bir universitet tələbəsi tərəfindən “Coronavirus map” yaradıldı. Bu xəritə üzərindən hər an yoluxma halları ilə bağlı statistikanı görmək mümkün oldu.
Təhsil aldığım ali təhsil müəssisəsi Koreyada 3-cü ən yaxşı, dünya reytinqində isə 82-ci yerdə olaraq pandemiya dövründə digər universitetlər kimi xüsusi tədbirlər gördü və bu tədbirlər hələ də davam etməkdədir. Belə ki, universitet virusun aşkar olunduğu ilk vaxtlardan etibarən mütəmadi qaydada vahid elektron sistem üzərindən tələbələrə virusa qarşı diqqətli olmaqla yanaşı, ilkin profilaktik tədbirlər, və yataqxanalarda qalmaqla bağlı məlumat göndərirdi. Fevral-mart ayları ərzində əcnəbi tələbələrin ölkəyə girişi zamanı xüsusi karantin rejimi tətbiq edildi. Belə ki, öz ölkəsindən qayıdan universitet tələbələri üçün xüsusi “isolation dormitory” (izolyasiya yataqxanası) ayrılıb.
Dərslərin tam olaraq elektron sistemə keçməsi də xüsusi əhəmiyyət daşıdı, belə ki, universitetin vahid portalı üzərindən bütün tədris materialları və dərslər həm canlı, həm video formatında sayta yükləndi, eyni zamanda imtahanlar elektron formada canlı dərslər üzərindən aparıldı. Qeyd edim ki, fevral ayından iyun ayınadək universitet tam olaraq online rejimə keçdi, universitet binasına daxil olmaq qadağan edildi, hətta kitabxanalar da bağlandı. Universitetin elektron kitabxanasından istifadə mövcuddur.
Yeni tədris ili ilə bağlı olaraq universitet rəhbərliyi tərəfindən qəbul olunmuş qərara əsasən dərslərin keçirilməsi üçün 3 format nəzərdə tutulub:
- - Online-40 nəfərdən çox auditoriya (tələbə universitetə gəlmədən dərsləri tam elektron formada keçir).
- - Hybrid (online+offline)-40 nəfərdən az auditoriya (tələbə öz seçimindən asılı olaraq seçə bilər, dərsi onlayn və ya offline keçmək istəyir). Bütün tədris materialları və mühazirələr həm dərsdə, həm də online formada universitet portalı üzərindən təmin olunur.
- - Offline (mühazirənin icra olunması metodundan asılı olaraq tələbə dərsi universitetdə keçməlidir, məsələn laboratoriyada eksperimentlər, praktik fəaliyyətlə bağlı mühazirədirsə iştirak etməlidir).
Belə ki, auditoriyada 40 nəfərdən az olan qruplar olarsa, dərslər hibrid, çox olarsa online formada təşkil olunacaq.
“Məsafədən tədrisimizi təkmilləşdirmək üçün təcrübə qazandıq”
Çilanay Səfərli, ABŞ-ın Corc Vaşinqton Universitetinin doktorantı:
- Bizim universitetdə payız semestri ərzində bütün bakalavr kursları, üz-üzə təlim tələb edən ixtisaslaşdırılmış proqramlar istisna olmaqla, onlayn magistr və doktorantura üçün isə hibrid olaraq keçiriləcək. Corc Vaşinqton Universiteti fərdi və ya akademik şərtləri məhdudlaşdıran az sayda bakalavr tələbəsini kampuslarda yataqxana ilə təmin edəcəkdir. Kampusda yaşayan tələbələr onlayn kurslarda iştirak edəcəklər, ictimai sağlamlıq və təhlükəsizlik tədbirlərinə əməl etməli olacaq, sosial məsafə saxlayacaq, maska taxacaqlar. Bundan əlavə, COVID-19 üçün mütəmadi testlərin aparılması gözlənilir. Magistr proqramlarının əksəriyyəti onlayn olaraq həyata keçiriləcək və bəzi proqramlar konkret fənlər üzrə fərdi məşğələlər şəklində təklif ediləcək.
Qeyd edək ki, payız semestri üçün planlarla bağlı universitet rəhbərliyi tələbə-müəllim heyətinə müraciət edib, ağır pandemiya və qeyri müəyyənlik dövründə göstərdikləri çevikliyə, təmkinliliyə, universitetin əsas prioriteti olan sağlamlıq və təhlükəsizlik məsələlərinə anlaşıqlı yanaşdıqlarına görə minnətdarlığını çatdırıb:
“Biz məsafədən tədrisimizi təkmilləşdirmək, təhsilalanların öyrənmə prosesini yaxşılaşdırmaq üçün təcrübə qazandıq. Biz resurslarımızın əhəmiyyətli hissəsini virtual tədris texnologiyalarına yönəltdik, bizim heyət və müəllimlər fəal şəkildə bütün tələbələrə ciddi və keyfiyyətli akademik təcrübəni təmin etmək üçün yenilikçi yolların axtarılıb tapılmasında əməkdaşlıq edirlər. Universitet tələbələrlə işləmək, praktiki olaraq bir-biri və daha geniş universitet icması ilə qarşılıqlı əlaqə qurmağa kömək etmək üçün daha çox səylər göstərmişdir. Universitet fəxr etdiyi etibarlı resurslar və xidmətlərlə onlayn olaraq bundan sonra da tələbələri təmin edəcək. Lakin biz etiraf edirik ki, bir çox yuxarı kurs tələbələri müəyyən şəxsi resurslara çıxış əldə edə bilməyəcəklər. Və biz də pandemiyanın cəmiyyətimizin bir çox üzvləri üçün görünməmiş maliyyə sarsıntılarına səbəb olduğunu qəbul edirik. Biz müvafiq olaraq qərara gəldik ki, kampusda yaşamayan yuxarı kurs tələbələri üçün təhsil haqqının 10 faiz azalmasını təmin edəcəyik”.
“Dərslərin həftədə 1-2 saat olmaqla keçilməsi nəzərdə tutulur”
Mədinə Quliyeva, London Universitet Kollecinin doktorantı:
- Böyük Britaniyanın London Universitet Kolleci yeni tədris ilinin ilk semestrinin bütün dərslərinin onlayn keçiriləcəyini elan edib. Kollecin kampusuna girişə hələ də dövlət tərəfindən məhdudiyyətlər qoyulub. Ona görə də payızda bütün dərslər onlayn nəzərdə tutulub. Tələbələrin kampusda görüşməsi, açıq yerlərdə olması limitsizdir. Kitabxana və başqa tələbə cəmiyyətləri dövlətin icazə verdiyi çərçivədə fəaliyyət göstərəcək.
Əcnəbi tələbələr istəsələr yaşadıqları ölkədən Kollecin təqdim etdiyi onlayn dərslərə qatıla bilərlər. Bu dərslər real rejimdə, qarşılıqlı interaktiv dərslər olacaq və hər ölkənin aid olduğu vaxt zonasına görə uyğunlaşdırılacaq. Tələbələrin yeni tədris ilinin onlayn sisteminə hazırlığını təmin etmək üçün hazırda onlara London Universitet Kollecinin “Connected Learning at UCL” xüsusi kursu keçilir.
Bu kursu 28 sentyabrda dərslərin başlayacağı günə qədər hər tələbənin keçməsi məsləhət görülür. Ancaq birinci semestrdən sonra dövlətin qərarına uyğun olaraq sistem dəyişə və tələbələr kampus sistemində tədrisə qayıda bilərlər. Lakin bu perspektivdə belə, yenə də dərslərin həftədə ilk vaxtlarda 1-2 saat olmaqla keçilməsi nəzərdə tutulur.
Vəziyyət dəyişkən olduğu üçün UCL dəyişikliklərə uyğunlaşmaq məqsədilə çevik addımlar atacaq. Əgər əcnəbi tələbələr ikinci semestrdə də Londonda 1-2 saatlıq dərslərə qatıla bilməsələr, onlara uyğun bir dərs sxemi təklif olunacaq.
“Mühazirələr onlayn və kiçik qruplar formatlarında keçiriləcək”
Olesya Razuvayevskaya, Kembric Universitetinin doktorantı:
- Sentyabrda Kembric Universiteti həmişəki kimi, tələbələri yeni tədris ili üçün qarşılayacaq. Mühazirələr onlayn və fərdi (kiçik qruplarda) formatlarında keçiriləcək. Bununla əlaqədar, bakalavr tələbələri üçün supervisions (praktik məşğələlər) həmişəki kimi kiçik qruplarda təmin olunacaq. Doktorantura tələbələri üçün xüsusi cədvəl tərtib olunacaq ki, ofisdə eyni zamanda 3-dən çox tələbə olmasın və tələb olunan məsafə qorunsun. Universitetin tələbə yataqxanaları kiçik hissələrə bölünəcək və tələbələr yalnız öz yaşadıqları məkanda qonşularla əlaqə saxlaya biləcək. Üstəlik, tələbələr və universitet heyəti üçün pulsuz COVID-19 testləri keçirilir.
Əcnəbi tələbələrə və güşətlərə gəlincə, onlar üçün də eyni qaydalar tətbiq olunur. Təhsil haqlarında güzəştlər nəzərdə tutulmur, ona görə ki, universitet bütün təhsil xidmətlərini təqdim edəcək. Lakin maliyyə çətinlikləri olan tələbələr üçün bir neçə dəstəkləyici fondlar tərtib olunub. Bütün qeyd etdiyim qaydalar yalnız qarşıdan gələn payız semestri üçün təsdiq olunub. Kembric Universiteti situasiyadan asılı olaraq noyabrdan sonra vəziyyəti yenidən qiymətləndirəcək.
Oruc MUSTAFAYEV