Son illərdə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb


Məlum olduğu kimi, son illər ölkəmizin təhsil sistemində aparılan islahatların keyfiyyət göstəriciləri məktəblərin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin inşası və əsaslı təmir olunaraq  müəllim və şagirdlərin istifadəsinə verilməsi ilə sıx bağlıdır.   Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın bütün bölgələrində müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Məqsədyönlü, davamlı tədbirlər nəticəsində ölkəmizdə  3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılıb.

 

Son illər bu sahədə aparılan işlər bir daha sübut edir ki, məktəblərin yeniləşməsi dövlət siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir. Belə ki,  Prezident İlham Əliyev  2020-ci il fevralın 3-də  “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında məktəb sisteminin infrastrukturunun yaxşılaşdırılması prosesinin cari il ərzində də davam etdiriləcəyinin anonsunu verib.  Dövlət başçısı ötən il sosial infrastrukturun yaradılması ilə bağlı önəmli addımlar atıldığını,  84 məktəb binasının tikildiyini və təmir edildiyini bildirib. “Ona görə bu proses də daim gedir. Biz məktəblərin böyük hissəsinin təmirini başa çatdırmışıq. Amma hələ də qəzalı vəziyyətdə olan məktəblər var və onların da təmiri ilə bağlı gələcək illərdə konkret addımlar atılacaqdır”.

 

Dövlət başçısının bu açıqlamasından sonra çox gözləmək lazım gəlmədi. Dünyanı bürümüş pandemiya və onun ağır fəsadlarına baxmayaraq,  cənab Prezident son aylarda da ölkəmizin təhsil sisteminə diqqət və qayğının bariz nümunəsi kimi paytaxt Bakı ilə yanaşı, regionlarda məktəb infrastrukturunun yaxşılaşdırılması ilə bağlı bir sıra sərəncamlar imzalayıb.  Sərəncamlara müvafiq olaraq, Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işləri davam etdiriləcək. Bundan əlavə, ölkəmizin ayrı-ayrı regionlarında da yeni məktəb binalarının tikintisi ilə yanaşı modul tipli məktəblərin də inşası başa çatdırılacaq.  Dağ və ucqar kəndlərdə dövlət büdcəsi hesabına inşa olunan və kənd sakinləri, şagirdlər tərəfindən razılıqla qarşılanan  modul tipli məktəblərin inşası prosesi  ümumən 2021-2022-ci illərdə başa çatdırılmalıdır.

 

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsindən aldığımız məlumata əsasən, cari ildə bu günə kimi 8 (1 modul tipli məktəb də daxil olmaqla) təhsil müəssisəsi əsaslı təmir və inşa olunaraq istismara verilmək üçün hazırdır. Ümumiyyətlə, yeni tədris ilində 34-ü modul tipli olmaqla  47 məktəb binasının istifadəyə verilməsi nəzərdə tutulub. İlin sonunda isə 100-ə yaxın (o cümlədən 60 modul tipli məktəb) məktəb binası istismara veriləcək. 34 modul tipli təhsil müəssisəsi 15 sentyabr 2020-ci il tarixdə, 26 modul tipli məktəb isə ilin sonuna kimi istismara veriləcək. 

 

Hazırda Təhsil Nazirliyi tərəfindən 106 (o cümlədən, 60 modul tipli məktəb) təhsil müəssisəsi, 3 peşə məktəbi və 3 məktəbdənkənar təhsil müəssisələrində əsaslı təmir və tikinti işləri aparılır. 26 təhsil müəssisəsinin, 3 peşə məktəbinin və 1 məktəbdənkənar təhsil müəssisəsinin layihə-smeta sənədlərinin hazırlanması işləri aparılır.  2015-2019-cu illərin statistik məlumatına əsasən, bu müddət ərzində  349 təhsil müəssisəsi istifadəyə verilib.

 

Qeyd edək ki, ölkəmizdə yeni ümumtəhsil müəssisələrinin tikintisi və şagirdlərin tədris mühitinin yaxşılaşdırılması istiqamətində dövlətin atdığı addımlar regionlarda sakinlər tərəfindən razılıqla qarşılanmaqdadır. 

 

Qazaxda yeni məktəb binaları inşa olunur

 

Hazırda Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində respublikamızın hər yerində olduğu kimi, Qazaxda da yeni məktəb binaları inşa olunur.  Qazax Rayon Təhsil Şöbəsinin müdiri Nizaməddin Babanlıdan aldığımız məlumata əsasən, rayonda yeni tədris ili ərəfəsində məktəb tikintisi və təmiri davam edir.

 

- Bu gün sevindirici haldır ki, ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın respublikamızda təhsil sahəsinə göstərdiyi diqqət və qayğısı Qazax rayonunda da böyük minnətdarlıq hissi və razılıqla qarşılanır.  Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmir-tikinti işlərinin “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına daxil edilməsi bölgələrimizdə təhsil sahəsinə olan dövlət qayğısının əyani sübutudur. 

 

Hazırda Heydər Əliyev Fondu tərəfindən Dövlət Proqramında tikintisi nəzərdə tutulan Şahnabat Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün  220 şagird yerlik yeni bina inşa olunur. 1967-ci ildən əsası qoyulan kənd məktəbi üçün yeni inşa edilən məktəb binasında şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq. Yanvar ayından tikintisinə başlanılan məktəb binası zirzəmisi olmaqla 2 mərtəbədən ibarət olacaq. Məktəb üçün həcmi 25 kubmetr olan içməli su anbarı, 100 kubmetr olan yanğından mühafizə üçün su anbarı, su nasosu stansiyası, qazanxana, idman zalı, akt zalı, yeməkxana və oyun meydançası da inşa ediləcək.

 

Məktəbin tikintisi sürətlə davam etdirilir. Artıq birinci və ikinci mərtəbələrdə, eləcə də idman zalında əsas işlər başa çatıb. İkinci mərtəbənin hörgü işləri yekunlaşmış və burada artıq suvaq və beton işlərinə başlanılmaq üzrədir. Beton işi başa çatdıqdan sonra da məktəb binasının dam örtüyü vurulacaq. Digər yardımçı binalarda da işlər eyni qaydada davam etdirilir.

 

Məktəbin müəllim-şagird kollektivi, valideynlər, kənd sakinləri yeni binanın inşasına görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

Məlumat üçün onu da qeyd edək ki, rayonda Sarıvəlli kənd tam orta məktəbin tikintisi ilə yanaşı, Təhsil Nazirliyi tərəfindən düşmənlə sərhəddə yerləşən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni bina tikilir. Heydər Əliyev Fondu tərəfindən Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbi isə əsaslı şəkildə yenidən qurulub.

 

Xaçmazda 4 modul tipli məktəbin tikintisinə başlanılıb

 

Yeni tədris ili ərəfəsində Xaçmazda da məktəb infrastrukturunun təkmilləşdirilməsi sahəsində işlər davam etdirilir. Ölkə başçısının müvafiq sərəncamları ilə Xaçmaz rayonunda  yeni məktəblərin, 4  yeni modul tipli məktəbin tikintisinə başlanılıb. Bu barədə  Xaçmaz   Rayon Təhsil Şöbəsinin müdir əvəzi Ağamirzə Əzimovdan aldığımız məlumatda qeyd olunur:

 

- Ölkəmizdə təhsilin inkişafina göstərilən diqqət və qayğı,  yeni məktəb binalarının tikilməsi, müəllim və şagirdlərimiz üçün müasir tələblər səviyyəsində şəraitin yaradılması bir daha sübut edir ki, təhsil dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir.  “Azərbaycan Respublikasında təhsilin inkişafi üzrə Dövlət Strategiyası”nın qəbulundan keçən müddət ərzində  ölkəmizdə məktəblərin tikintisi sahəsində müsbət dinamika  davam etməkdədir. Son illər təhsil sahəsinə ayrılan vəsaitlərin həcmi artıb, təhsil müəssisələrinin infrastrukturu müasirləşdirilib.  Strategiyaya uyğun olaraq respublikamızın digər regionlarında olduğu kimi, rayonumuzda da yeni-yeni məktəblər inşa olunub. Son 10 ildə Xaçmaz rayonu üzrə  50-yə yaxın ümumtəhsil məktəbi tikilərək şagird və müəllim kollektivlərinin istifadəsinə verilib.

 

Yeni 2020-2021-ci tədris ili ərəfəsində rayonumuzun Qaraçaycək və Qədmalıqışlaq  kəndlərində 56 yerlik, Tikanoba kəndində 20 yerlik ibtidai, Əbilyataq kəndində 96 yerlik tam orta modul tipli yeni ümumtəhsil məktəblərinin tikintisi başa çatdırılıb, 440 yerlik Xudat şəhər 1 nömrəli  tam orta məktəbin yeni binasında son tamamlama, 380 yerlik Qımılqışlaq kənd tam orta məktəbində isə əsaslı təmir-tikinti işləri aparılır.  1176 yerlik Xaçmaz şəhər 6 nömrəli tam orta məktəb  Heydər Əliyev Fondu  tərəfindən əsaslı təmir olunub, yeni tədris ilinə hazırdır.

 

Yeni tədris ili ərəfəsində cənab Prezidentin sərəncamı ilə daha 4 modul tipli məktəbin: 80 yerlik Xanlıqoba, 96 yerlik Xanoba ümumi orta, 40 yerlik Çuxuroba, 40 yerlik Hacıməmmədoba kənd ibtidai məktəblərinin tikintisinə başlanılıb. 

 

Beləliklə, görünən odur ki, Azərbaycanın ən ucqar kəndlərində belə şagirdlər yeni məktəblərdə təhsil alırlar. Bu, onun göstəricisidir ki, dövlət təhsilin inkişafına, onun maddi- texniki bazasının möhkəmlənməsinə böyük qayğı göstərir. Bu cür keyfiyyət dəyişiklikləri isə şagirdlərin təlim mühitini yaxşılaşdırır, təhsilin keyfiyyətini yüksəldir. 

 

Oruc MUSTAFAYEV