Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb. Elektron sənəd qəbulunda ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülmək, yaxud bir ixtisasdan digərinə dəyişmək istəyən, magistratura səviyyəsində təhsil alan, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak edib. Sənəd qəbulu 17-23 avqust tarixlərində aparılıb.

 

Transfer.edu.az portalı vasitəsilə 1303 tələbə orta ixtisas təhsili müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçib. Onlardan 92 nəfəri sorğusunu təsdiq edib. Portal vasitəsilə ali təhsil müəssisələrinə köçürülmək üçün qeydiyyatdan keçənlərin sayı 3001 nəfər təşkil edib. Onlardan 978 nəfəri öz sorğusunu təsdiq edib.

 

Nəticələr sentyabr ayında elan olunacaq.

 

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin olunması məqsədinə xidmət edir.