Şəbnəm Uğurlu: “Müəllim kimi işləməyim direktorluq fəaliyyətimdə çox gözəl bir təcrübə olacaq”
Bu gün çox az adam tapılar ki, bir qərarı ilə öz rahatlığını, yaşadığı həyat tərzini onun əksi olan mühitə dəyişdirməyə maraqlı olsun. İnsan nə qədər, öz peşəsini sevən və sevdirməyi bacaran olmalıdır ki, onu gözləyən çətinliklərə rəğmən bütün rahatlığını, imkanlarını geridə qoyub arzusunun dalınca getsin.
Paytaxtdan uzaqda istər şəraitinə, istərsə də yaşam tərzinə görə, qaynar şəhər həyatından fərqli, müqayisəyəgəlməz digər xüsusiyyətləri ilə seçilən bir kəndə könüllü olaraq müəllim kimi işləməyə gedən Şəbnəm Uğurlu də məhz orada yaşamaq istədiyi həyatı üstün tutdu. O zamanlar ağlına belə gətirməzdi ki, illər keçəcək və onun yüksələn karyerasının başlanğıcı da elə məhz tərəddüdsüz seçim etdyi Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbi olacaq.
Belə ki, bu günlərdə Şəbnəm Tofiq qızı Uğurluya yüksək etimad göstərilərək-işlədiyi təhsil müəssisəsinə rəhbərlik etmək həvalə olunub. Gənc təhsil işçisinin qısa zaman kəsiyində qazandığı uğurlar, əldə etdiyi nailiyyətlər direktorluq kimi məsuliyyətli bir vəzifənin ona tapşırılmasına gətirib çıxardıb. “Azərbaycan müəllimi” qəzeti olaraq bu gənci biz də daha yaxından tanımaq və oxucularımıza tanıtmaq istədik.
Bakıda yaşayıb, orta və ali təhsilini paytaxtda alsa da...
Şəbnəm Uğurlu 1986-cı ildə Laçın şəhərində müəllim ailəsində doğulub. Təəssüf ki, digər həmyaşıdları kimi onun da uşaqlığı müharibə dövrünə düşüb. Laçının ermənilər tərəfindən işğalı nəticəsində 1992-ci ildən ailəsi Bakı şəhərində məskunlaşıb. Elindən-obasından, doğma yurdundan uzaqda...
Deyir ki, Azərbaycanın hər qarışına canım qurbandır. Amma onun üçün Vətən anlayışı doğulduğu Laçından başlayır...
Bakı şəhərindəki 54 nömrəli tam orta məktəbi bitirib. Azərbaycan Dillər Universitetində təhsil alıb. İxtisasca ingilis dili müəllimidir. Hələ tələbə olduğu zamanlarda dil kurslarında çalışıb ki, bu da özünü inkişaf etdirmək baxımından çox önəmlidir. Onun sözlərinə görə, nəzəriyyəni bilmək gözəldir, amma təcrübə insanı daha da təkmilləşdirir, mükəmməlləşdirir. Ali təhsilini başa vurduqdan sonra bir müddət ölkənin tanınmış holdinqlərindən birində tərcüməçi kimi çalışib. Şəbnəm söyləyir ki, uşaqlıqdan müəllimlik peşəsinin vurğunu olub: “Atam rus dili müəllimi işləyib və o zamanların təhsil sahəsindəki mükafatlarından birinə - “SSRİ maarif əlaçısı”na layiq görülüb. Bir çox təkliflərə baxmayaraq atam hər zaman Laçında qalmağı və ona bir müəllim kimi ehtiyac duyulan yerdə çalışmaqda qərarlı olmuşdur. Bəlkə də elə buna görədir ki, mən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək ixtisasım üzrə keçirilən imtahanda topladığım yüksək balla şəhər məktəbində deyil, məhz laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları, Ağcabədi rayonu ərazisində yerləşən bir kənd məktəbində dərs deməyi üstün tutdum”.
Əslən laçınlı olan bu gənc rayonlarının işğal altında olması səbəbindən Bakı şəhərində böyüsə də hər zaman ailəsində məcburi köçkünlərin böyük bir qisminin yaşadığı Ağcabədi rayonu ərazisində yerləşən Taxtakörpü adlı bir qəsəbə haqqında danışıldığını söyləyir: “Açığını desəm, heç vaxt orada yaşayacağımı düşünməmişdim. 2012-ci ildə MİQ imtahanına getdim. Yüksək bal topladım, paytaxt məktəblərinin birində müəllim kimi fəaliyyət göstərmək şansım olsa da qərara gəldim ki, mən daha çox ehtiyac duyulan yerdə olmalıyam. Düşündüm ki, onsuz da paytaxtda yaxşı müəllimlər çoxdur. Ailəmizdə tez-tez adıçəkilən və bizim üçün doğma olan Ağcabədi rayonunda müvəqqəti məskunlaşan laçınlı balalara dərs demək üçün evimizdən 400 km aralı bir qəsəbəyə yollandım. Elimə-obama, burada təhsil alan şagirdlərə xidmət etməyi, həyatlarında məndən də bir pay olmasını istədim.Və beləcə kənddə pedaqoji fəaliyyətə başladım. Şəhərdə böyüyən və yaşayan biri kimi məişət çətinlikləri ilə üzləşdim, lakin şagirdlərin və valideynlərin isti münasibəti məni bir an olsun belə, verdiyim qərardan peşman etmədi. Tam əksinə, öz peşəmə olan sevgimi, buradakı insanlara olan hörmətimi daha da artırdı. Məhz onların da bir müəllim olaraq mənə olan sayğısı bütün çətinliklərimi geridə qoydu. Və bu il müəllimlik fəaliyyətimin 8 ili tamam olur”.
Ş.Uğurlu deyir ki, kənd məktəbi ilə şəhər məktəbi arasında, təkcə məsafə yox, eyni zamanda bir mühit, infrastruktur fərqi mövcuddur. Amma əgər məqsəd birdirsə, onda heç bir problem yoxdur. Önəmlisi budur ki, şagirdlərə öz övladın, doğman kimi dəstək olasan. Onların hər biri ilə yaxından maraqlanasan. Əsas soyuq divar arasında isti münasibət qurmağı bacarmaqdır...
Bura gələndə özünə söz verib ki...
Həmsöhbətim söyləyir ki, kəndə gələndə özünə söz veribmiş. Hər kəsə sübut edəcək ki, çalışdığı peşəsində inkişaf etmək, yeniliklərə imza atmaq üçün məkan (kənd və ya şəhər) əsla fərq etməz. Önəmli olan istəkdir, məqsəddir.Və gənc müəllim addım-adım qoyduğu hədəflərinə doğru irəliləməyə başlayır.
2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 55 bal toplayan gənc müəllim Təhsil Nazirliyinin təhsil işçilərinə olan diqqət və qayğısını hər zaman hiss etdiyini qeyd edir. O, 2018-ci ildə Təhsil nazirinin yüksək bal ilə ucqar kəndlərdə işləməyi seçən gənc müəllimlər ilə görüşündə iştirak edir və Təhsil Nazirliyinin Fəxri fərmanı ilə təltif olunur. Elə həmin ildə Milli Məclisin Gənclər və İdman Komitəsinin, AzEdu.az təhsil portalının və “Gənc müəllim” şəbəkəsinin birgə layihəsi olan “İlin gənc müəllimi” müsabiqəsinə qatılır.
Öz üzərində daim işləyən, müəllimlik fəaliyyətinə yaradıcı yanaşan Ş.Uğurlu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan müsabiqə üçün şagirdləri ilə birlikdə ingilis dilində videoçarx hazırlayır və bu, sosial şəbəkədə böyük bir rezonans yaradır. Yaradıcı müəllim həmin müsabiqənin də qalibi olur. Bunu eyni zamanda, şagirdlərinin də uğuru hesab edir: “Təltifetmə Milli Məclisdə baş tutdu. Ən unudulmaz günlərdən biri idi. Hazırladığımız videoçarx Milli Məclisdə deputatlar tərəfindən izlənildi”.
Azərbaycanı beynəlxalq təhsil konfranslarında təbliğ etməkdən qürur duyur
Müəllimliklə yanaşı, ictimai fəaliyyətlə də məşğul olan Şəbnəm Uğurluya görə məsafələr heç vaxt onun üçün əngəl olmayıb. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq təhsil konfranslarında iştirak edib. 2019-cu ilin yanvar ayında İstanbulda təşkil olunan beynəlxalq Təhsil Konfransında fərqli ölkələrdən olan müəllimlər qarşısında çıxışı zamanı ilk öncə “20 Yanvar faciəsi” mövzusunda geniş təqdimat edib. Bakını bolşevik zülmündən azad etməyə gələn Nuru Paşanın Osmanlı əsgərlərinin məzarlarının Bakının ən hündür nöqtəsi sayılan Dağüstü Parkda Azərbaycan şəhidləri ilə bərabər uyuduqlarını söyləyib. Elə həmin il “E-twinning” layihəsi çərçivəsində tanış olduğu “İstanbul Anadolu Türk lisesi”nin müəllim heyəti və şagirdləri ilə işlədiyi məktəbdə gözəl, unudulmaz görüş keçirib.
Müəllim işlədiyi məktəbə “Kanada Azərbaycan Cəmiyyəti” tərəfindən xarici ədəbiyyatın gətirilməsinə nail olub.
2021-ci ilin iyul ayında isə o, İstanbulda “Uluslararası STEM öğretmenler konferansı”na elmi məqalə ilə çıxış etməyə dəvət olunub.
Mənə etimad göstərilib...
Şəbnəm Uğurlu bildirir ki, istər müəllimlik, istərsə də ictimai fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. 2019-cu ildə keçirilən təhsil işçilərinin respublika konfransında çoxminli təhsil işçiləri arasından seçilərək ölkə müəllimləri adından çıxış etməsini böyük qürur, sevinc hissi ilə xatırlayır. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının fəal üzvü, eyni zamanda Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsinin iştirakçısı olan yaradıcı müəllim 2019-cu ilin oktyabr ayında “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub: “Bu günlərdə isə mənə yüksək etimad göstərilərək müəllim kimi çalışdığım təhsil müəssisəsinə rəhbərlik etməyi həvalə ediblər. Bilirsiniz, bu həyatda insanın əməyinin qiymətləndirilməsindən gözəl heç nə yoxdur. Bu diqqəti daim biz gənclərə hiss etdirdiyi üçün Təhsil Nazirliyinə təşəkkür edirəm.
Məktəbimizdə əsaslı dəyişikliklər etmək istəyirəm. Bunun üçün hədəflərim var. Təhsil sahəsində reallaşdırılan tədbirlərdə məktəbimizin də fəal iştirakının təmin olunması qarşıma qoyduğum əsas məqsədlərimdən biridir. Digər görmək istədiyim işlərdən biri də məktəbimizin təhsil sahəsində tətbiq olunan müxtəlif səpgili layihələrdə, eləcə də şagirdlərimizin istər respublika fənn olimpiadalarında, istərsə də beynəlxalq müsabiqələrdə, bilik yarışlarında iştirakına nail olmaqdır.
Bu yüksək vəzifəni daşımağın ağır olduğu qədər həm də böyük məsuliyyət tələb etdiyini yaxşı bilirəm. Əminəm ki, müəllim kimi işləməyim direktorluq fəaliyyətimdə çox gözəl bir təcrübə olacaq”.
Samirə KƏRİMOVA