Bu peşəyə sahib olmağı hədəf seçənlər mübarizə meydanında
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ikinci mərhələsi olan test imtahanları başlayıb. 2020-2021-ci tədris ili üzrə keçirilən növbəti müsabiqədə iştirak etmək üçün 53 880 namizəd elektron qeydiyyatdan keçib. Onlardan 51 227 nəfəri elektron ərizəsini təsdiq edib. Elektron ərizələr yoxlanıldıqdan sonra 46252 namizəd müsabiqəyə buraxılıb. Müsabiqənin avqust ayının 14-dən start götürən test mərhələsində 46228 namizəd iştirak hüququ qazanıb.
Test imtahanı üçün şərait də dəyişdi, qaydalar da
Öncəliklə qeyd edək ki, 46 mindən çox namizədin imtahan verəcəyi sözügedən mərhələnin təşkilində bu il bəzi dəyişikliklər edilib. Fərq ilk növbədə mövcud pandemiya şəraitilə bağlı olsa da, bundan sonra tətbiq ediləcək yeniliklər də var.
Öncə dünyada tüğyan edən COVID-19 koronavirus infeksiyasının səbəb olduğu dəyişikliklərdən başlayaq. Belə ki, bu il ilk növbədə kütləvi sayda insanın bir yerə cəmləşməməsi zərurəti nəzərə alınıb. Bu məqsədlə imtahanların keçiriləcəyi məkanlarla bağlı yeni qərar verilib. Həmin qərara əsasən test imtahanları, sadəcə Bakıda deyil, 17 bölgədə təşkil edilən 32 mərkəzdə keçirilir. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, ən çox imtahan mərkəzi Bakıda fəaliyyət göstərir: “Bakı və Sumqayıtda ümumilikdə 13 imtahan mərkəzi var. Onların 11-i Bakıda, 2-si Sumqayıtdadır. Namizədlər də ən çox bu mərkəzlərdə keçirilən imtahanlara cəlb edilib. Hər rayon və ya şəhərdə maksimum 2 mərkəz, bəzi rayonlarda 1 mərkəz var. Namizədlər yaşayış yerinə müvafiq bölgədə imtahan verir”.
Şənbə və bazar günləri istisna olmaqla 18 gün davam edəcək test imtahanları sentyabr ayının ilk 10 günlüyündə başa çatacaq. Mövcud pandemiya şəraitinə uyğun planlaşdırılan imtahan vaxtı namizədlərin şəxsi səhifələrinə göndərilib. Belə ki, avqustun 14-dən etibarən fizika, fransız dili, biologiya, Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət, rus dili və ədəbiyyat fənləri üzrə imtahanlar qrafik üzrə artıq keçirilib. 21-25 və 26-27 avqust tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlarda iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndərilib.
Digər fənlər, həmçinin ibtidai sinif müəllimliyi üzrə keçiriləcək növbəti imtahanların tarixi barədə məlumatlar hissə-hissə şəxsi səhifələrə göndəriləcək.
90 dəqiqə + 10 dəqiqə
Harada imtahan verməyindən asılı olmayaraq, namizədlərə 90 dəqiqə vaxt verilir. Bu müddətdə onlar ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 suala cavab verirlər. İmtahan keçiriləcək bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində səhv cavablandırdığı sualları görmək imkanı yaradılır.
Xatırladaq ki, bu ilədək 60 sualdan ibarət test tapşırıqlarında ixtisas və metodika ilə yanaşı, məntiqə aid suallar da yer alırdı. Builki test imtahanlarında ən vacib dəyişikliklərdən biri məhz testin tərkibindən məntiq ilə bağlı sualların çıxarılmasıdır.
Bu il Təhsil Nazirliyi tərəfindən həyata keçirilən digər vacib dəyişikliyə görə test imtahanları başa çatdıqdan sonra namizədlər öz imtahan nəticələri ilə tanış ola bilirlər. Xatırladaq ki, ötən ilədək namizədlər imtahan bitən kimi ümumi nəticəsini, hər bölmə üzrə neçə bal topladığını bilirdi. Ancaq əldə etdiyi həmin nəticənin səbəbini bilmirdi. Test tapşırıqlarında nəyi səhv etdiyini bilmək istəyənlər isə sonradan apelyasiya mərhələsinə müraciət etmək gərəyi duyurdular. Bu il bu məcburiyyət də aradan qalxıb və daha bir gözlənilən təmasın qarşısı alınıb. Artıq imtahandan çıxan namizədə imtahan nəticələri təfərrüatı ilə təqdim edilir. Həmin məlumat əsasında namizəd hansı suala səhv cavab verdiyini imtahan bitəndən sonrakı 10 dəqiqə ərzində öyrənir.
37 dərəcədən aşağı olana maska, yuxarı olana...
E.Bağırov qeyd edib ki, builki test imtahanlarında zəruri sanitar-epidemioloji tədbirlərə əməl olunur. İmtahan binasına namizədlər hərarəti ölçüləndən sonra buraxılırlar. Bədən temperaturu 37 dərəcədən yuxarı olanlar binaya girə bilmirlər. Hərarəti 37 dərəcədən aşağı olanlardan isə maska taxaraq binaya girmələri tələb edilir. Xatırladaq ki, imtahan prosesində maskanın çıxarılması yolverilməzdir. Namizədlər imtahana gələrkən tibbi əlcəklərlə də təmin edilirlər.
TƏBİB ərazi bölmələrinin metodiki göstərişinə əsasən imtahanların keçiriləcəyi binalarda dezinfeksiya işləri görülüb. E.Bağırov deyib ki, bu işlər imtahan günləri də davam edir. Belə ki, hər imtahan seansı başa çatdıqdan sonra imtahan zalında namizədin əyləşdiyi masa, təmasda olduğu yer dezinfeksiyaedici məhlullarla təmizlənir.
İmtahanın birinci günü
İmtahanın keçirildiyi binalardan birində - Bakı şəhəri 20 nömrəli tam orta məktəbdə sakitlikdir. İçəri girmədən burada imtahan keçirildiyini anlamazsan belə. Halbuki binada fizika və fransız dili müəllimi olmaq istəyən namizədlər imtahan verir. Bu imtahanlarda 2000-ə yaxın namizədin iştirakı nəzərdə tutulur.
Binada 5 otaqda imtahan təşkil edilib. Birdən-birə 500 nəfərin imtahan verməyinə alışdığımızdan, bir sinif otağında 2-3 nəfəri görəndə təəccüblənirik. İmtahan rəhbəri Sultanə Məmmədova bunu belə izah edir: “Hər seansda 5 otaqda cəmi 47 nəfərin iştirakı nəzərdə tutulurdu. Ancaq iştirak etməyənlər - gəlməyənlər və gecikənlər olduğundan bəzi otaqlarda iştirakçı sayı azdır”.
S.Məmmədovanın sözlərinə görə, gecikənlər və gəlməyənlər növbəti seanslarda da iştirak edə bilmirlər.
İmtahan başa çatır.
Püstə Həsənova Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur. Fizika müəllimi olmaq istəyir. İlk dəfə ötən il cəhd edib. Amma suallar çox çətin gəlib: “Bu il ötən illə müqayisədə suallar asan olsa da, hazırlaşmadığım üçün yenə uğursuz nəticə əldə etdim”.
Müəllimliyi harada edəcəyinin isə elə bir fərqi yoxdur, deyir: “Nəticəm uğurlu olsaydı, ailə vəziyyətimin imkan verdiyi rayonlardan birində də işləyərdim. Sualların əksəriyyətinə cavab verə bilmədiyim üçün imtahanın sonunadək gözləyib nədə səhv etdiyimlə də maraqlanmadım”.
Bu seansda hamı uğursuzdur? Əlbəttə, yox. Ülkər Abdullayeva 56 bal toplayıb. 1992-ci ildə Neftçala rayonunda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Pedaqoji fəaliyyətə başlayıb da. Müəllimlikdə 2016-cı ildən başlayan yolçuluğu uğurla davam edir. Onun yolu müəllimlərin işə qəbulu imtahanında göstərdiyi 45 balla İmişli rayonunun Qulubəyli kəndindən start götürüb. 2019-cu ildə yenidən imtahan verərək 53 bal toplayıb və müddətli müqavilə ilə Sabunçu rayonundakı 67 nömrəli tam orta məktəbdə işə başlayıb: “Bu il daha çox bal yığa bilərdim. Kiçik texniki səhvlərə yol verdiyimi bu il ilk dəfə tətbiq edilən 10 dəqiqədə öyrəndim”.
Ülkər müəllim deyir ki, builki suallar universiteti bitirib ilk dəfə MİQ müsabiqəsində imtahan verənlər üçün yaxşı olsa da, bu imtahanlarda onun kimi təcrübə toplayan müəllimlər üçün çox asan idi: “Təhsil Nazirliyinin müəllimlərin işə qəbulunun təşkilindəki fəaliyyətini çox bəyənirəm. Hər il şəffaflıq və ədalət baxımından imtahanların təşkili daha da təkmilləşir. Neçə ildir imtahan verirəm, bununla bağlı hər hansı neqativ faktla rastlaşmamışam. Xüsusən, bu il səhvlərimizi öyrənmək üçün yaradılan imkan məni və mənim kimi yüzlərlə namizədi çox razı saldı. Mən yol verdiyim texniki qüsurları məhz bu imkandan yararlandığım zaman öyrəndim. Hər il müəllimlər buna görə narazılıq edir, narahat olurdular. Artıq harda səhv etdiyini elə imtahandan dərhal sonra bilir və bu, əlavə əsəb gərginliyindən insanı xilas edir”.
İmtahanın ilk gününün uğurlu namizədi, sadəcə Ülkər Abdullayeva deyildi. Rəşidə Səfərova, Saçlı Müslümova da 56, Ayşən Quliyeva isə 57 bal toplayaraq günün fizika fənni üzrə qəhrəmanları oldular.
Həmin gün Zəhra Xangəldiyeva və Sona Məmmədova 54 balla fransız dili üzrə ən yüksək ballı namizədlər siyahısına düşdülər.
İkinci günün qəhrəmanları
Avqustun 17-də rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirildi. İmtahanlarda iştirak edən 2 mindən çox namizəd arasında Həyat Əliyeva 56, Qızbəs Umudova və Fəridə Hüseynova 55 bal toplayaraq rus dili fənni üzrə, Fidan Məmmədova, Gülnar Quliyeva, İradə Zeynalova, Samirə Nadirli 57, Aygün Qədirova, Fəridə Əliyeva, Nüşabə Hətəmova, Samirə Məsimova, Səadət Salmanova, Şəmsiyyə Seyidbəyli 56 bal toplayaraq biologiya fənni üzrə ən yüksək nəticə göstərdilər.
Rus dili fənni üzrə 56 balın sahibi Həyat Əliyeva özündən narazı qalıb. Bu balla hədəfinə nail olması bir az çətin görünür: “Uzun illər müəllim işləmək mümkünsüz idi, işləyə bilmədim. Qaydalar dəyişdi, öz biliyimiz və qabiliyyətimizlə müəllim olmaq üçün şərait yaradıldı. Bu dəfə də topladığım bal istədiyim yerdə işləməyimə imkan vermir. Yaşadığım əraziyə yaxın məktəblərin birində - Binəqədi və ya Masazır məktəblərində işləmək istəyirəm”.
Bu il imtahanda səhvlərini görə bilməsini uğurlu dəyişiklik kimi qiymətləndirən H.Əliyeva bunu arzusunun reallaşması kimi dəyərləndirib: “Belə bir dəyişikliyin olacağı gözlənilən idi. İndiyədək olmaması təəccüb doğururdu. Ötən il hətta mətbuata müsahibələrimdə təklif etmişdim ki, imtahandan sonra səhvlərimizin nədə olduğunu öyrənməyimiz təmin edilsin. Bu il bu istəyim reallaşdı. Hesab edirəm ki, imtahan verən namizədlər üçün bu, çox önəmli dəyişiklikdir”.
Bakı Dövlət Universitetinin məzunu Səma Həsənova isə müəllimliyə ötən ildən başlayıb: “2019-2020-ci tədris ili üçün keçirilən imtahanda 52 bal topladım. Nəticəmə uyğun olaraq Şuşa rayon Quşçular kənd tam orta məktəbində müddətli müqavilə ilə 4 ay müəllim olaraq çalışdım. Daimi is yeri əldə etmək üçün bu il yenidən iştirak edərək 55 bal topladım”.
Builki dəyişikliklərdən də razıdır: “Məntiqlə bağlı sualların testdən çıxarılması mənə imtahanda daha çox vaxt qazandırdı. Suallar rahat, amma düşündürücü idi”.
3 ay onlayn hazırlıq kursuna qoşulan və bununla da müstəqil hazırlığını tamamlayan Səma Həsənova nəticədən razı qalıb: “Hazırlaşan müəllimlərə deyə bilərəm ki, həvəslə hazırlaşsınlar. Çünki sonda mütləq yaxşı nəticə əldə edəcəklər”.
İmtahanın üçüncü günü
Avqustun 18-də Azərbaycan dili və ədəbiyyat, təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. Həmin gün imtahanlarda 3523 namizədin iştirakı nəzərdə tutulurdu.
Azərbaycan dili və ədəbiyyat fənni üzrə imtahan verənlərin nəticələri indiyədək qeydə alınan ən yüksək nəticələr olub. Belə ki, bu fənn üzrə namizədlər 59 bal toplayaraq ən yüksək nəticə göstəriblər. Beləliklə, Gülnar Muqumova, Fizzə Çərkəzli və Aytac Quliyeva 59 balla digər namizədlərdən seçilirlər.
Gülnaz Muqumova Balakən rayonunda yaşayır. Müəllimlərin işə qəbulu müsabiqəsində artıq üçüncü dəfə iştirak edir: “Ötən il 52 bal toplamışdım. Ancaq rayonumuzda vakansiya olmadığından Kürdəmir rayonu Şəmiyev adına Çöl-Ərəb kənd ümumi orta məktəbində müddətli müqavilə ilə işlədim.”.
Təcrübə toplamaq məqsədi ilə Kürdəmirə getməyi gözə alan gənc müəllim başqa yerdə yaşamağın çətinliyini anlayıb: “Balakən və ya Zaqatalada vakansiya olmasa, Bakıdakı məktəblərdə seçəcəyəm. Düzü, vakansiyanı çox həyəcanla gözləyirəm”.
Gülnaz Muqumova builki dəyişikliklərin onun həyatını yüngülləşdirdiyini deyir: “Bu il imtahanların bölgələrdə də təşkil edilməsi çox ürəyimdən oldu. Hətta çox istərdik ki, bundan sonra hər il imtahanlar belə təşkil edilsin. Bu il o qədər rahat oldu ki. Hətta öz oxuduğum məktəbdə imtahan verdim. Oxuduğun məktəbdə imtahan verib yüksək nəticə əldə etmək və gözləntiləri doğrultmaq çox gözəl bir hissdir. O qədər xoşbəxtəm ki, bunu sözlə ifadə edə bilmirəm”.
G.Muqumovanın metodikadan suallara cavab verərkən tərəddüdləri olub: “İmtahan bitəndə 59 balı görüb təəccübləndim. Sonra səhvlərimin nədə olduğunu öyrəndim və məlum oldu ki, tərəddüd etdiyim cavablarım düz, əksinə, doğruluğuna əmin olduğum cavab səhvdir. Suala diqqətsiz yanaşmasaydım, mümkün balın hamısını toplayacaqdım”.
G.Muqumova onu tanıyanlar nədə səhv etdiyi ilə maraqlanırlar: “Yaxşı ki, bu dəyişiklik oldu. Səhvimi vaxtında bildim. İmtahan verənlərə demək istəyirəm ki, suallara təkrar baxsınlar. Bu, onlara sualı daha yaxşı anlamağa, səhvdən yayınmağa imkan verəcək”.
Təsviri incəsənət fənni üzrə isə bu il ən yüksək nəticə 55 bal olub. Ülviyyə Babaşova, Nərgiz Məmmədova, Kürsümxanım Əkbərzadə bu nəticə ilə öz fənni üzrə imtahanın ən yüksək nəticə göstərənləri olub.
İlk üçlüyə daxil olan Nərgiz Məmmədova təsviri incəsənət üzrə 55 bal toplayaraq yüksək nəticə əldə edib. O da imtahandan çıxmadan səhvlərini bildiyi üçün məmnundur. Ancaq harda işləyəcəyini hələ bilmir: “Şagirdlərimin sözlərini deyə bilən, hüquqlarından xəbəri olan insan kimi yetişmələrini istəyirəm. Onları məhz bu yöndə inkişaf etdirmək müəllim kimi əsas hədəfimdir”.
Şagirdlərinə sərbəstlik vermək, onların özlərini ifadə edə bilmələri üçün əlindən gələni edəcək: “Yaradıcı qabiliyyətlərini, zövqlərini, dünyaya baxışlarını daha rəngarəng etməyi düşünürəm. Öyrənəcəyim hələ çox şey var, amma ideal müəllim şagirdləri ilə öyrənib, inkişaf edib, onları özü ilə bərabər görəndir”.
İmtahanın dördüncü günü
Avqustun 19-da Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. Həmin gün imtahanlarda 2700-dən artıq namizəd iştirak edib. Günün qəhrəmanı isə Leyla Ağayeva olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün girdiyi imtahandan 60 bal toplayıb.
İmtahanların növbəti günü, avqustun 20-də Azərbaycan dili və ədəbiyyat, musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib. İmtahanlarda 2000-dən çox namizəd iştirak edib. İmtahan verənlərdən bir nəfər - Rəna Hüseynova musiqi fənni üzrə test imtahanında 60 bal toplayaraq maksimum nəticə göstərib.
Müsahibələr mərhələli şəkildə həyata keçiriləcək
Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları başa çatdıqdan sonra müvafiq keçid balını toplayan namizədlər vakansiya seçimi mərhələsində iştirak edəcək.
Tədris ilinin başlamasına qısa müddət qalması ilə əlaqədar ümumi təhsil müəssisələrində kadr təminatının daha çevik həyata keçirilməsi məqsədilə cari il vakansiya seçimi mərhələsi nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlər ilkin olaraq müddətli əmək müqaviləsi ilə işə qəbul ediləcəklər.
Sözügedən kontingent üçün müsahibələr mərhələli şəkildə mövcud vəziyyət nəzərə alınaraq onlayn və ya ənənəvi qaydada təşkil olunacaq. Müsahibədən uğurla keçən namizədlər ilə müddətsiz əmək müqaviləsi bağlanılacaq.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin mərhələsi başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada tədris ili boyu mütəmadi olaraq həyata keçiriləcək.
Qeyd edək ki, mövcud qaydalara əsasən müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.
Ruhiyyə DAŞSALAHLI