Məsələ ilə bağlı ictimai rəy öyrənilir


Avqustun 17-də Təhsil naziri Emin Əmrullayev və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan deputatların iştirakı ilə videokonfrans keçirilib. Koronavirus pandemiyası şəraitində təhsil problemlərinin müzakirəyə çıxarıldığı tədbirdə yeni dərs ilinə hazırlıqla bağlı Təhsil Nazirliyinin gördüyü işlər barədə məlumat verilib. Vəziyyətdən çıxış yolu olaraq irəli sürülən  təkliflər geniş müzakirə olunub. Deputatlarla aparılan müzakirələrdə COVID-19 koronavirus infeksiyasının səbəb olduğu pandemiya şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına dair Təhsil İnstitutunun hazırladığı təkliflərə geniş yer ayrılıb. Maraqlı müzakirə, qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüş istər tədbirin iştirakçıları, istərsə də təhsil ictimaiyyətinin marağını cəlb edib.

 

“Təhsilin hansı formatda təşkilindən asılı olmayaraq, 2 prinsip əsas götürülməlidir”

 

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Bəxtiyar Əliyev bu əməkdaşlıq platformasını müsbət dəyərləndirərək Təhsil Nazirliyi ilə qanunvericilik hakimiyyəti arasında belə ünsiyyət kanallarının genişləndirilməsinin vacib olduğunu bildirib. Təhsil Nazirliyinin Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri ilə birgə müzakirə təşəbbüsünü yüksək qiymətləndirib: “Təhsil naziri Emin Əmrullayevin təşəbbüsü ilə hamının diqqət göstərdiyi çox vacib məsələ ətrafında Milli Məclisin Elm və Təhsil Komitəsi ilə birlikdə videokonfrans formatında maraqlı müzakirə oldu. Qeyd edildi ki, Təhsil İnstitutunda elmi əsaslara söykənən araşdırma aparılıb.

 

Beynəlxalq təşkilatların tövsiyələrinə, ayrı-ayrı dövlətlərin, həmçinin qısa müddətdə ölkəmizin əldə etdiyi təcrübəyə əsaslanaraq təkliflər hazırlanıb. Həmin təkliflərlə Elm və Təhsil Komitəsinin üzvləri də tanışdır. Belə bir araşdırmanın hazırlanması və ictimaiyyətin müzakirəsinə təqdim edilməsi Təhsil Nazirliyinin prosesə məsuliyyətlə yanaşmasının göstəricisidir”.

 

Komitə sədri Təhsil Nazirliyinin pandemiyanın mənfi təsirini azaltmaq məqsədi ilə həyata keçirdiyi tədbirlərə diqqət çəkib: “Bildiyiniz kimi, martın 11-dən ölkəmizdə bütün təhsil pillə və səviyyələri üzrə onlayn dərslər təşkil edilib. Ayrı-ayrı platformalar üzərindən distant təhsilin təşkilinə görə Azərbaycan dünyadakı 3-4 dövlətdən biri oldu. Bu da Təhsil Nazirliyinin baş verənlərə düzgün yanaşmasının nəticəsidir”.

 

Bu sahədə Təhsil Nazirliyinin hazırlıq plan və təşəbbüslərini yüksək qiymətləndirən B.Əliyev pandemiyanın  vaxtında nəzarətə götürülməsi baxımından da ölkəmizin qabaqcıl ölkələr sırasında olduğunu vurğulayıb: “Ölkə Prezidenti İlham Əliyevin fərman və sərəncamlarından irəli gələn məsələlərin həlli ölkədə sanitar-epidemioloji şəraitin nəzarətdə saxlanılması, virusun geniş yayılmasının qarşısının alınması və bu istiqamətdə tibbi imkanların genişləndirilməsi ilə nəticələndi. Bu gün Azərbaycanda vəziyyət bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha yaxşıdır. Bu da gələcəklə bağlı nikbin olmağa əsas verir”.

 

B.Əliyevin fikrincə, təhsildə qarışıq modeldən istifadə edərək tədris prosesini səmərəli şəkildə qurmaq mümkündür: “Mənim fikrimcə, məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə şagirdlərin müəllimlə ünsiyyəti zəruridir. Yuxarı siniflərdə onlayn dərs keçilə, fasilələrlə ənənəvi dərs formatından da istifadə edilə bilər.  Hesab edirəm ki, kütləvi toplaşmalara yol vermədən məktəb rəhbərləri öz işini uğurla qura və prosesi idarə edə bilərlər”.

 

Təhsilin hansı formatda təşkilindən asılı olmayaraq, Komitə sədri 2 prinsipin əsas götürülməli olduğunu deyir: “Birincisi, elmi və tibbi cəhətdən əsaslandırılmış tövsiyələrin olması, ikincisi, sağlamlığın qorunması üçün əlavə tədbirlərin həyata keçirilməsi, yəni sanitar-gigiyenik norma və qaydalara əməl edilməsidir. Orta təhsil pilləsində təhsilalanlar və təhsilverənlər  1.969.673 nəfərdir. Valideynləri, ümumiyyətlə, ailələri nəzərə alanda təqribən 5 milyona yaxın insanın sağlamlığından söhbət gedir.  Aparılan maarifləndirmə işinin və sərt karantin rejiminin tətbiqi nəticəsi olaraq insanlarda mövcud pandemiya şəraitinə uyğun yeni davranış tərzi formalaşmağa başlayıb. Bu da tezliklə real dərslərin bərpası məsələsinə nikbin yanaşmağa imkan verir”.

 

Təhsil Nazirliyinin səmərəli təkliflərlə çıxış etdiyini vurğulayan B.Əliyev deyib ki, bu səylərin nəticəsində təhsilin fasiləsizliyi, bunun üçün müvafiq qanunvericilik bazası təmin edilir: “Təhsil Nazirliyində aparılan işlərdən görünür ki, qurum bütün ssenarilərə hazırlıqlıdır. Hesab edirəm ki, bu prosesdən uğurla çıxmaq, daha sürətlə normal həyata qayıtmağımız üçün Operativ Qərargahın tövsiyələrinə əməl edilməlidir. Yalnız bu halda görülən tədbirlər nəticə verəcək. Əksinə, tövsiyələrə əməl olunmasa, məktəblərin qısa müddət ərzində açılması mümkün olmayacaq”.

 

“Müzakirə olunan fikirlər ümumiləşdirilərək tədrislə bağlı qərar veriləcək”

 

Müxtəlif fikirlərin müzakirə olunduğu videokonfransı yüksək dəyərləndirən Komitə üzvü,  deputat Aqiyə Naxçıvanlı görüşdə çox faydalı fikir mübadiləsi aparıldığını deyib: “İclasda dərslərin sentyabrın 15-də başlanması, distant formada dərslərin keçirilməsi, dərs saatlarının azaldılması, dərslərin hətta 30 dəqiqəyə endirilməsi kimi ən müxtəlif təkliflər səsləndi. Mən isə ənənəvi olaraq dərslərin sentyabrın 15-də başlamasını o qədər də məqbul hesab etmirəm. Bu məsələdə tələsmək lazım deyil. Çünki nə qədər virusa yoluxma halları tam azalmayıb və aradan qalxmayıb, dərslərin başlanması risklidir. İnsanların sağlamlığı hər şeydən üstündür. Çünki cənab Prezidentin bu məsələdə yürütdüyü siyasətin ana xəttini insanların sağlamlığı təşkil edir”.

 

Onun sözlərinə görə, yekun da elə müzakirələrə uyğun olacaq: “Hesab edirəm ki, iclasda müzakirə olunan fikirlər ümumiləşdirilərək tədrislə bağlı qərara çevriləcək”.

 

A.Naxçıvanlının təklifi budur ki, indiki mərhələdə, sadəcə birinci sinif şagirdləri məktəblərdə dərs keçsin: “Çünki birinci sinifdə oxuyanlar müəllimlə birbaşa təmasda olub, məktəb həyatına adaptasiya olunmalıdır. Birinci siniflərin də məktəbə getməsi xüsusi qaydalar əsasında həyata keçirilməlidir. Təklif edirəm ki, birinci sinif uşaqları kiçik qrup halında valideynlərinin birgə iştirakı ilə dərs keçməlidir. Ona görə də birinci sinifdə oxuyan şagirdlərin işləyən valideynlərinə həftədə iki gün icazə verilməlidir ki, onlar uşaqları ilə dərslərə getsin. Çünki birinci sinif uşağı ona veriləcək proqramı mənimsəməkdə çətinlik çəkəcək”.

 

A.Naxçıvanlının dağ kəndində təhsil alan ölkə məktəblisi ilə Bakının şagird sıxlığı müşahidə olunan məktəblərində təhsil alan şagirdlər üçün ayrı-ayrı təklifləri var: “Dağ kəndində oxuyan, koronavirusun hətta sorağı belə gedib çatmamış bölgələrimizdə məktəbin ənənəvi qaydada açılması üçün hər hansı əngəl yoxdur”.

 

Bu cür istisnalarla, deputat distant təhsilin davam etdirilməsi tərəfdarıdır: “Yuxarı siniflərdə isə distant təhsil davam etdirilməlidir. Artıq onlarda müəyyən vərdişlər yaranıb. Ali təhsil ocaqlarında bu məsələdə ciddi bir problem ola bilməz. Tələbələr müəllim və dekanlarının verdiyi tapşırıqları sərbəst yerinə yetirib, onlayn formada cavablandıra bilərlər”.

 

Ancaq bunun üçün də görülməli bəzi işlər var. Məsafədən təhsilin reallaşmasında mövcud olan əngəllərdən biri də vətəndaşların sürətli və keyfiyyətli internetlə təminatındadır: “Bu sahədəki problem aidiyyəti dövlət qurumu tərəfindən qısa zamanda aradan qaldırılmalıdır və ölkənin bütün ərazisi keyfiyyətli internetlə təmin olunmalıdır”.

 

“Vacib amil uşağın təhlükəsizliyi və sağlamlığıdır”

 

Deputat Şahin Seyidzadə Təhsil nazirinin təşəbbüsü və Milli Məclisin Elm və Təhsil Komitəsində təmsil olunan deputatların iştirakı ilə videokonfransı qarşılıqlı mövqenin öyrənilməsi və eyni istiqamətli mövzu ətrafında fikir mübadiləsinin aparılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi qənaətindədir. Onun fikrincə, belə müzakirələr ilk növbədə qarşılıqlı əməkdaşlığın artırılmasına, təhsildə doğru qərarların verilməsinə xidmət edir: “Yeni dərs ili ilə bağlı təkliflər ətrafında fikir mübadiləsi aparıldı. Pandemiyanın təhsildə səbəb olduğu fasilələrin nəticələrinin aradan qaldırılması, yeni fasilələrə səbəb olmaması üçün çıxış yolu olaraq təkliflər müzakirə edildi”.

 

Konfransda təkliflərlə çıxış edən Ş.Seyidzadənin fikrincə, yeni tədris ilinə hazırlıqla bağlı müxtəlif yanaşmalar var : “Burada vacib amil uşağın təhlükəsizliyi və sağlamlığıdır. Müxtəlif xarici ölkələrdə uşaqların koronavirusa yoluxması bir neçə ədədli rəqəmlərlə ifadə olunursa, Azərbaycanda bu, demək olar ki, yox səviyyəsindədir. Bu da Azərbaycan hökumətinin uğurlarından biridir. Təhsil çox böyük sahədir. Sadəcə orta təhsildə  təhsilalan və təhsilverənlərin 1 milyon 600 mindən artıq insanı əhatə etməsi təhsildən  çox çevik qərarlar tələb edir”.

 

Ş.Seyidzadənin fikrincə, məktəbəhazırlıq qrupları və ibtidai siniflərdə distant təhsil formatının effektivliyi aşağıdır. Ona görə də yuxarı siniflərlə müqayisədə onlara sinifdə də tədris daha məqsədəuyğundur. Buraxılış sinifləri də xüsusi yanaşma tələb edir. Onların hazırlığına dəstək verilməli, qiymətləndirilmə təşkil edilməlidir”.

 

Nazir Emin Əmrullayevin konfransda ötən dərs ilinin nəticələrini müəyyən etmək üçün diaqnostik qiymətləndirmə keçiriləcəyinə dair fikirlərinə toxunan deputat bunu vacib yanaşma hesab edir: “Yeni dərs ili başlayanda diaqnostik qiymətləndirmə keçiriləcək. Ötən dərs ilində  yeni tətbiq edilən  yanaşmaların nəticələri müəyyən olunacaq və aradan qaldırılacaq. Bu, çox əhəmiyyətli məqamdır”.

 

Ümumiyyətlə, deputat hesab edir ki, təhsildə verilən bütün qərarlar çevik, həssas və kifayət qədər düşünülmüş olmalıdır. Hər hansı risk ehtimalı varsa, bütün məqamlar nəzərə alınmalıdır.

 

“Onlayn dərs rahat, asan olmadığı kimi canlı dərslər də təhlükədir”

 

Daha bir Komitə üzvü Ceyhun Məmmədov Təhsil nazirinin təşəbbüsü ilə keçirilən onlayn konfransda yeni dərs ilinə hazırlıqların müzakirəsini müsbət dəyərləndirib: “Təhsil İnstitutunda aparılan araşdırmanın nəticəsi olaraq ortaya çıxan təkliflər ətrafında müzakirə apardıq, keçiriləcək dərslərin formatı ilə bağlı fikirlərimizi bildirdik. Maraqlı olduğu qədər də əhəmiyyətli idi”.

 

C.Məmmədovun fikrincə, tədrisdə nəzərdə tutulan hər formatın özünəməxsus çətinlikləri var: “Təhsil Nazirliyində hazırlanan təkliflərə görə tədrisin 2 formatda həyata keçirilməsi nəzərdə tutulub. Məktəbdə canlı dərslə yanaşı, tədrisin onlayn aparılması da müzakirə olunur. Qarışıq model xüsusən təcrübi biliklərin, praktik fənlərin keçilməsində xüsusi əhəmiyyət daşıyır. Sadəcə onlayn dərs keçirilməsi hamı üçün eyni səviyyədə rahat, asan olmadığı kimi canlı dərslər də təhlükədir. Ona görə də həftədə bir neçə dəfə məktəbdə dərslərin keçirilməsində iştirak etmək mümkündür”.

 

C.Məmmədov növbəti tədris ilində məktəblərdə canlı dərslərlə yanaşı, onlayn dərslər də aparılacağını bildirib.

 

C.Məmmədov konfransda təklif edib ki, sarı zonalarda - virusun az yayıldığı yerlərdə uşaqlar məktəbə gəlsin. Amma infeksiyanın tüğyan etdiyi yerlərdə məktəbləri açmaq olmaz.

 

Konfrans hamını vahid düşüncə ətrafında birləşdirdi

 

 

Deputat Anar İsgəndərli bildirib ki, təhsilin: “Elm və Təhsil Komitəsi ilə Təhsil Nazirlyinin birgə konfransı aktuallığı ilə diqqəti cəlb edən bir hadisəyə həsr olunmuşdu. Konfrans “Pandemiya dövründə təhsil necə olmalıdır?” sualına cavanb  axtardı. Təhsil İnstitutu problemli şəraitdə təhsilin yol xəritəsini verdi. Mütəxəssislər tərəfindən hazırlanan yol, təhsil  xəritəsidir. Bu ssenari ilə bağlı mənim və millət vəkillərinin hər birinin öz tövsiyələri vardı. Təhsil nazirinin diqqətinə çatdırdığım məsələlərdən biri ailələrin böyük əksəriyyətinin problemidir. Usağı bağçaya getməyən valideyn işə gedə bilmir. Yaxud, Bakı Dövlət Universitetinin tarix fakültəsində 10 kafedra var, hər kafedranın 3-5 magistri. Olmazmı ki, hər kafedra sosial məsafəni gözləməklə dərsləri əyani qaydada keçsin. Belə faktlar çoxdur”.

 

A.İsgəndərlinin sözlərinə görə, “Təhsillə bağlı problem tək Azərbaycanın deyil, dünyanın problemidir. Bu gün bizi düşündürən sual budur: Necə edək ki, bu nəladan  az itki ilə çıxaq. Təhsildə problemi necə həll edək? Məncə, konfrans hamımızı vahid bir düşüncəyə gətirib çıxartdı. Hər kəs öz mülahizəsini söylədi. Hər kəsin təklifi ümumi təkliflərlə üst-üst qoyuldu. “Dərs nə vaxt başlansın?” sualının cavabına gəlincə, bu,  COVID-19 infeksiyası ilə birbaşa bağlıdır. Belə ki, yoluxma azalarsa dərslər başlaya bilər”.

 

 

A.İsgəndərli də ənənəvi dərsi başqa heç bir formatın əvəz edə bilməyəcəyinə inanır. Ancaq məcburiyyətlərin də nəzərə alınması şərtdir: “ Öyrəşdiyimiz dərs müəllimin şagirdin barmaqlarından tutub hərf yazmağı öyrətməyidir. Ancaq qısa müddətə də olsa, ola bilər əsas dərs onlayn formatda keçirilər”.

 

Onlayn dərs canlı dərsləri əvəz edə bilməz

 

 

Müzakirələri izləyən və prosesə fəal qoşulan professor Hikmət Əlizadə  onlayn dərs formatının effektivliyinə şübhə ilə baxır: “Dərslərin onlayn formatda aparılmasını dəstəkləmirəm. Fikrimcə, onlayn format canlı dərsləri əvəz edə bilməz. Lakin sağlamlıq üçün təhlükə yaranıbsa, ilk növbədə, onu düşünməliyik. İndiki şəraitdə məktəblərin normal fəaliyyətini təmin edə bilmiriksə, buna tədricən nail olmalıyıq. Odur ki, Təhsil İnstitutunda hazırlanan tövsiyələrin mövcud şəraiti düzgün qiymətləndirdiyini və doğru yol təklif etdiyini düşünürəm.

 

 

 

 

Onlayn dərs ən optimal yoldur

 

 

Bakı şəhəri İlqar Əliyev adına 96 nömrəli tam orta məktəbin müəllimi, “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin qalibi,  Əməkdar müəllim  Sevda Əsgərli isə əksinə, onlayn dərs tərəfdarıdır: “Artıq onlayn dərslərə tamamilə uyğunlaşmışıq. “Zoom” proqramı üzərindən keyfiyyətli dərs qurmaq mümkündür. Ənənəvi dərslərdən heç nə ilə geri qalmır. Fikrimcə, indiki şəraitdə onlayn dərs formatı ən optimal yoldur. Növbəti tədris ilində dərslərə onlayn davam etməyimizin gərəkliyini düşünürəm. Ən əsası ona görə ki, qaydalara əməl etsək, özümüzü və uşaqlarımızı qorusaq, bu bəladan daha tez canımız qurtarar”.  

 

 

 

 

 

Uşaqlarımın təhsili önəmlidir, ancaq sağlamlığı daha vacibdir

 

Dərslərin nə vaxt başlayacağı valideynlərin də diqqət mərkəzindədir. 319 nömrəli tam orta məktəbin Vll sinif şagirdi Atilla Babazadə və Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin X sinif şagirdi Selcan Babazadənin valideyni Yusif Baba da narahatdır: “Bir valideyn kimi övladlarımın təhsilində yaranan problem məni ciddi narahat edir. Ancaq uşaqlarımın sağlamlığı daha önəmlidir”.

 

Y.Baba Təhsil Nazirliyinin pandemiyanın mümkün fəsadlarına qarşı tədbirlərini yüksək qiymətləndirib: “Qısa müddət ərzində təhsilin fasiləsizliyi və davamlılığı təmin edildi. Teledərslər təşkil edildi və yüksək peşəkarlığa malik müəllimlər yaranmaqda olan boşluğu doldurdular”.

 

Valideynin fikrincə, Təhsil Nazirliyinin elektron portalında, “Facebook”, “Youtube” kimi sosial şəbəkələrdə bu dərslərin yerləşdirilməsi, ümumiyyətlə, “Virtual məktəb” layihəsi, görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, şagird və müəllim qruplarının təşkili, tapşırıqların həll edilməsi şagirdlər üçün əlavə imkanlar yaratdı: “Zaman göstərdi ki, həqiqətən də bu, vaxtında verilmiş qərar idi”.

 

 

Ancaq Yusif Baba məktəbdə verilən təhsilin insanın həyatındakı roluna da diqqət çəkib: “Keçən tədris ilində yaşanan problemlərin həlli yolu təkcə bir valideyn kimi deyil, eyni zamanda cəmiyyətimizin bir fərdi, ölkəmizin bir vətəndaşı kimi də bizi düşündürür. Çünki peşəkarlığın, biliyin, savadın, intellektin əsası məhz məktəblərdə qoyulduğu üçün məktəbdə verilən təhsil insanın həyatında həlledici rol oynayır”.

 

Yeni tədris ili ilə bağlı müzakirələri diqqətlə izləyən Yusif Baba hesab edir  ki, hazırda dərslərin onlayn olması daha məqsədəuyğundur.

 

Ruhiyyə DAŞSALAHLI