Avqustun 20-dək 306 müraciətçi karantin rejiminin tələblərinə riayət etməklə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edib.

 

SMS bildirişi alan, lakin fiziki olaraq gəlmək imkanı olmayan vətandaşların ailə üzvləri (ata, ana, qardaş və bacı) və ya etibarnamə əsasında onları təmsil edən səlahiyyətli nümayəndələri həftə içi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə karantin rejiminin tələblərinə riayət etməklə Agentliyə yaxınlaşaraq sözügedən müraciətçilərin şəhadətnamələrini əldə edə bilərlər.

 

Nəzərinizə çatdırırıq ki, bu xidmət mart 2020-ci il tarixindən başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində  “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS bildirişi almayan vətəndaşların Agentliyə yaxınlaşmamaları xahiş olunur.

 

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 16 mart 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinədək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır.

 

Avqustun 12-dən etibarən isə vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb.