Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanları başa çatdıqdan sonra müvafiq keçid balını toplayan
namizədlər vakansiya seçimi mərhələsində iştirak edəcək.
Tədris ilinin başlamasına qısa müddət qalması ilə əlaqədar ümumi təhsil müəssisələrində kadr təminatının daha çevik həyata keçirilməsi məqsədilə cari il vakansiya seçimi mərhələsi nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlər ilkin olaraq müddətli əmək müqaviləsi ilə işə qəbul ediləcəklər.
Sözügedən kontingent üçün müsahibələr mərhələli şəkildə mövcud vəziyyət nəzərə alınaraq onlayn və ya ənənəvi qaydada təşkil olunacaq. Müsahibədən uğurla keçən namizədlər ilə müddətsiz əmək müqaviləsi bağlanılacaq.
Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin ilkin mərhələsi başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada tədris ili boyu mütəmadi olaraq həyata keçiriləcək.
Bildiririk ki, mövcud qaydalara əsasən müsabiqədə keçid balı namizədlərin test imtahanında göstərdiyi nəticələr və vakansiyaların sayı nəzərə alınmaqla Təhsil Nazirliyi tərəfindən müəyyən edilir.