YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə 12 avqust - Beynəlxalq Gənclər Gününə həsr olunmuş videokonfrans keçirilib. 

 

Tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov çıxış edərək bu il Beynəlxalq Gənclər Gününün “Qlobal fəaliyyət üçün gənclərin cəlb edilməsi” mövzusuna həsr olunduğunu və bu günün YUNESKO üzrə milli komissiyalar tərəfindən qeyd olunmasının təşkilatın dəyərlərinin təşviqində gənclərin rolunun vacibliyi barədə məlumatlılığı artırmağa xidmət etdiyini vurğulayıb. Elnur Sultanov ölkəmizdə həyata keçirilən gənclər siyasətindən bəhs edərək, gənclərin YUNESKO-nun prioritetlərindən olduğunu bildirib və bu sahədə qəbul olunmuş mühüm proqramlar barədə məlumat verib.

 

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev də çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin tarixi, cari vəziyyəti və perspektivlərindən bəhs edib.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov gənclərin təhsili ilə bağlı görülən işlər, bu sahədə həyata keçirilən dövlət proqramları və YUNESKO ilə əməkdaşlıq barədə məlumat verib, gənclərdə sülh mədəniyyəti, dözümlülük, multikulturalizm dəyərlərinin aşılanmasına əsaslanan təhsilin vacibliyini vurğulayıb. Nazir müavini bildirib ki, Azərbaycan Respublikası gənclər siyasətində yüksək dövlət fəallığı ilə xarakterizə olunur. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir. Firudin Qurbanovun sözlərinə görə, YUNESKO və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın təhsil siyasətində gənc nəslə tolerantlıq, ümumbəşəri və milli - mədəni dəyərlərə hörmət - aşılanması əsas yer tutur.

 

Nazir müavini deyib ki, pandemiya dövründə gənclər siyasəti və onların təhsili dövlətimizin diqqət mərkəzindədir. Gənclər pandemiyanın sosial-iqtisadi təsirlərinə baxmayaraq, pandemiyaya qarşı qlobal reaksiyalarda fəallıq nümayiş etdirirlər. Onlar yalnız tibb işçiləri kimi deyil, həm də tədqiqatçı, könüllü, yenilikçi və kommunikator kimi rollarda sağlamlıq və təhlükəsizliyin keşiyində dururlar. Pandemiya və postpandemiya dövründə gənclərin rolunun, biliklərinin, araşdırma qabiliyyətlərinin artırılması və müxtəlif sahələrdə qlobal fəaliyyətə cəlb edilməsi bizim əsas məqsədlərimizdən biridir.

 

Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva yaradıcı sahələrdə gənclərin təşviq edilməsi ilə bağlı layihələr, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən gənclər üçün yaradılan imkanlardan, eləcə də musiqi, teatr, kinematoqrafiya sahəsində gənclərin əldə etdiyi uğurlardan bəhs edib, iqtisadi inkişafa töhfə verə bilən yaradıcı gənc nəslin formalaşması və birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə gənclərin informasiyaya çıxışının təmin edilməsi, onların texnoloji biliklərə yiyələnməsi, informasiya və kommunikasiya texnologiyaları istifadə imkanlarının genişləndirilməsi, rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının reallaşdırılmasına dəstək məqsədilə həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov gənclər siyasəti sahəsində ölkəmizdə əldə edilmiş uğurlar, səmərəli dövlət idarəçiliyi və inklüziv inkişafda gənclərin rolundan danışıb.

 

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov isə gənclər təşkilatlarının iştirakı ilə reallaşdırılan layihələr, eləcə də gənclərin xaricdə təhsilinə Fond tərəfindən göstərilən dəstək barədə məlumat verib, gənclərin ölkə daxilində və beynəlxalq səviyyədə iştirakının təşviq edilməsinin əhəmiyyətini, beynəlxalq təşkilatlarda təcrübə keçmələrinin vacibliyini vurğulayıb, gəncləri qabaqcıl təcrübələrin tətbiqi, ölkəmiz barədə həqiqətlərin təbliği, saxta məlumatlarının yayılmasının qarşısının alınmasında aktiv olmağa çağırıb.

 

Azərbaycan YUNESKO Klublarının koordinatoru Cahangir Hacıyev ölkəmizdə bu klubların fəaliyyəti, Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Azərbaycan Tələbə-Gənclər Təşkilatı İttifaqının sədri Faiq Məmmədov müasir Azərbaycan gənclərinin fəaliyyəti, onlar tərəfindən həyata keçirilən layihələr və gələcək planlardan bəhs edib.

 

Sonda səsləndirilmiş təkliflər və təşəbbüslərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.