Avqustun 12-dən etibarən vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədilə şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi prosesinə başlanılıb.
Vətəndaşlar karantin rejiminin tələblərinə riayət etməklə həftəiçi hər gün saat 09:00-18:00 arası tərtib olunmuş xüsusi növbəlilik cədvəli üzrə onlara göndəriləcək müvafiq SMS bildirişi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə yaxınlaşaraq şəhadətnamələrini əldə edə bilərlər. Şəhadətnamələrin təqdim olunması prosesinin 15 iş günü ərzində yekunlaşdırılması planlaşdırılır.
Nəzərinizə çatdıraq ki, bu xidmət mart 2020-ci il tarixindən başlayaraq ardıcıl şəkildə digər aylar üzrə şəxsi kabinetində “Şəhadətnamə verildi” statusu qeyd olunan müraciətçilərə şamil edilir. SMS bildirişi almayan vətəndaşların Agentliyə yaxınlaşmamaları xahiş olunur.
Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar Təhsildə Keyfiyyət Təminatı Agentliyində vətəndaşların qəbulu 16 mart 2020-ci il tarixindən 31 avqust 2020-ci il tarixinədək dayandırılıb. Bu səbəbdən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin (nostrifikasiyası) müəyyən edilməsi ilə bağlı Agentliyə müraciət edən və müsbət nəticə əldə edən vətəndaşlara şəhadətnamələrin fiziki olaraq təqdim edilməsi mümkün olmamışdır.