Tibbi maskalardan istifadə məcburi tələb olacaq


Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyi yeni tədris ilində tibbi maskalardan istifadənin məcburi tələb olduğunu elan edib. Bu barədə ölkənin elm və ali təhsil naziri Nikolay Falkov  ali məktəblərin rektorları ilə onlayn müşavirədə bildirib.  "Bu, yeni koronavirus infeksiyasının profilaktikası qaydalarına riayət etməklə tədris prosesini təşkil etməyə imkan verəcək",-deyə nazir vurğulayıb.

 

Universitetlər müəllim və  tələbələri  maskalarla təmin etməlidirlər. Əgər vətəndaşlarda maskalara qarşı əkc-reaksiya aşkar edilərsə, maskalar olmadan dərslərə qatıla biləcəklər, lakin bunun üçün sertifikat əldə etmək lazım gələcək.

 

Mühazirələrin oxunması zamanı müəllimlər maskanı çıxara bilərlər. Ali məktəblərin bütün tədris korpusları infeksiya riskini azaltmaq üçün termometriya sistemi ilə təmin edilməlidir.
 

Rusiyaya səfər edən əcnəbi tələbələr iki həftəlik karantin rejiminə riayət etməli və gəlişdən sonra 10-12-ci gün ərzində virusun olub-olmaması üçün testdən keçməlidirlər; yalnız bundan sonra onlar məşğələlərə buraxıla bilərlər.

 

"Qırmızı zona"dan  gələn əcnəbi tələbələr təhsilə başlamaq üçün  koronavirus testindən keçməlidirlər.  Ölkəyə daxil ola bilməyən tələbələrin məşğələlərə onlayn formatda çıxışı təmin olunacaq. 
 

Müşavirədə yeni dərs ilinin başlanması tarixinə də toxunulub.  "Ali təhsil müəssisələri tədris ilinin başlanmasını iki ay müddətinə dəyişmək hüququna malikdirlər. Lakin Rusiya ali təhsil müəssisələrinin 92 faizi tədris ilinə sentyabrın 1 -dən başlamağa hazırdır", - deyə Nikolay Falkov bildirib.

 

Oruc MUSTAFAYEV