Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırıb ki, qabiliyyət imtahanlarında iştirak  üçün qeydiyyat müddəti avqustun 18-dək uzadılıb.

 

2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 18 avqust saat 23:59-dək qeydiyyatdan keçməlidirlər.

 

Qeyd edək ki, DİM orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:

 

  • - Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;
  • - Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);
  • - Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;
  • - Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;
  • - Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.

 

Qabiliyyət imtahanları ləğv edilmiş XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə kolleclərə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.

 

Xatırladaq ki, bir müddət əvvəl DİM orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.
 

Jurnalının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal).