Maarif Nazirliyi yeni tədris ilinin formatını açıqlayıb
Dünyanın ayrı-ayrı ölkələrində məktəblərin yenidən açılmasına hazırlıq görülür. Rusiyada da bu istiqamətdə bir sıra zəruri işlər, əsasən başa çatdırılıb. Bu barədə ölkənin maarif naziri Sergey Kravtsov televiziya ilə çıxışında açıqlama verib. Nazir yeni tədris ilinin başlanması ilə bağlı təhsil ictimaiyyətini, şagirdləri və onların valideynlərini maraqlandıran məsələlərə aydınlıq gətirib.
Sentyabrın 1-i ilk dərs
Sergey Kravtsovun sözlərinə görə, yeni tədris ili sentyabrın 1-də ənənəvi qaydada başlayacaq. Onun sözlərinə görə, tədris ilinin başlanğıcında nazirliyin koronavirusla bağlı epidemioloji vəziyyətə dair heç bir narahatlığı yoxdur.
"Biz ənənəvi olaraq məktəblərimizi açmağa hazırlaşırıq, amma aydındır ki, hər hansı bir ərazidə epidemioloji vəziyyət buna imkan verməsə, əlbəttə, uşaqların, pedaqoqların, valideynlərin sağlamlığı əsas götürüləcək. Amma bu gün üçün bizim elə bir ciddi narahatlığımız yoxdur. Buna görə də sentyabrın 1-də ənənəvi "lineykalar" keçiriləcək" - deyə nazir bildirib.
İlk dərs günü biliklərin diaqnostikası aparılacaq
Nazir qeyd edib ki, Maarif Nazirliyi tədris ilinin ilk günündə şagirdlərin biliklərinin diaqnostikasını aparmağa qərar verib. Bu zaman hər hansı qiymətləndirmə aparılmayacaq, şagirdlərə qiymət verilməyəcək. Nazirlik , sadəcə bununla distant təhsildən sonrakı dövr üçün hər bir məktəbdə hansı nəticənin, boşluqların olub-olmaması barədə məlumat almaq istəyir. S.Kravtsov qeyd edib ki, artıq elə bir proqram var ki, şagirdlərə geriləməni aradan qaldırmağa kömək etməlidir.
Nazir bir daha qeyd edib ki, dərslər ənənəvi qaydada keçiriləcək, tamamilə distant təhsilə keçid olmayacaq. "Biz bütün məktəblərin açılmasına ənənəvi "lineyka"ların təşkil olunmasına hazırlaşırıq. Qeyd etmək istəyirəm ki, 1 sentyabrdan etibarən ənənəvi, klassik öyrənmə forması haqqında danışırıq. Biz məsafədən təhsil almağı planlaşdırmırıq" - deyə vurğulayıb.
Nazir əlavə edib ki, rəqəmsal resurslar yalnız ənənəvi təhsili tamamlayacaq, nazirlik onları pedaqoji kollektivlərə kömək etmək üçün tədris fəaliyyətinə daxil etməyi planlaşdırır. Lakin onlar, ümumilikdə ənənəvi tədris prosesinə təsir göstərməyəcək.
Hər məktəbdə həkimlər olacaq
Rusiyanın maarif naziri yeni dərs ilinin əvvəlində məktəblərdə həyata keçirilməsi planlaşdırılan təhlükəsizlik tədbirlərindən də danışıb. Onların arasında hər bir məktəbdə həkimlərin olması vacib hesab edilir.
O əlavə edib ki, qarşıdan gələn tədris ilinin ilk 2 həftəsində Rusiyanın hər bir məktəbində tibb işçisi olacaq: " Məktəblərin dezinfeksiya olunması həyata keçiriləcək, girişdə müəyyən mühafizə vasitələrindən, termometrlərdən istifadə olunacaqdır. Biz Səhiyyə Nazirliyi ilə razılığa gəldik ki, iki həftə ərzində sentyabrın 1 - dən 14-dək hər məktəbdə tibb işçisi iştirak etsin".
Nazir bütün bunlarla belə, məktəblərə yanvarın 1-nə kimi irimiqyaslı kütləvi tədbirlərin keçirilməsindən çəkinməyi də təklif edib.
Oruc MUSTAFAYEV