Bu gün saat 11.00-da növbəti buraxılış (qəbul) imtahanları keçirilir. Budəfəki imtahanın 13483 iştirakçısı arasında 9 və 11-ci sinif üzrə buraxılış (qəbul) imtahanları verənlər, I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsinə qatılacaq əvvəlki illərin məzunları, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olunmaq istəyənlər, Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları, həmçinin ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları var. 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları da dövlət dilindən imtahan verir.

 

Ölkənin 10 şəhər və rayonunda təşkil olunan imtahanlar pandemiya dövrünün tələblərinə uyğun aparılır. Belə ki, iştirakçılara imtahan binasını tərk edənə qədər tibbi maskanı çıxarmaq qadağan olunub. Dövlət İmtahan Mərkəzi (DİM ) onları maskadan düzgün istifadə etməyə - burun, ağız və çənə nahiyəsini tam örtməklə buraxılış rejimi və imtahan müddətində maskanı çıxarmamağa çağırıb.

 

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə buraxılış vərəqəsində qeyd olunan vaxtda  imtahan binasında olmaq lazımdır. 

 

İmtahana gələrkən  imtahana buraxılış vərəqəsini, sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız) və  şəxsiyyəti təsdiq edən sənədin əslini də götürməyi unutmayın. 16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla bütün ölkə vətəndaşları şəxsiyyət vəsiqəsi, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər. DİM xəbərdarlıq edib ki, şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayış gətirməlidirlər. Həmin arayışda iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir.

 

İmtahana buraxılış vərəqəsi şagirdin (abituriyentin) özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.

 

İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək. İmtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə verilir. Belə ki, imtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

 

Bu gün, ümumilikdə 61 binada, 1045 imtahan zalında 61 ümumi imtahan rəhbəri, 167 imtahan rəhbəri, 1361 nəzarətçi–müəllim, 122 buraxılışı təşkil edən əməkdaş, 61 bina nümayəndəsi imtahanları idarə edir.

 

Xatırladaq ki, imtahanların başlanmasına 15 dəqiqə qalmış, saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 

 

Ruhiyyə