Proses iyunun 2-dək davam edəcək


 
Azərbaycanda müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsinə başlanılıb. Bu gün və sabah ibtidai sinif müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Digər fənləri tədris edən müəllimlərin diaqnostik qiymətləndirilməsi 29 may - 2 iyun tarixlərində davam edəcək.
 
Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib ki, 19 min nəfərə qədər müəllim qeydiyyatdan keçib. İmtahanlar 3 zalda, 3 seansda təşkil edilib. Hər seans zamanı 800 nəfərə yaxın müəllim imtahan verib. İmtahanlara indiyədək müxtəlif səbəblərdən diaqnostik qiymətləndirmədən keçməyənlər də qatılıb. Ümumiyyətlə, indiyədək diaqnostik qiymətləndirmədən keçən və aşağı bal toplayan müəllimlər, direktorlar, direktor müavinləri, hərbi hazırlıq müəllimləri, eyni zamanda, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu vəzifəsində çalışanlar, metodistlər, həmçinin ilk peşə-ixtisas təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlər iştirak edir.
 
M.Camalzadəınin sözlərinə görə, təkrar iştirak edənlərin olması diaqnostik qiymətləndirmənin fəlsəfəsinə uyğundur: “Əvvəllər az bal toplayan və yaxud topladığı balla qane olmayanlar bu il yenidən müraciət ediblər və bu səbəbdən təkrar istifadə edənlər ilk dəfə iştirak edənlərdən daha çoxdur. Əvvələr iştirak edənlərin təkrar imtahan vermək istəməsi diaqnostik qiymətləndirmənin fəlsəfəsinə də uyğundur. Diaqnostik qiymətləndirmə ona görə keçirilir ki, müəllimlər daim öz nəticələrini yüksəltməkdə maraqlı olsunlar, daim öz üzərində çalışsınlar”.
 
Qeyd edək ki, diaqnostik qiymətləndirmənin nəticələri müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı nəzərə alınr. Müəllimlərin bilik və bacarıq səviyyələrinin müəyyənləşdirilməsi dərs yükünün rasional bölüşdürülməsinə xidmət edir. Yüksək nəticə göstərənlərin dərs yükü norması və əməkhaqqı, bununla da maddi rifahı yaxşılaşdırılır.
Xatırladaq ki, müəllimlər diaqnostik qiymətləndirmədə 60 test tapşırığına cavab verir. 40 test tapşırığı ixtisasa, 20 test tapşırığı isə metodika, təhsil strategiyaları və kurikuluma aiddir.  
Diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.