Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu ölkə üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) görə ən yüksək nəticəni əldə edib.
UNEC-dən bildirilib ki, iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər ixtisasının məzunu Eltac Rəcəbov 99,84 bal toplayaraq, ölkənin digər universitetlərinin məzunları arasında da ÜOMG-yə görə birinci yeri tutub.
Universitetin ənənəsinə uyğun olaraq, E.Rəcəbov ən yüksək bal (98.53) topladığına görə adı UNEC-in fəxri daşına həkk edilib.
Ali məktəbin rektoru, professor Ədalət Muradov E.Rəcəbovla görüşərək, onu ən yüksək nəticə əldə etməsi və məzun adını qazanması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Adını universitetin tarixinə uğurlu tələbə kimi yazdıran E.Rəcəbov UNEC məzunu olması ilə qürur duyduğunu ifadə edib, tələbələrin yüksək bilik əldə etmələri üçün yaradılan şəraitə görə ali məktəbin rəhbərliyinə, eləcə də müəllimlərinə təşəkkürünü bildirib.
Sonra E.Rəcəbova 2019/2020-ci tədris ilində UNEC-in ən yüksək bal toplayan məzunu olduğu üçün plaket təqdim olunub.
Qeyd edilib ki, E.Rəcəbov 4 illik təhsili müddətində davamlı olaraq UNEC-in TOP 15 təqaüdünü qazanıb. Magistratura təhsilini Almaniyada almağı planlaşdıran E.Rəcəbov Almaniya höküməti tərəfindən maliyyələşdirilən DAAD təqaüdünü də əldə edib.