Təhsil Nazirliyi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin yekun konfransı keçirilib.

 

Onlayn formatda keçirilən konfransın məqsədi son iki ildə həyata keçirilən layihənin nəticələrini ümumiləşdirmək və layihə çərçivəsində ölkənin ali təhsil sisteminin inkişafı istiqamətində görülən işlər barədə geniş ictimaiyyəti məlumatlandırmaqdan ibarət olub.

 

Konfransı giriş sözü ilə açan Təhsil nazirinin müavini Firudin Qurbanov son illər Azərbaycanın ali təhsil sistemində aparılan əsaslı islahatlar və ali təhsilin əlçatanlığı üçün imkanların daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Nazir müavini hazırda ölkəmizin ali təhsil pilləsinin 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na və Avropa Ali Təhsil Məkanı çərçivəsində hazırlanmış tövsiyələrə, bu sahədə müsbət dünya təcrübəsinə uyğun olaraq inkişaf etdirildiyini bildirib. “2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın uğurlu icrası barədə danışan Firudin Qurbanov “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əsas hədəflərini diqqətə çatdırıb.

 

Konfransda çıxış edən Avropa İttifaqının Bakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas Avropa İttifaqı ilə ölkəmiz arasında əməkdaşlıqda təhsil sahəsinə xüsusi önəm verildiyini bildirib. Səfir “Azərbaycanda ali təhsil sisteminin gücləndirilməsinə dəstək” adlı tvinninq layihəsinin uğurla başa çatması münasibətilə tədbir iştirakçılarını təbrik edib.

 

Tədbirin moderatoru olan Azərbaycan üzrə layihə rəhbəri, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov iki ildən artıq müddətdə icra edilən layihənin həyata keçirilməsində davamlı dəstəyə görə Təhsil Nazirliyinə, Avropa İttifaqının Bakı Nümayəndəliyinə, Avropalı tərəfdaşlara, pilot universitetlərə, eləcə də müvafiq dövlət və özəl qurumlara təşəkkürünü bildirib.

 

Sonra Fransa üzrə layihə rəhbəri Bruno Kurval, Litva üzrə layihə rəhbəri Giedrius Viliunas, Latviya üzrə layihə rəhbəri Baiba Ramina, layihənin Rezident Müşaviri Liza Baydanova, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev çıxış edərək layihə çərçivəsində görülən işlərdən və layihənin ölkənin ali təhsil sahəsində həyata keçirilən islahatlara verdiyi töhfələrdən bəhs ediblər.

 

Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Azərbaycan Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov tvinninq layihəsinin pilot universitetlər üçün faydalarından, görülmüş işlərin real nəticələrindən və müvafiq istiqamətlər üzrə davamlılığın təmin edilməsi üçün atılacaq addımlardan söz açıblar.

 

Tədbir iştirakçıları layihənin uğurla icra olunmasından məmnunluqlarını ifadə edib və layihə çərçivəsində yaradılmış əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Qeyd edək ki, icrasına 2018-ci ilin aprel ayında başlanılan sözügedən layihə Təhsil Nazirliyi, Fransa, Litva və Latviyanın təmsil olunduğu konsorsium tərəfindən həyata keçirilib. Layihə 2015-2017-ci illərdə “Ali təhsil sisteminin Avropa Ali Təhsil Məkanına inteqrasiyasının daha da gücləndirilməsi istiqamətində Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin davamı olaraq icra olunub. Son iki il ərzində icra edilmiş layihənin əsas məqsədi Azərbaycanın ali təhsil sistemini kompetensiyalara, təlim nəticələrinə və tələbəyönümlü yanaşmaya uyğunlaşdırmaqla daha da inkişaf etdirməkdən ibarət olub.