Mayın 25-26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) kosmik proqramlar və verilənlər bazası sahəsində beynəlxalq “ActInSpace” müsabiqəsi keçiriləcək.
Müsabiqə ilə əlaqədar UFAZ-da keçirilən mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez iki ölkənin təhsil əlaqələrinin əhəmiyyətindən danışıb, eyni zamanda, müsabiqə ilə bağlı fikirlərini bildirib.
Qeyd olunub ki, kosmik texnologiyalar sahəsində startap ideyalar üzrə 24 saatlıq hakaton eyni vaxtda 5 qitəni əhatə edərək dünyanın 40 ölkəsinin 70 şəhərində keçiriləcək. Azərbaycanda ilk dəfə keçirilən “ActInSpace” müsabiqəsi UFAZ tərəfindən təşkil olunacaq.
Azərbaycanın müxtəlif ali təhsil ocaqlarından, o cümlədən ADNSU-dan olan 100-dən artıq tələbə bu müsabiqənin iştirakçı-komandaları qismində qeydiyyatdan keçib. Qalib komandanın iyunun 27-də Azərbaycanı müsabiqənin beynəlxalq final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə səfəri planlaşdırılır.
Milli Kosmik Tədqiqatlar Mərkəzi (CNES) və Avropa Kosmik Agentliyinin (ESA) təşkilatçılığı ilə reallaşdırılan müsabiqənin keçirilməsinin əsas məqsədi sahibkarlığın inkişaf etdirilməsi, kosmik texnologiyalar sahəsində fəaliyyət göstərən təşkilatlar və vətəndaş cəmiyyəti arasında əlaqələrin genişləndirilməsi və patentlər, proqram təminatı, verilənlər bazası və kosmik infrastruktur sahəsində problemlərin birgə komanda yolu ilə həll edərək əlaqələrin qurulmasıdır.
UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolai Beckers və digər çıxış edənlər beynəlxalq müsabiqənin əhəmiyyətindən bəhs ediblər.