İyulun 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonunda əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.  Həmin gün əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, həmçinin V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı keçiriləcək. Rus bölməsinin abituriyentləri qəbul imtahanından dərhal sonra Azərbaycan dili (dövlət dili) imtahanını da verirlər.

 

Həmçinin ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin 10, 11, 18 və ya 19 iyun tarixlərində yuxarıda qeyd olunan rayon və şəhərlərdə keçirilmiş buraxılış (qəbul) imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı DİM-ə müraciət edən cari ilin məzunları (9-cu və 11-ci sinif) da iyulun 10-da imtahan verəcəklər.

 

Bundan əlavə, imtahan keçirilən şəhər və rayonlarda ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, həmçinin qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə imtahan da (Azərbaycan və ya rus dili) keçiriləcək. İmtahanlarda ümumilikdə 8370 abituriyentin iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar təşkil olunub.  Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

 

Bundan əlavə, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə uyğun olaraq imtahan binalarında bir sıra profilaktik tədbirlər (binaların və otaqların dezinfeksiyası, hər bir otağa düşən iştirakçı sayının sosial məsafə prinsipinə uyğun şəkildə tənzimlənməsi, imtahan heyətinin müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, tibbi maska) təmin olunması həyata keçirilib.

 

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaqdır. İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılır.

 

Oruc MUSTAFAYEV