Təhsil nazirinin müavininin iştirakı ilə virtual müşavirə keçirilib


İyulun 3-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın iştirakı ilə “Ümumi təhsil sahəsində 2019-2020-ci tədris ilinin yekunu və növbəti tədris ilinə hazırlıq” mövzusunda virtual müşavirə keçirilib. Müşavirədə nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsi, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin əməkdaşları, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və yerli təhsili idarəetmə orqanlarının rəhbərləri iştirak ediblər.

 

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək 2019-2020-ci tədris ilində əldə edilmiş uğurlar, pandemiyanın təsiri və ona qarşı atılan addımlar haqqında məlumat verib. Ötən dərs ilinin mühüm uğurları əsasən birinci yarımil ilə bağlı olsa da vüsəti və çoxşaxəliliyi ilə diqqəti cəlb edir. Dərs ilinin ikinci yarımilində qazanılmış ən böyük nailiyyət isə pandemiya şəraitində çox çevik şəkildə “Dərs vaxtı” teledərslər layihəsinin həyata keçirilməsi, eləcə də müəllimlərimizin virtual dərslərə qoşulması təşəbbüsüdür. Xüsusi vurğulandı ki, həm teledərslər, həm də virtual dərslər bir-birini məntiqi cəhətdən tamamlamış, resurslardan düzgün istifadəyə yönəlmişdir. Regionlarda şagirdlərin teledərslərə baxışının təbliğ və təşviq edilməsi, yerli müəllimlərin öz şagirdləri üçün əvvəl müxtəlif platformalarda, sonra isə daha mütəşəkkil formada “Virtual məktəb” platformasında dərs keçməsi fəaliyyətin vacib hissəsi olmuşdur. Görülən tədbirlərin nəticəsində şagirdlərin və müəllimlərin sağlamlığının qorunması prioritetini gözləməklə tədris prosesinin davamlılığını təmin etmək mümkün olmuşdur. Nazir müavini həmçinin qarşıdan gələn tədris ili ilə bağlı müvafiq tapşırıqları diqqətə çatdırıb.

 

Sonra çıxış edən Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu növbəti tədris ilinə hazırlıq, mövcud vəziyyətin yarada biləcəyi çətinliklər və ona qarşı görüləcək tədbirlər haqqında danışıb. Bu zaman dünya təcrübəsinə istinad olunub, oxşar situasiyaların yaratdığı problemlərdən çıxış yolları təqdim edilib. Pandemiya və post-pandemiya dövründə tədrisin təşkilinin 3 mümkün ssenarisi müzakirə edilib, arzuolunan, mümkün və təxmin edilən ssenarilərin tələb etdiyi strategiyalar nəzərdən keçirilib.

 

Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin şöbə müdiri Fidan Nəcəfova “Virtual məktəb” layihəsi üzrə yay aylarında nəzərdə tutulan fəaliyyətlərdən, layihənin müəllim və şagirdlər üçün yaratdığı imkanlardan söz açıb. Bildirilib ki, yay aylarında “Virtual məktəb”in fəaliyyəti rəngarəngliyi ilə fərqlənəcəkdir. Burada yalnız şagirdlər, müəllimlər deyil, həm də müəllim olmağa hazırlaşanlar xeyli faydalı materiallar, canlı müzakirələr və mühazirələr tapa bilər.

 

Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, həmçinin yay tətili ərzində müxtəlif mövzularda virtual müşavirələrin keçirilməsi qərara alınıb.