Təhsil Nazirliyinin birbaşa tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərində 2019-2020-ci tədris ilinin yekunu olaraq qrupdan-qrupa keçid normativlərinin qəbulu təşkil edilib.

 

Normativlərin qəbulu "Microsoft Teams” platforması üzərindən hər idman bölməsi üzrə məşqçi-müəllim və idmançılar arasında görüntülü və səsli əlaqənin yaradılması, məşqçi-müəllimlərin verdiyi tapşırığa uyğun olaraq qrup üzvləri tərəfindən müvafiq idman hərəkətlərinin icra edilməsi şəkilində aparılıb. 

 

23 iyun 2020-ci il tarixindən təşkil edilən normativ qəbulunda iştirak üçün Təhsil Nazirliyinin birbaşa tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəbləri üzrə 28 idman növündə 796 məşqçi-müəllim qeydiyyatdan keçib, qrup üzvlərinin sayı 8 mindən çox təşkil edib.

 

Ölkəmizdə koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar tədris, təlim-tərbiyə prosesinin dayandırıldığı nəzərə alınaraq, 2019-2020-ci tədris ilində idman məktəblərində məşğul olan idmançıların növbəti tədris qrupuna keçirilməsini təmin etmək məqsədilə keçid normativlərinin aparılması onlayn formatda təşkil edilib.

 

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar tədris prosesində yaranmış fasilə dövründə uşaq-gənclər idman-şahmat məktəblərində tədrisin davamlılığı, idmançıların fiziki hazırlıqlarının təmin edilməsi məqsədilə 1 aprel tarixindən ayrı-ayrı bölmələr üzrə idmançılar üçün onlayn formatda dərslər təşkil edilib. Məşqçi-müəllimlər müxtəlif proqram təminatlarından yararlanaraq məktəbliləri interaktiv tədris prosesinə cəlb edib, onların fiziki sağlamlıqlarının təmin edilməsi üçün idmanın ayrı-ayrı növləri üzrə müəssisələrin dərs cədvəlinə uyğun məşq prosesi təşkil ediblər.