Pandemiya və sərtləşdirilmiş karantin günlərində Azərbaycan Texniki Universiteti (AzTU) ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş bakalavrların sənədlərinin qeydiyyatı ilə bağlı ilkə imza atıb.

 

Universitetdən verilən məlumata görə, ilk olan  prosesin onlayn həyata keçiriləcəyi ilə bağlıdır.  Yəni,  bakalavrlar AzTU-nun rəsmi saytında (aztu.edu.az) yaradılan müvafiq bölmədə qeydiyyatdan keçəcəklər. Qeydiyyatdan keçmiş bakalavr üçün şəxsi kabinet açılacaq və sənədlərin onlayn formada universitetə təqdim edilməsi təmin ediləcək.

 

Qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin scan edilmiş surəti, universiteti bitirməyə dair arayış və ya diplomun scan edilmiş surəti, ödəniş qəbzi (ödənişli əsaslarla təhsil üçün), hərbi biletin scan edilmiş surəti və ya hərbi xidmətdə olmayanlar üçün çağırışçı vəsiqəsinin surəti, DİM-dən iş nömrəsi olan sənəd, 3x4 ölçüdə rəngli fotoşəkil (pdf,  jpg) tələb olunur. 

 

Müraciət edənlə təhsil müəssisəsi arasında müqavilənin imzalanması qarşılıqlı sənəd mübadiləsi əsasında (elektron formada) həyata keçiriləcək. Belə ki, bakalavr universitet tərəfindən onun şəxsi kabinetinə göndərilən müqaviləni imzalayıb yenidən şəxsi kabinetinə yükləyəcək.

 

Bildirilib ki, sistemin iyul ayının 5-dən AzTU-nun rəsmi saytında fəaliyyətə başlaması planlaşdırılır.