Xamis Seyranov: “Bu addımın şagirdlərimizin mövcud potensiallarının artırılması və inkişaf etdirilməsində əvəzsiz rol oynayacağına inanırıq”


Respublika fənn olimpiadalarının gümüş medalçısı Gültac Seyidova ilə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təşkil edilən beynəlxalq olimpiadalara hazırlıq mərkəzində qarşılaşmışdıq. Mingəçevir şəhər Texniki-humanitar liseyin şagirdi olan Gültacın atası onu istirahət və qeyri-iş günlərində Mingəçevirdən Bakıya gətirir, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində fəaliyyət göstərən beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin məşğələlərində iştirakına şərait yaradır. Gültacın sözlərinə görə, onun kimi istedadlı şagirdlərin təhsil aldığı lisey rayonda ən yaxşı göstəriciləri olan məktəbdir. Buna baxmayaraq, beynəlxalq olimpiadalara hazırlıq mərkəzində iştirak etmək üçün bayram tətilləri və istirahət günlərində Mingəçevirdən Bakıya gəlir, burdakı hazırlıq imkanlarından da yararlanır. Onun sözlərinə görə, keyfiyyətli təhsil dalınca onun kimi Qubadan, Mingəçevirdən paytaxta üz tutanların sayı az deyil.  Ancaq, deyəsən, buna artıq ehtiyac qalmayacaq. Ölkəmizin hər yerində istedadlı uşaqların üz tuta biləcəyi təhsil müəssisələri olacaq.

 

Gültac kimi istedadlı şagirdlərin üzə çıxarılması, onların potensialının inkişaf etdirilməsi ölkəmizdə  təhsil siyasətinin vacib istiqamətlərindən biridir. Bunun nəticəsidir ki, respublika fənn olimpiadalarında və müsabiqələrində yüksək nəticə göstərərək diqqəti cəlb edən şagirdlər xüsusi proqram əsasında tədrisə cəlb edilirlər. Son illər düzənli, ardıcıl xarakter alan bu prosesin nəticəsində istedadlı şagirdlərin keyfiyyətli təhsilə əlçatanlığı artıb. Belə ki, hər il yeni tipli təhsil müəssisələrinin şəbəkəsi genişləndirilərək bu məqsədə doğru daha bir addım atılır. Ötən tədris ilindən regionlarda xüsusi siniflərin yaradılması atılan addımlardan biri idi. Növbəti tədris ilindən isə Təhsil Nazirliyi bu istiqamətdə tədbirlərini genişləndirərək məqsədə daha çox yaxınlaşıb. Belə ki, 5 regionda yeni liseylərin fəaliyyətinə qərar verilib. Qərara əsasən sentyabr ayından başlayaraq Gəncə şəhəri və Quba rayonunda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şəki, Şəmkir və Şirvanda isə Kimya-biologiya təmayüllü Respublika liseyi yaradılıb. Qeyd edək ki, Şəmkir istisna olmaqla, digər rayonlarda ötən ildən müvafiq istiqamətlər üzrə lisey sinifləri fəaliyyət göstərirdi. Bununla da istedadlı uşaqlar üçün keyfiyyətli təhsil, sadəcə Bakıda deyil, bütün ölkə ərazisində əlçatan olub. Təhsil Nazirliyinin  Təhsilin inkişafı proqramları şöbəsinin Layihələrlə iş sektorunun müdiri Xamis Seyranov “Azərbaycan müəllimi” qəzetinə bu zərurəti belə izah edib: “Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin indiyədək, sadəcə Bakıda fəaliyyət göstərdiyini nəzərə alsaq, ölkəmizin ayrı-ayrı regionlarından olan xüsusi istedadlı uşaqların potensial imkanlarının üzə çıxarılmasında,  onların inkişafının təmin edilməsində müəyyən problemlər yaranırdı. Respublika fənn olimpiadalarında və müsabiqələrdə yüksək nəticə göstərərək diqqəti cəlb edən şagirdlərin xüsusi proqram əsasında tədrisə cəlb edilməsinin yeni yolları axtarılırdı. Əsas məsələlərdən biri bu idi ki, ölkə üzrə bacarıqlı uşaqların heç də hamısının Bakı şəhərində fəaliyyət göstərən liseylərə qəbul olunmaları mümkün olmur. Bu səbəbdən bölgələrdə də uşaq və gənclərin potensial imkanlarının aşkar və inkişaf  etdirilməsi, onların  səmərəli təhsil almalarına lazımi şəraitin yaradılması üçün ciddi zərurət vardı. Odur ki, Bakıda fəaliyyət göstərən və uğur qazanan 2 liseyin  - Fizika, riyaziyyat və informatika və Kimya-biologiya təmayüllü liseylərin uzun illər formalaşmış ənənələrinin regionlarda da davam etdirilməsinə qərar verilib.

 

Məhz bu zərurət nəzərə alınaraq 2019-2020-ci tədris ilindən başlayaraq Gəncə, Şirvan, Şəki və Qubada Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin və Kimya-biologiya təmayüllü Respublika liseyinin lisey sinifləri təşkil edildi. Burada 31 sinif komplektində 400-dən artıq şagirdin xüsusi siniflərdə təhsil alması təmin edilmişdi. Ümumilikdə hesab edirik ki, regionlarda  liseylərin yaradılması ölkənin bütün ərazisi üzrə istedadlı uşaqların aşkara çıxarılmasını, onların daha keyfiyyətli təhsilə cəlb edilməsini təmin edəcək. Bu addımın şagirdlərimizin mövcud potensiallarının artırılması və inkişaf etdirilməsində əvəzsiz rol oynayacağına inanırıq”.

 

Elə bu inamla da istedadlı uşaqlar üçün ötən il yaradılan xüsusi siniflər qısa zamanda xüsusi təhsil müəssisələrinə çevrilib. Yeni təhsil müəssisələrinin fəaliyyət göstərəcəyi binalar müəyyən edilib, bazasının formalaşdırılmasına başlanılıb. Sentyabrda həmin lisey siniflərinin bazasında fəaliyyətə başlayacaq yeni təhsil müəssisələrinin növbəti mərhələdə pedaqoji heyəti və şagirdlərini müəyyən etmək üçün müsabiqələr təşkil olunacaq.

 

Xüsusi inkişaf proqramına əsaslanan təhsil

 

Beləliklə, yeni liseylərin tədris proqramları və metodları Bakı şəhərində mövcud olan liseylərə uyğun olaraq həyata keçiriləcək. X.Seyranov Təhsil Nazirliyinin birbaşa tabeliyində uzun illər Bakıda fəaliyyət göstərən  Fizika, riyaziyyat və informatika təmayüllü və Kimya-biologiya təmayüllü liseylərdə tətbiq edilən tədris proqramları və metodlarına diqqət  çəkib.  Deyib ki, mövcud lisey, gimnaziya və bu tipli təhsil müəssisələrində həm təhsilin məzmunu müasir tələblərə uyğunlaşdırılır, həm də yeni tədris proqramları hazırlanaraq tətbiq edilir. Bu da öz növbəsində nəticəyə birbaşa təsir göstərir: “Xüsusi inkişaf proqramının hazırlanması, həmin proqramın tətbiq edilməsi strateji hədəf kimi müəyyən edilib. Həmin strateji hədəflərə nail olunması istiqamətində ölkədə bir neçə  dərinləşdirilmiş təmayül əsasında tədrisin həyata keçirildiyi liseylər fəaliyyət göstərir. Bildiyiniz kimi, indiyədək istedadlı şagirdlərin üzə çıxarılması, onların potensialının inkişaf etdirilməsi məqsədi ilə  ümumilikdə  ölkə üzrə şagirdlərin həmin liseylərə cəlb edilməsi ilə daha dərinləşdirilmiş tədris həyata keçirilib. Eyni zamanda istedadlı şagirdlərin aşkara çıxarılması da respublikada keçirilən fənn olimpiadaları və müsabiqələr vasitəsi ilə mümkün olub. Həmin liseylərdə tədris istedadlı şagirdlərin potensialının inkişaf etdirilməsi məqsədinə xidmət etdiyindən burada tədris özünəməxsus fəaliyyət planı, strategiyası, dərinləşdirilmiş proqramlar və tədris metodları ilə həyata keçirilib. Bu müddət ərzində həmin təhsil müəssisələrinin şagirdlərinin ali məktəblərə qəbul imtahanlarında və başqa müsabiqələrdə fəal iştirakı və daha yüksək nəticələr əldə etmələri xüsusi nəzərə çarpıb”.

 

Yeni liseylərə qəbul başlayır

 

Beləliklə, regionlarda yeni yaradılan liseylər  növbəti tədris ilindən başlayaraq dərinləşdirilmiş təmayül əsasında tədris həyata keçirəcək. Şəmkir istisna olmaqla, digər 4 rayonda yaradılan liseylərin ilk şagirdləri, yəni ötən il müvafiq istiqamətlər üzrə lisey siniflərində təhsil alan 400 nəfərdən artıq şagird səbirsizliklə yeni təhsil müəssisələrinin qapılarının üzlərinə açılacağı günü gözləyir. Ancaq yeni təhsil müəssisələrinin yeni şagirdləri də olacaq. X.Seyranovun sözlərinə görə, həmin təhsil müəssisələrində oxumaq istəyən 6-9-cu sinif şagirdləri keçiriləcək müsabiqəyə hazırlaşmağa başlaya bilərlər: “Yeni liseylərə şagirdlərin qəbulu VI sinifdən aparılır. Bu il 6, 7, 8 və 9-cu siniflərə qəbul elan ediləcək. Avqust ayında keçirilməsi planlaşdırılan qəbul Təhsil Nazirliyi tərəfindən elan ediləcək müsabiqə əsasında həyata keçiriləcək. Bununla bağlı qəbul elanları veriləcək və ictimaiyyət ətraflı şəkildə məlumatlandırılacaq”.

 

Şagirdlərin qəbulu zamanı liseylərin yerləşdiyi regionların, yəni liseylərin mövcud olduğu rayonlarla yanaşı, ətraf rayon və şəhərlərdən olan şagirdlərə də üstünlük veriləcək. Şagird qəbulu aparılan tədris ilindən əvvəlki 2 il ərzində Təhsil Nazirliyi tərəfindən aparılan müsabiqələrdə yüksək nəticə göstərən şagirdlərin yeni liseylərə  müsabiqədənkənar qəbulu nəzərdə tutulub.

 

Test şəklində olacaq qəbul imtahanlarına Azərbaycan dili və riyaziyyat fənləri üzrə tapşırıqlar,  qeyri-standart düşünmə bacarıqlarını yoxlayan suallar, məntiqi tapşırıqlar salınacaq. Eyni zamanda IX siniflərə qəbul zamanı, əlavə olaraq, şagirdlərin fizika və kimya fənləri üzrə bilikləri də yoxlanılacaq. Liseylərdə  yalnız Azərbaycan dili üzrə tədris nəzərdə tutulub. X.Seyranov hazırda digər dildə tədrisin aparılması planlaşdırılmasa da, gələcəkdə bunun da mümkün olacağını istisna etməyib.

 

Müsabiqə hər hansı planın doldurulması üzrə həyata keçirilməyəcək

 

Ötən tədris ilində formalaşdırılan 4 xüsusi sinif komplektində  400-dən artıq şagird təhsilə cəlb edilmişdi. Maraqlıdır, növbəti tədris ili üçün sözügedən regionlardan nə qədər istedadlı şagirdin xüsusi proqram əsasında təhsilə cəlb ediləcəyi gözlənilir? X.Seyranov hesab edir ki, bunu öncədən planlaşdırmaq, ya da hər hansı məhdudiyyət qoymaq doğru deyil.  Çünki əsas məsələ sayından asılı olmayaraq, istedadlı şagirdləri seçib, onlara keyfiyyətli təhsil verməkdir: “Müsabiqə hər hansı planın doldurulması üzrə həyata keçirilməyəcək. Əksinə, tələblərə cavab verəcək nə qədər istedadlı uşaq varsa, onların hamısının təmayül proqramları üzrə tədrisə cəlb edilməsi nəzərdə tutulur”.

 

Yeni liseylərdə ən yüksək bal toplayan peşəkar müəllimlər dərs deyəcək

 

Yeni yaradılan liseylərdə tədrisi həyata keçirəcək pedaqoji heyətin seçilməsi zamanı ilk növbədə Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin və diaqnostik qiymətləndirmələrin nəticələrinə əsaslanılacaq. X.Seyranovun sözlərinə görə, yeni liseylərin müəllimləri yüksək bal toplamış müəllimlər  sırasından müsabiqə əsasında seçiləcək: “Regionlar üzrə seçim həyata keçiriləcək. Təmayül istiqamətlərindən asılı olaraq, müvafiq şəhər və rayonlarda işləyən təcrübəli müəllimlər müsabiqə yolu ilə seçiləcək. Müəllimləri Təhsil Nazirliyinin müəyyən etdiyi komissiya şəffaf, bərabər, ədalətli seçim prosesi əsasında seçəcək. Seçim zamanı komissiya üzvləri müəllimin təcrübəsi, təmayül istiqamətləri üzrə biliyi, müvafiq qiymətləndirmələrdəki nəticələri ilə yanaşı, təmayül siniflərində dərinləşdirilmiş proqramlarla işləyə bilmək üçün məntiqi təfəkkürünü, dünyagörüşünü də qiymətləndirəcək”.

 

Yeni liseylər təhsilimizə yenilik gətirəcək

 

Azərbaycanda ilk liseyin yaradılmasından 30 ilə yaxın vaxt keçir. Bu müddət ərzində verdiyi təhsil liseyləri fərqləndirib. İstedadlı şagirdlərə xüsusi proqram əsasında verdiyi təhsil həmin müəssisələrin nəticələrini yüksəltdiyi kimi, nüfuzunu da ildən-ilə artırıb. İndi onların siyahısına daha 5 məktəb əlavə olunur. Üstəlik, yeni beşlik lisey təcrübəsini ölkəmizin dörd bir yanına yayacaq. Təhsildə daha böyük nailiyyətlər qazanmaq üçün daha heç kimin kitabını qoluna vurub el-el dolaşmasına gərək qalmayacaq. Şübhəsiz, istedadlı Azərbaycan məktəblisi təhsildə qazandığı bu yeni imkanı mütləq dəyərləndirəcək!

 

Ruhiyyə DAŞSALAHLI