Azərbaycan Texniki Universitetinin (AzTU) gənc müəllimi İlqar Abbasov Almaniyanın nüfuzlu DAAD (Alman Akademik Mübadilə Xidmətinin) ”3+1 illik“ (3 maksimum 4 illik) təqaüdünü qazanıb.
Universitetdən verilən məlumata görə, AzTU-nun müəllimi təqaüd proqramı çərçivəsində Almaniyanın Brandenburq Texniki Universitetinin İnformatika və Mühəndislik İnstitutunda “Rəqəmli proqramla idarə olunan torna dəzgahlarında elektrik enerjisi istehlakının azaldılması” mövzusu üzrə doktorantura təhsili alacaq.
İ. Abbasov maşın mühəndisliyi ixtisası üzrə bu təqaüdü qazanan ilk və yeganə azərbaycanlıdır. Təqaüd proqramı çərçivəsində onun yaşayış və təhsil xərcləri Alman Akademik Mübadilə Xidmətinin maliyyəsi hesabına ödəniləcək.
Qeyd edilib ki, İ.Abbasov AzTU-nu 2011- ci ildə bakalavriat, 2014 cü ildə isə magistratura səviyyəsində fərqlənmə ilə bitirib. 2014- cü ildə Almaniyanın DAAD (Alman Akademik Mübadilə Xidmətinin) “Gənc tədqiqatçılar” təqaüdünü qazanan 4 azərbaycanlıdan biri olub. İki il müddətində Almaniyanın Frayberq Dağ-Mədən Akademiyasının Maşınqayırma, konstruksiya və istehsal sahələri fakultəsində tədqiqatçı kimi çalışıb. 2016-ci ildən AzTU-nun maşınqayırma texnologiyası kafedrasının müəllimidir.