BSU-nun nəşr etdirdiyi kitabın təqdimatı


Mayın 17-də Bakı Slavyan Universitetinin nəşr etdirdiyi “Ümidləri doğruldan universitet” kitabının təqdimatı keçirilib. Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan əsərin təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, ölkəmizdəki diplomatik korpusun nümayəndələri, Milli Məclisin deputatları, ali məktəblərin rektorları iştirak ediblər. Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva ümummilli liderin ölkəmizin müstəqilliyinin bərpası, dövlətçiliyimizin qorunması və ictimai-siyasi sabitliyin bərqərar olması sahəsindəki fəaliyyətindən, Azərbaycanın inkişafı və beynəlxalq münasibətlər sisteminə inteqrasiyasındakı rolundan danışıb. Rektor ulu öndərin müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaratdığını bildirib.

 

N.Əliyeva ümummilli liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən birinin yüksək səviyyəli təhsil yaratmaq olduğunu qeyd edib. Bildirilib ki, bu dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.

 

BSU-nun tarixindən söz açan rektor rəhbərlik etdiyi ali təhsil ocağının ərsəyə gəlməsində, onun müstəqil Azərbaycanın ictimai-siyasi, elmi-mədəni həyatına daxil olmasında ulu öndərin misilsiz xidmətlərindən danışıb. O deyib: “Bu gün BSU Türkiyə, Rusiya, Fransa, Ukrayna, Bolqarıstan, Çexiya, Polşa, Yunanıstan, Belarus, Rumıniya, Monteneqro və digər ölkələrin universitetləri ilə sıx əməkdaşlıq edir. Bu əlaqələr Azərbaycanı slavyan ölkələrinin xalqlarına, gənclərinə yaxından tanıdır. Həmçinin vətənimizin multikultural bir ölkə olaraq nadir tarixi ənənələrini, xalqımızın mütərəqqi keyfiyyətlərini, yüksək amalını, vətənpərvərlik tərbiyəsini, dünya xalqlarına ehtiramını, dünya mədəniyyətinə sonsuz məhəbbətini təqdim etmək imkanı yaradır. Slavyan ölkələrinin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri ilə universitetin əməkdaşlığı bu əlaqələrin daha əyani şəkildə, dostluq və qardaşlıq səviyyəsində etibarlı bir körpü kimi möhkəmlənməsini təmin edir”.

 

Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklərinin aparıldığını bildirən N.Əliyeva Prezident İlham Əliyevin ulu öndərin uzaqgörən siyasi kursunu təmkinlə, əzmlə, ardıcıl şəkildə davam etdirdiyini diqqətə çatdırıb. Rektor Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın da fəaliyyətində başqa mədəniyyətlərə düzgün, səmimi yanaşmanın aydın göründüyünü bildirib. Ulu öndərin ortaya qoyduğu azərbaycançılıq ideologiyasının təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xətti olduğunu deyən N.Əliyeva BSU-nun da bu dahi şəxsiyyətin reallaşan ümidlərinin nümunəsi olduğunu vurğulayıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə bildirib ki, kitabın BSU-da ərsəyə gəlməsi bu ali təhsil ocağının kollektivinin ümummilli liderə böyük ehtiramının göstəricisidir. O deyib: “Hesab edirəm ki, nəşrin adı da təsadüfi seçilməyib. Çünki BSU həqiqətən də fəaliyyətə başladığı andan bu günədək bütün ümidləri doğruldub”.

 

A.Əlizadə innovativ təşəbbüs və yenilikləri özündə əks etdirən elmin uğurlu gələcəyinin təmini nöqteyi-nəzərindən elmlə təhsilin vəhdətinin vacibliyini vurğulayıb. Diqqətə çatdırıb ki, ulu öndər həmişə elm və təhsilin inkişafına diqqət və qayğı göstərib. Hazırda bu strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov “Ümidləri doğruldan universitet” kitabının yüksək məziyyətlərindən danışıb və nəşrin ulu öndərin 95 illiyinə layiqli töhfə olduğunu söyləyib. Nazir müavini BSU-nun yetişdirdiyi bir çox mütəxəssislərin dövlət qurumlarında yüksək vəzifələrdə çalışdıqlarını qeyd edib. O, bu kadrların ölkəmizin inkişafında böyük rolu olduğunu vurğulayıb. Təhsil sistemində aparılan islahatlardan danışan F.Qurbanov bu islahatların artıq öz bəhrəsini verdiyini diqqətə çatdırıb. Bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox gənc xarici ölkələrdə təhsil almaq imkanı əldə edib.

 

BSU-nun fəaliyyətini yüksək dəyərləndirən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov nəfis tərtibata malik bu cür kitabların ali təhsil ocaqlarında ərsəyə gəlməsinin əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, bu kitabın səfirliklər vasitəsilə xarici ölkələrdə yayılması, universitetlərin kitabxanalarına göndərilməsi zəruridir.

 

Təhsil eksperti, professor Şahlar Əsgərov, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov və başqaları ümummilli lider Heydər Əliyevin xalqımızın öz milli varlığını təsdiq etməsində, müstəqil dövlətimizin qurulmasında və güclənməsində, ölkəmizin dünya miqyasında tanınmasında böyük xidmətlərindən danışıb, dahi şəxsiyyətin həmişə elm və təhsilə xüsusi diqqət və qayğı göstərdiyini bildiriblər. “Ümidləri doğruldan universitet” kitabı ilə bağlı fikirlərini bölüşən natiqlər diqqətə çatdırıblar ki, ulu öndərin nəşrdə yer alan kəlamları əsəri daha da oxunaqlı edir.

 

Tədbir bədii hissə ilə davam edib.

 

İbrahim QULİYEV