Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan abituriyentlər üçün teledərslər “Virtual məktəb” portalına əlavə olunur.
Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həlli üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığının inkişafına xidmət edən bu dərslər abituriyentlərə imtahana daha yaxşı hazırlaşmağa imkan verəcək.
Canlı olaraq dərsləri izləyə bilməyən və yaxud mövzunu təkrar etmək istəyən X-XI sinif şagirdləri “Virtual məktəb”də dərsləri yenidən izləmək imkanı əldə edəcəklər. Bunun üçün “Teams > General” bölməsində müvafiq olaraq “Abituriyentlər” altbölməsinə daxil olmaq lazımdır.
Qeyd edək ki, hər gün təhsil imkanları genişləndirilən “Virtual məktəb”də yerli və beynəlxalq səviyyəli yeni interaktiv alətlər, tədris məzmunlu resurslar əlavə olunur. Portalda video və audio dərslər keçirilir, teledərslər izlənilir, həmçinin Təhsil Nazirliyinin elektron tədris resurslarından istifadə edilir. Yaradılmış xüsusi qruplarda məktəb rəhbərliyi və müəllimlərlə birgə pedaqoji şuralar, valideynlərlə iclaslar keçirilir, şagirdlər tərəfindən həftəlik tapşırıqlar həll edilir, müəllim, şagird və valideynlər üçün onlayn seminar və kurslar təşkil edilir.