Sağlam rəqabət nəticəsində şagirdlər biliklərini sınağa çəkdilər


Aprel ayının 15-dən etibarən “Virtual məktəb” portalında keçirilən  “Virtual əlaçı” bilik yarışması şagirdlərin böyük marağına səbəb oldu. Yarışmanın keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq idi. Hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir və siniflər üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab verən ilk 10 şagird qalib elan olunurdu. Diqqətə çatdıraq ki, portala hər həftə həm Azərbaycan, həm də rus bölməsi üzrə yeni testlər əlavə edilirdi.

 

“Elə bölgələr var ki, həmin bölgələrdən olan şagirdlər yarışmada daha aktiv iştirak edib”

 

Qeyd edək ki, VIII həftə keçirilən yarışmada ümumilikdə 160 şagird həftələr üzrə qalib elan olunub. Ölkə üzrə müxtəlif bölgələrdən şagirdlər yarışmada daha aktiv iştirak ediblər. Məsələn, qaliblər arasında 6 nəfər Gəncə şəhəri, 5 nəfər Mingəçevir şəhəri, 5 nəfər Lənkəran rayonu, 4 nəfər Qusar rayonu, 4 nəfər Masallı rayonu, 4 nəfər Ağstafa rayonu və 3 nəfər Şuşa rayonundan yarışmaya qoşulmuş və uğur qazanımışlar. Bununla yanaşı, yarışmada Ağdam, Cəlilabad, Laçın, Sumqayıt, Astara, Neftçala, Şəki, Qax, Kürdəmir, Bərdə, Cəlilabad, Göyçay, Şabran, Oğuz, Quba, Qubadlı, Şabran, Tovuz, Siyəzən, Ucar, Xaçmaz kimi bölgələrdən də qaliblər vardır.

 

“Yarışmada 3-4 dəfə qalib olan şagirdlər də var”

 

Qusar rayonu 2 nömrəli orta məktəbin 11-ci sinif şagirdi - Səidə Verdiyeva yarışmada 4 dəfə qalib olub. Bundan başqa, Mingəçevir məktəblisi Rüstəm Mədətzadə 3 dəfə, Neftçala məktəblisi Fidan Zeynallı 2 dəfə, Bakı məktəblisi Validə Ağayeva 2 dəfə, Masallı məktəblisi İlqarə Şahbazzadə də 2 dəfə yarışmada qalib olanlardandır.

 

“Virtual əlaçı” yarışmasında evdə təhsil alan şagirdlər də iştirak edib. Portalda onlar üçün də test nümunələri hazırlanıb. Yarışmanın nəticələrinə görə Bakı şəhəri 219 nömrəli məktəbdə təhsil alan 6-cı sinif şagirdi Aslan Rəhimov I yarışmada virtual əlaçı seçilib. 

 

“Virtual əlaçı” yarışmasında iştirak edən şagirdlərin yarışma ilə bağlı təəssüratlarını öyrənmək məqsədilə onlarla əlaqə saxladıq.

 

“Əlaçı olmağı qarşıma məqsəd qoydum və buna nail oldum”

 

Yarışmada iki dəfə qalib olmuş Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Rüstəm Mədətzadə bizimlə söhbətində bildirdi ki, yarışma onda xüsusi bir maraq oyadıb. O, Təhsil Nazirliyi tərəfindən yaradılan “Virtual məktəb” layihəsinin bu çətin dövrdə onların təhsildən geri qalmamasına böyük yardımçı olduğunu da sözlərinə əlavə edib:  “Koronavirus pandemiyasının dünyanı bürüdüyü bir vaxtda Təhsil Nazirliyi biz şagirdlərin təhsildən geri qalmaması üçün məsafədən tədris imkanlarını genişləndirmək məqsədi ilə “Virtual məktəb” layihəsini təqdim etdi. Bununla da biz şagirdlər bu layihəyə qoşularaq təhsilimizi davam etdirdik. Öz müəllimlərimlə yanaşı, bu layihədəki digər müəllimlərin də dərslərini dinlədim, verilən test tapşırıqlarını işlədim. “Virtual əlaçı” yarışmasına qoşuldum. Məktəbdə də əlaçıyam. Burada da əlaçı olmağı qarşıma məqsəd qoydum və buna nail oldum. 3 dəfə “Virtual əlaçı” yarışmasının qalibi oldum. Buna görə mən Təhsil Nazirliyinə, əməyi keçən bütün müəllimlərimə təşəkkür edirəm. Onların sayəsində biz təhsildən geri qalmadıq, virtual təhsilin sayəsində tədris ilini müvəffəqiyyətlə başa vurduq”.

 

“İki dəfə qalib olmağım məndə hədsiz sevinc hissi yaratdı”

 

Masallı rayonu Bədəlan kənd tam orta məktəbinin 9-cu sinif şagirdi İlqarə Şahbazzadə də “Virtual əlaçı” yarışmasının əhəmiyyətindən söz açıb. O, pandemiya dövründə dərslərinə məsuliyyətlə yanaşdığını, bunun nəticəsində də iki dəfə yarışmanın qalibi olduğunu diqqətə çatdırıb: “Bütün fənlərə maraq göstərirəm. Məqsədim layiqli vətəndaş kimi yetişərək xalqıma, vətənimə xidmət göstərməkdir. Bildiyimiz kimi bütün bəşəriyyət ağır bir sınaq qarşısındadır. COVID-19 pandemiyası bizi doğma məktəbimizdən müvəqqəti ayırdı. Lakin təhsildən ayıra bilmədi. Virtual məktəbi bizim üçün əlçatan etdiyi üçün Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm. “Virtual əlaçı” bilik yarışmasında 2 dəfə qalib olmağım məndə hədsiz sevinc və inanılmaz qürur hissi yaratdı. Təhsil naziri Ceyhun Bayramovun virtual əlaçılarla videogörüşdə çıxış etməyim məsuliyyətimi daha da artırdı. Qalibiyyətim üçün müəllimlərimə, valideynlərimə təşəkkürümü bildirirəm. Karantində də əlaçı olmağın sevinci bir ayrıdır”.

 

“Dərslərimə məsuliyyətlə yanaşdığım üçün yarışmada qalib oldum”

 

Bakıdakı Humanitar fənlər təmayüllü məktəb-liseyin 5-ci sinif şagirdi Leyla Rəsul da yarışmada uğur qazananlardandır. O, “Virtual əlaçı” yarışmasında qalib olduğu üçün sevinc hissi keçirdiyini deyir: “Bildiyimiz kimi bütün dünyanı cənginə alan virusa görə məktəblərimiz bağlanmışdır. Şagirdlərin təhsildən geri qalmaması üçün yaradılan “Virtual məktəb” layihəsi bizə dərslərimizi öyrənməyə şərait yaratdı. Müəllimlərimiz bizə bu layihə çərçivəsində keçirilən “Virtual əlaçı” yarışması haqqında məlumat verdi. Mən də özümü bu yarışmada sınamaq qərarına gəldim. Dərslərimə məsuliyyətlə yanaşdığım üçün yarışmada qalib oldum. Mənimlə bərabər bizim məktəbimizdən iştirak edən 6-cı sinif şagirdi Fərid Baloğlanov da qalib oldu. Bütün bunlar göstərir ki, oxuyanda, yaxşı çalışanda hər şeyə nail olmaq olar. Bu çətin günlərdə bizə dəstək olan müəllimlərimizə, valideynlərimizə öz təşəkkürümü bildirmək istəyirəm. Arzu edirəm ki, sentyabrdan biz yenə əvvəlki kimi doğma məktəbimizdə, sinif yoldaşlarımızla birgə dərslərimizə davam edək”.

 

“Bu yarışma şagirdlər qarşısında rəqabəti gücləndirdi”

 

Astara rayonu Pensər kənd 2 nömrəli tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Tərlan Hüseynov da pandemiya dövrünün təhsili ilə bağlı fikirlərini bizimlə bölüşüb: “Koronavirus pandemiyası ilə əlaqədar olaraq respublikamızın ərazisində karantin rejimi elan edildikdən qısa müddət sonra biz şagirdlərin təhsildən geri qalmaması üçün teledərslərə və  “Virtual məktəb” layihəsinə start  verildi.  Mən də həm teledərslərdən,  həm də  “Virtual məktəb” layihəsindən yararlandım və  “Virtual əlaçı”  bilik yarışmasının birinci həftəsinin 11-ci sinif üzrə qalibi oldum. Düşünürəm ki, bu yarışma şagirdlər arasında rəqabəti gücləndirdi. Mən hər həftə yarışmanın cavablarını səbirsizliklə gözləyirdim. Eşidəndə ki, qaliblər arasında mənim də adım var, çox sevindim. Ümumiyyətlə, bir şagird kimi həmişə ölkəmizdə keçirilən müsabiqə və yarışlarda aktiv iştirak edirəm. Bu günlərdə uğurlarımın sırasına daha bir yenisini-bəlkə də ən vacibini əlavə etdim. Belə ki, kimya üzrə respublika fənn olimpiadasının qaliblərindən biri oldum. Şagirdlər üçün yaradılan bu şəraitlərə görə Təhsil Nazirliyinə, dəyərli müəllimlərimizə təşəkkürümü bildirirəm”.

 

Niyazi RƏHİMOV