Bakı təhsili 2019-2020-ci tədris ilində
Ümumi təhsil sahəsində artıq bir neçə ildir ki, müasir dövrün çağırışlarına əsaslanan inkişafı şərtləndirən dəyişikliklər gedir. Dəyişikliyin başında isə Bakı məktəbləridir. Ona görə “başında Bakı məktəbləridir”- deyirik ki, hər bir ilki məhz Bakı məktəblərində axtarmağa alışmışıq. Başa çatan 2019-2020-ci tədris ilində də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində ilk olan, dəyişən, yenilənən və ya sadəcə inkişaf edən çox iş var. Təhsilin keyfiyyətinin yüksəldilməsi, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə çatdırılması və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işləri özündə əks etdirən rəqəmlər növbəti tədris ili üçün böyük ümidlər vəd edir.
Elektron xidmətlərin sayı artır
Pandemiyanın insanlar arasına məsafə qoyması elektron xidmətlərin əhəmiyyətini qat-qat artırıb. Təhsil sistemində tətbiq edilən bir çox elektron xidmətlərin ilk icraçısı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və onun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri olduğunu nəzərə alsaq, bu dövrdə Bakı məktəblilərinin ciddi çətinliklə qarşılaşmamasının səbəbi aydın olur. Məsələn, Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib. Bu tədris ilində məhz bu yolla məktəbini, müəllimini, bir sözlə, oxumağı seçən 25832 azyaşlı məktəbli BŞTİ-nin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupunda həftədə 4 gün məşğələlərə cəlb olunub.
2019-cu ildən etibarən ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi də elektron sistem vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyinin vətəndaşlar üçün təmin etdiyi bu imkandan 2019-2020-ci tədris ili ərzində 23589 şagird yararlanıb.
Elektron xidmət təcrübəsinin ilk tətbiq edildiyi I sinfə qəbul prosesi isə hər il həyata keçirilən müxtəlif yeniliklərlə təkmilləşdirilir. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I siniflərinə qəbul olmaq üçün elektron sistem vasitəsilə 43395 müraciət edilib. Bu il ilk dəfə olaraq 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.
Daha bir ilk. Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilən uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak ediblər. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Məhz valideynin istəyindən asılı olaraq onlayn və ya ənənəvi (canlı) formada müsahibələr təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün növbəti tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.
Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət edən və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib. Valideynlərə ənənəvi (canlı) və ya onlayn müsahibə formalarını seçmək imkanı verilib. Ancaq mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə daha çox onlayn müsahibələrə üstünlük verilməsi tövsiyə edilib.
Xatırladaq ki, onlayn müsahibə prosesi “Microsoft Teams http://teams.microsoft.com/downloads platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib.
Alternativ qeydiyyat mərkəzlərində yeni iş prinsipi
Hazırda da davam edən tibbi-profilaktik vəziyyət sadəcə müsahibələrin təşkilində deyil, elə ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində də nəzərə alınıb. Belə ki, valideynlərin əlavə vaxt itkisinin qarşısını almağa, növbəliliyi aradan qaldırmağa, mövcud vəziyyətlə əlaqədar müvafiq normaları qorumağa xidmət edən yeniliyə əl atılıb. Valideynlərə kömək məqsədilə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Bu dəyişiklikdən sonra özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideyn və ya qanuni nümayəndələrin Alternativ qeydiyyat mərkəzlərinə gəlməsinə ehtiyac qalmır. Elektron qeydiyyatdan keçə bilməyən valideynlər “Whatsapp” nömrələr (+994 55 892-27-51, +994 55 892-95-89, +994 55 892-63-90) vasitəsilə müvafiq məlumatları iş günləri ərzində saat 10:00-dan 16:00-dək işçi qrupa təqdim edə bilərlər. İşçi qrup tərəfindən müvafiq məlumatlar əsasında özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə bu yolla zəruri köməklik göstərilir.
Təhsildə keyfiyyət
Heç kimə sirr deyil ki, təhsil sistemində atılan hər addım keyfiyyətin artırılmasına xidmət edir. Belə addımlardan biri də ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşməsidir. Ötən tədris ilində BŞTİ-nin tabeliyindəki 163 məktəbdə 358 təmayül sinif təşkil olunaraq bu istiqamətdə aparılan işin miqyası genişləndirilib.
Təmayülləşmə Təhsil Nazirliyi ilə BP şirkətinin əməkdaşlığı çərçivəsində də reallaşdırılır. Belə ki, “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində paytaxtın 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər fəaliyyət göstərir.
Peşə təhsilinə cəmiyyətdə ildən-ilə artan tələbat təmayülləşmədə də nəzərə alınıb. BŞTİ-nin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb. 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflər ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin, peşə ixtisasları barədə məlumatlandırılmaqla şagirdlərin əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasına xidmət edəcək.
Paytaxt təhsilinin keyfiyyət göstəriciləri: şagirdlər kimi müəllimlər də qiymətləndirilir
Təhsildə keyfiyyətin artmasına xidmət edən addımların nəticələrinin ölçülməsi onların özü qədər önəmlidir. Ona görə də, bu istiqamətdə mütəmadi təhlillər aparılır. Üstəlik, sadəcə buraxılış sinifləri deyil, ibtidai siniflərdə də qiymətləndirmələrin nəticələri təhlil predmetinə çevrilib. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2019-2020-ci tədris ili üzrə IX sinif şagirdlərinin buraxılış imtahanının I mərhələsi və I Böyük Summativ Qiymətləndirmənin, eləcə də paytaxt məktəblərinin IV siniflərində təhsil alan şagirdlərin 2019-2020-ci tədris ili üçün I Böyük Summativ Qiymətləndirmə nəticələri də təhlil edilib. Şagirdlərin göstərdikləri nəticələr əsasında hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib. BŞTİ-də hesab edirlər ki, tədrisin keyfiyyətinin yaxşılaşdırılması və davamlı inkişafın təmin edilməsinə xidmət edən bu nəticələr baza qiymətləri kimi götürülərək, növbəti illərdə şagirdlərin fərdi inkişaf dinamikasını izləməyə imkan verəcək.
Belə qiymətləndirmələr və onların nəticələrinin təhlili Təhsil Nazirliyi tərəfindən də aparılıb. Paytaxt məktəblərində təhsil alan 58674 nəfər V və IX sinif şagirdi üçün Diaqnostik Qiymətləndirmə keçirilib. Bu qiymətləndirmədə V siniflər üzrə 28830, IX siniflər üzrə 29844 məktəbli iştirak edib. Hər imtahan fənni üzrə şagirdlərin göstərdikləri nəticələr təhlil edilib, hesabatlar hazırlanaraq ümumi təhsil məktəblərinə göndərilib.
Daha bir qiymətləndirmə isə ibtidai sinif müəllimlərinin işinin nəticəsini ölçmək üçün aparılıb. Özü də sadəcə müəllimlərin işinin qiymətləndirilməsi deyil, eləcə də zəif göstəricilərə malik şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılması üçün davamlı tədbirlərin görülməsinə xidmət edən monitorinq keçirilib. Bakı şəhəri üzrə 218 məktəbdən 28830 şagirdin cəlb olunduğu həmin monitorinqlərin nəticələri elə ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birlikdə təhlil edilib.
Söz müəllimdən düşmüşkən qeyd edək ki, BŞTİ-nin tabeliyindəki bütün məktəblərdə təhsil alan 440426 şagirdin təlim-tərbiyəsi ilə 27786 müəllim məşğul olub. Həmin müəllimlərin orta aylıq əmək haqqı 2019-2020-ci tədris ili üçün 688 manat təşkil edib. Bakı məktəblərində yüksək əmək haqqı və stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, hər il minlərlə namizəd məhz həmin təhsil müəssisələrində çalışmaq üçün müəllimlərin işə qəbulu üzrə müsabiqəyə baş vurur. Təkcə ötən il Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqə və müsahibələr nəticəsində 993 nəfər daimi əsaslarla, 1273 nəfər müddətli müqavilə ilə işə qəbul edilib. Müddətli müqavilə 1004 nəfər çalışmanın yaş həddinə çatmış müəllimlə də bağlanılıb. Amma belə görünür ki, Bakı məktəblərində mindən artıq müəllimə hələ də ehtiyac duyulur. Belə ki, Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2019-2020-ci dərs ili üçün 1442 vakansiya təqdim olunub.
Stimullaşdırıcı tədbirlərə gəlincə, 2019-2020-ci tədris ilində Bakıda 288 təhsil işçisi təltif edilib. Ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan 8 müəllim “Tərəqqi” medalı ilə təltif edilib, 14 müəllimə “Əməkdar müəllim” fəxri adı verilib. Gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 16 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 20 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı” ilə təltif olunub. İl ərzində 364 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.
2019-2020-ci tədris ili ərzində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 18 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Vəzifəyə çəkilənlər arasında etimadı doğruldanlar da olub, əksinə doğrultmayanlar da. Özünü doğrultmayan 4 direktorla bağlanmış əmək müqaviləsi ləğv edilib. 2 xüsusi təhsil məktəbinin fəaliyyəti dayandırılıb.
Müəllimlərin və məktəbin fəaliyyəti, sadəcə tədris prosesinin təşkili ilə ölçülmür. Onların müxtəlif mövzuları əhatə edən fikir və ideyaları Təhsil Nazirliyi tərəfindən dəstəklənir. Məsələn, paytaxt üzrə 36 layihə Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsində qalib olub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrindən 39, 58, 84, 129, 145, 150, 155, 177, 212, 214, 216, 232 nömrəli tam orta məktəblərə və 147 nömrəli Texniki-Humanitar Liseyə məxsus layihələr ümumi təhsil müəssisələri kateqoriyası üzrə qaliblər sırasında yer alıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlər tərəfindən 23 layihə isə fərdi kateqoriya üzrə qalib gəlib. Bakı məktəbləri və bu tədris ocaqlarında çalışan müəllimlər hazırda qeydiyyatı yekunlaşan IV qrant müsabiqəsinə də qoşulub.
“Təhsildə keyfiyyət müəllimdən başlayır” prinsipinə sadiq qalan BŞTİ müəllimlərin mütəmadi olaraq təkmilləşmə tədbirlərinə cəlb olunmasını təmin edir. Məsələn, ümumi təhsil müəssisələrinin müəllimləri üçün innovasiyalar və yeni texnologiyaların tədrisdə tətbiqi üzrə stajkeçmə xidməti keçirilib. Stajkeçmə xidmətinə BŞTİ-nin tabeliyindəki 36 ümumi təhsil müəssisəsindən 536 müəllim qatılıb.
Başqa bir nümunə. İctimaiyyətə də məlum olduğu kimi, BŞTİ və Britaniya Şurasının (British Council) birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyəti çərçivəsində Britaniya Şurası (British Council) təlimçilərinin moderatorluğu ilə 4 günlük Müəllimlərin Fəaliyyət Qrupları (“Teacher Activity Groups”) və 2 günlük Debat, Əlaqə, Dialoq (“Debate, Negotitation, Dialogue”) mövzularında təkmilləşdirmə təlimləri keçirilib.
Ümumiyyətlə, Britaniya Şurası (British Council) ilə birgə uğurlu layihələr mütəmadi olaraq keçirilir. Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Uğur üçün tədris” layihəsinə 2019-2020-ci tədris ilində Bakı şəhəri üzrə 74 ümumi təhsil məktəbi cəlb olunub. Layihə çərçivəsində 370 ingilis dili müəllimi üçün “Dil təkmilləşdirmə” təlimləri keçirilib.
Bakı məktəblərindən başlayan layihələr
Təhsil Nazirliyinin uğurlu layihələri bir neçə istiqamət ilə məhdudlaşmır. İcrasından qısa müddət sonra nüfuz qazanan və ildən-ilə əhatə dairəsini genişləndirən maraqlı layihələr çoxdur. Elə götürək Bakı şəhərində əhatə etdiyi məktəblərin sayı artıq 64-ə çatan “Məktəblinin dostu” layihəsini. 58-i BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisəsi, 2 gimnaziya, 2 internat, 2 idman məktəbində 300 əməkdaşla fəaliyyət göstərən “Məktəblinin dostu” həm də şagirdlərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə həyata keçirdikləri maraqlı tədbirləri ilə də məşhurdur. “Məktəblinin dostu” hazırkı vəziyyətlə əlaqədar bir sıra məktəblilərarası yarışların onlayn təşkilinə nail olmaqla bu missiyasını fəal şəkildə davam etdirir.
Paytaxtın 75 ümumi təhsil məktəbi isə Təhsil Nazirliyi ilə Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində 205 informatika müəlliminin iştirakı ilə “İnformatika müəllimlərinin metodiki biliklərinin və texniki bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda 36 akademik saatlıq ixtisasartırma təlimi keçirilib.
Məktəbin məqsədi, sadəcə mənəvi cəhətdən sağlam insanlar yetişdirmək deyil, gələcək nəslin fiziki sağlamlığını da qorumaqdır. Odur ki, paytaxtdakı ümumi təhsil müəssisələrində bu məqsədə xidmət edən “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində “Sağlam təhsil” siniflərinin sayı 170-ə çatdırılıb. Ötən tədris ilində 20 məktəbdə 26 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.
Təhsilin keyfiyyəti qədər əlçatanlığı da önəmlidir. Məktəb yaşlı şəxsin təhsil almasına heç bir səbəb, o cümlədən sağlamlığının yaratdığı hər hansı məhdudiyyət mane ola bilməz. Bu məqsədlə ilk addımlar da məhz Bakı məktəblərində atılıb. Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.
Ötən dərs ilinin ən uğurlu, ən çox səs gətirən layihəsi isə STEAM olub. Təhsil Nazirliyinin “Ümumtəhsil məktəblərində STEAM layihəsinin tətbiq edilməsi” barədə əmrinə əsasən, 32 ümumi təhsil məktəbində layihənin tətbiqinə başlanılıb. Həmçinin layihə çərçivəsində müəllimlər üçün təkmilləşdirmə təlimləri keçirilib.
Şagirdlərdə ətraf mühitə doğru yanaşma formalaşdıran, onlarda təbiətə sevgi aşılayan daha bir layihə “Eko-təqdimatlar” olub. Bu layihə çərçivəsində BŞTİ-nin tabeliyindəki 20 ümumi təhsil məktəbində şagirdlər müxtəlif ekoloji mövzularda təqdimatlar hazırlayıblar.
Paytaxtın ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” layihəsi valideyn-məktəb əlaqələrinin möhkəmlənməsində müstəsna əhəmiyyətə malikdir. Ötən il ərzində bu layihə sayəsində valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.
Ötən dərs ilində BŞTİ tərəfindən “Könüllülər ili” ilə bağlı yeni layihə elan olunub. “Könüllülükdən peşəkarlığa” adlanan layihə tələbə və məzun gənclərə bilik və bacarıqlarını artırmaq, təhsil sahəsində təcrübə toplamaq imkanı verir. Layihənin gənclərdə kollektivlə işləmək bacarıqlarını inkişaf etdirəcəyi, öz ixtisaslarına uyğun kadr kimi formalaşmaq istəyən şəxslərə uğurlu karyera qurmaq imkanı yaradacağı, onların elmi fəaliyyət və keyfiyyət göstəricilərini yüksəldəcəyi, peşəkar kimi formalaşmasına dəstək verəcəyi düşünülür.
Müsabiqələr və olimpiadalar
Müsabiqələr şagirdlərin ayrı-ayrı bacarıqlarını inkişaf etdirir, onlarda mübarizə əzmi, rəqabət qabiliyyəti formalaşdırır. Odur ki, Bakı məktəbliləri tez-tez müxtəlif müsabiqələrə, olimpiadalara, bilik yarışlarına cəlb edilir.
Ölkəmizin ən nüfuzlu bilik yarışlarından olan Respublika Fənn Olimpiadalarında da ən çox mükafatlandırılanlar onlardır. IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Respublika Fənn Olimpiadalarının şəhər mərhələsində 7000-ə yaxın, yarımfinal turunda isə 1810 Bakı məktəblisi iştirak edib. Olimpiadanın final mərhələsinin nəticələri ən qısa zamanda elan ediləcək.
Şagirdlərin tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək, gələcəkdə “Kiçik Akademiya”larda, intellektual klublarda təmsil olunmalarını təmin etmək, məruzə ilə çıxış etmək vərdişlərinin formalaşdırılmasına əlverişli şərait yaratmaq məqsədi ilə “Kiçik tədqiqatçılar” müsabiqəsi paytaxt məktəblərinin II-IV sinif şagirdləri arasında keçirilir.
Həmçinin paytaxt məktəblərinin “Kiçik Akademiya” üzvü olan VIII-X sinif şagirdləri arasında tədqiqatçılıq müsabiqəsi təşkil olunub.
Haşiyə çıxaraq qeyd edək ki, hazırda BŞTİ-nin tabeliyindəki 285 ümumi təhsil məktəbində “Kiçik Akademiya” fəaliyyət göstərir. 22 məktəbdə isə “Kiçik Akademiya” yaradılması üçün hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, ulu öndərin həyatı, fəaliyyəti Bakı məktəbliləri üçün maraqlı mövzulardandır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsinin ölkə məktəbliləri arasında böyük nüfuzu var. BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib, məktəblilərin əl işlərindən ibarət virtual sərgi təşkil edilib.
Bakı məktəbliləri arasında “Ədəbiyyat biliciləri” də az deyil. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 7 şagird iştirak edəcək.
Ədəbiyyatı sevən məktəblilər üçün böyük şair İmadəddin Nəsimi də ən çox müraciət edilən mövzu olub. BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Nəsimi ili” çərçivəsində keçirilən silsilə tədbirlər, ədəbi-bədii gecələr, müsabiqələr, disput, “dəyirmi masa” və konfranslar məktəblilərin Nəsimi ilə bağlı nəinki biliyini artırıb, yaradıcı qabiliyyətlərini də inkişaf etdirib. Paytaxtın ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Azərbaycan ədəbiyyatında İmadəddin Nəsimi irsi” adlı təqdimat müsabiqəsində 247 məktəbdən 741 şagird 10 tədqiqat mövzusu üzrə təqdimatlarını nümayiş etdirib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 17 şagirdi isə “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibi olub. Müsabiqədə ümumilikdə 54 layihə qalib seçilib. Qalib layihələrdən 38-i Bakını əhatə edib. Paytaxt məktəblilərindən 2-si I yerə, 7-si II yerə, 8-i isə III yerə layiq görülüb. “Sabahın alimləri” IX Respublika müsabiqəsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 7 nömrəli tam orta məktəbin şagirdləri Emil Rüstəmli və Ağabagir Əliyev, 175 nömrəli tam orta məktəbin şagirdi Nigar Alşanova ABŞ-ın Finiks şəhərində keçiriləcək Intel ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində Azərbaycanı təmsil etmək hüququ qazanıblar.
Bakı məktəblilərinin beynəlxalq arenada artıq qazanılmış uğurları da çoxdur. Virtual şəkildə təşkil olunan IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) qazandığımız 3 medalın sahibi məhz Bakı məktəbliləridir. Sözügedən elm yarışında ölkəmizi təmsil edən Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Zəhra Bayramlı, Humanitar fənlər təmayüllü məktəb-liseyin X sinif şagirdi Aysun Bayramlı və Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva uğurla çıxış edərək bürünc medal əldə ediblər.
Paytaxt məktəblisi Aydın Süleymanlı isə beynəlxalq şahmat festivalının qalibi olub. Belə ki, 249 nömrəli tam orta məktəbin şagirdi olan şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6.5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.
177 nömrəli tam orta məktəbin şagirdi Leyla Məmmədzadə və 16 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Əli Bağırov Sankt-Peterburq şəhərində keçirilən “Özündə alimi kəşf et” VI Ümumrusiya elmi-innovasiya konfransında uğurla iştirak edərək III dərəcəli diploma layiq görülüblər.
Paytaxtın ümumi təhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Gəlin tanış olaq!” müsabiqəsi VIII-X sinif şagirdlərini əhatə edib. Müsabiqə çərçivəsində məktəblilər yaşadıqları ərazinin maddi-mənəvi irsi, dəyərləri, etnoqrafiyası, tarixi, mədəniyyət abidələri, elm xadimləri, görkəmli şəxsləri barədə araşdırma aparıb və videoçarxlar hazırlayıblar.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi də uğurlu olub. Paytaxtın hər bir inzibati rayonu üzrə qalib gələn məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Paytaxt məktəblərinin tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçı) və ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslərə təlimlər keçirilib.
Eksternat imtahanlarının qazananları
Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər az deyil. Bu il onlar üçün keçirilən eksternat qaydasında imtahanlarda şagirdlərin hazırda təhsil aldıqları sinfin II, növbəti sinfin I yarımili üzrə fənn proqramlarını mənimsəmə səviyyələri, psixoloji dayanıqlıqları, yaradıcı potensialları, ümumi dünyagörüşü səviyyələri yoxlanılıb və ibtidai təhsil səviyyəsi üzrə üç şagird müvəffəqiyyət qazanıb.
Eksternat imtahanları həm də əvvəlki illərdə təhsilini başa vura bilməyənlər üçün təşkil edilib. Müxtəlif səbəblərdən əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün 2019-2020-ci tədris ilində təşkil edilən eksternat imtahanlarında ümumilikdə 752 nəfər iştirak edib. Onlardan 457 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.
İdmançı, yaradıcı Bakı məktəbliləri
Bakı məktəbləri məktəbdənkənar fəaliyyətdə də adına böyük uğurlar yazdırıb. Məsələn, paytaxt məktəbliləri idmanın müxtəlif növləri üzrə beynəlxalq və respublika yarışlarında 365 qızıl, 308 gümüş, 320 bürünc olmaqla ümumilikdə, 993 medal əldə edib, “Olimpiya Hərəkatı” layihəsi çərçivəsində Bakı şəhər birinciliyində badminton, velosiped, həndbol idman növləri üzrə yarışaraq I, II, III yerlərə layiq görülüblər.
Paytaxt məktəblərinin müəllimləri də biləyinin gücünə görə şagirdlərindən geri qalmayıb. Bakı şəhəri 306 nömrəli tam orta məktəbin idman müəllimi Sübhan Hümbətov İtaliyada Hapkido döyüş növü üzrə keçirilən dünya çempionatında 75 kiloqram çəki dərəcəsində I yerə çıxaraq dünya çempionu olub.
20-dən çox ölkənin qatıldığı “Nevada nağıllar” adlı xoreoqrafik festivalda 5 nömrəli UGİM-in “Uşaq xalq rəqsləri” dərnəyinin üzvləri uğurlu çıxışlarına görə I, II, III yerlərə layiq görülüblər.
Bir sözlə, paytaxt məktəbləri dərsdə də, dərsdənkənar fəaliyyətdə də ön cərgələrdədir.
Məktəb binaları təhsildə keyfiyyətə nail olmağa imkan verir
2019-2020-ci tədris ilində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 5 məktəbdə əsaslı təmir işləri aparılıb. 2 məktəbin köhnə binasının sökülərək tikintisi, 1 məktəbin isə bütövlükdə sökülərək yenidən tikintisi tamamlanıb. Zəruri olan ərazidə 1 yeni məktəbin tikintisi tamamlanaraq istifadəyə verilib.
2 məktəbin bütövlükdə, 2 məktəbin isə köhnə korpuslarının sökülərək yenidən tikintisi davam edir. 1 məktəb üçün əlavə korpusun tikintisi aparılır. Həmçinin ehtiyac olan ərazilərdə 7 yeni məktəbin tikintisinə başlanılıb. İl ərzində 109 təhsil müəssisəsində təmir və mühəndis-kommunikasiya işləri aparılıb.
Pandemiya şəraitində məktəb
2019-2020-ci tədris ilinə bütün ölkə olduğu kimi, Bakı məktəbləri də yeni növ koronavirus infeksiyasının səbəb olduğu pandemiya şəraitində yekun vurub. Ancaq bu vəziyyət Bakı məktəblərini nəinki axsatmayıb, əksinə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 309 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, 317 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzinin hər biri vəziyyətdən özünəməxsus yollarla çıxaraq inkişafın yeni mərhələsinə qədəm qoyub.
Beləliklə, tədris ilini 45573 I sinif, 30888 nəfər IX sinif, 19612 nəfər XI sinif, 124 nəfər isə XII sinif (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) şagirdi olaraq bitirib. Koronavirus pandemiyası dövründə məktəblərdə fasilə yaransa da, müəllim-şagird ünsiyyəti davam edib və müəllimlər tərəfindən onlayn dərslər keçirilib. “Virtual məktəb” layihəsi üzrə paytaxtda 340000-dən çox istifadəçi qeydiyyatdan keçib.
Təhsil Nazirliyi tərəfindən şagird, valideyn və ümumilikdə bütün vətəndaşlara psixoloji xidmət üçün yaradılmış 146-3 “Qaynar xətt” xidmətində BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzinin və ümumi təhsil məktəblərinin psixoloqları səmərəli fəaliyyət göstəriblər.
BŞTİ “Aprel döyüşləri”ndə şəhid olmuş qəhrəman əsgərlərin xatirəsinə həsr edilən “Böyük zəfərin başlanğıcı!” mövzusunda rəsm, 28 may - Respublika Gününə həsr edilən VII-XI sinif şagirdləri arasında videotəqdimat, “Sevimli nəğmələr” uşaq mahnı və “Oxu və əylən!” müsabiqələrini onlayn təşkil edib. 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Uşaqlar gələcəyimizdir” adlı onlayn tədbirə isə məktəbli uşaqlarla yanaşı, Təhsil naziri Ceyhun Bayramov və BŞTİ-nin müdiri Rəşad Tağıyev də qoşulub.
Xüsusi karantin rejimi dövründə paytaxtdakı ümumi təhsil müəssisələrinin kollektivləri sosial yardımlaşma təşəbbüslərinə qoşularaq çoxsaylı xeyriyyə aksiyaları keçirib, məktəbliləri isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar #evdəqal aksiyasında fəallıq göstərib, fərqli təşəbbüslərlə çıxış ediblər.
Ruhiyyə DAŞSALAHLI